“Gül bayramı” üçün 16 ton gül

Azərbaycan paytaxtında keçirilən “Gül bayramı” tədbirlərində istifadə olunan güllərin sayı milyonları keçib. APA-nın xəbərinə görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan 16 ton müxtəlif növ gül gətirilib.

H.Abutalıbov deyib ki, Heydər Əliyevin güllərdən hazırlanmış portretinə xüsusi diqqətlə yanaşılıb: “Portret gözəl canlandırılıb”.

BŞİH başçısı Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, Almaniya, Hollandiya və Fransa dizaynerlərinin birgə çalışdıqlarını vurğulayıb. H.Abutalıbov, parkın mayın 15-dək Bakı sakinlərinin və qonaqların istifadəsində olacağını bildirib.

Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsi barədə danışan BŞİH başçısı deyib ki, yarışma keçirilən günlərdə Bakıda bir-birindən fərqli və maraqlı tədbirlər baş tutacaq: “Bu tədbirlər Bakıya gələn qonaqlar üçün sürpriz olacaq”.

Xatırladaq ki, 2004-cü ildən bəri Bakıda hər il mayın 10-da mərhum ölkə başçısı Heydər Əliyevin ad gününə həsr olunmuş “Gül bayramı” keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu tədbirlərdə güllərdən müxtəlif dekorasiyalar hazırlanır. Hər il dekorasiyaların hazırlanmasına 50-dən çox ölkədən gətirilmiş 1 milyondan çox gül sərf olunur. Amma bu tədbirə nə qədər vəsait xərcləndiyi heç vaxt açıqlanmır.