Kinematoqrafçılar İttifaqı Hökumət Evindən çıxarılır

Rasim Balayev: “Burada siyasi çalarlar ola bilər”

“Kinematoqrafçılar İttifaqı Hökumət evində yerləşir. Orada bir neçə otaq kirayə götürmüşük. Son 3 ildə icarə haqqını ödəyə bilməmişik. Bunun nəticəsində 40-45 min manat icarə borcu yığılıb. İndi isə Hökumət evinin rəhbərliyi məktub yazıb bizə xəbərdarlıq edib ki, borcunuzu ödəyin, əks təqdirdə binanı tərk etməlisiniz”. Mayın 10-da Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev “Media forum” saytına açıqlamasında belə deyib.

Rasim Balayev bildirib ki, hazırda borcu ödəməyin yolunu axtarırlar: “Əgər borcu ödəyə bilməsək, nə varinat olacağını bilmirəm. Real vəziyyət ondan ibarətdir ki, bizə borcumuzu ödəməli olduğumuz haqda rəsmi məktub yazıblar. Məktub xəbərdarlıq xarakteri daşıyır və orada qeyd olunub ki, borcu ödəyə bilmirsinizsə, binanı tərk edin”.

Rasim Balayev vurğulayıb ki, son illər dövlət bütün yaradıcı təşkilatlara yardım edib, amma Kinematoqrafçılar İttifaqı bu yardımdan kənarda qalıb: “Bunun nəticəsində icarə haqqını ödəyə bilməmişik və borc yığılıb. Vaxtilə ittifaqın imkanı vardı. Çünki “Azərbaycan” kinoteatrı bizim balansımızda idi, oradan müəyyən pul gəlirdi, təşkilatı saxlayırdıq. Sovet dövründə isə Moskvandan pul gəlirdi. Bütün bunların hesabına ittifaqı saxlayırdıq. Sonra vəziyyət elə oldu ki, bizə yardım etmədilər, “Azərbaycan” kinoteatrını da Kinematoqrafçılar İttifaqından aldılar. Ona görə bu qədər borcumuz yaranıb. Bütün yaradıcı təşkilatların – Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqının və başqalarının balansında binası var. Kiraydə olan yeganə təşkilat bizim ittifaqdır.

Elə təşkilat var ki, bizim icarə borcumuz qədər vəsait onun üçün böyük məbləğ deyil. Amma 40-45 min manat bizim üçün böyük vəsaitdir. Biz borcu ödəmək üçün müəyyən yollar axtarırıq. Ödəyə bilməsək, gedib oturacağıq evimizdə. Belə çıxır ki, bizə ehtiyac yoxdur, lazım deyilik. Vəssalam”.

Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun hakimiyyəti sərt formada tənqid etməsi ilə Hökumət evi rəhbərliyinin icarə haqqını tələb etməsi arasında bağlılığın olub-olmadığı məsələsinə gəlincə, Rasim Balayev bunu istisna etməyib, bildirib ki, burada siyasi çalarlar ola bilər: “Amma mən həmişə demişəm ki, Kinematoqrafçılar İttifaqı siyasi təşkilat deyil, kino təşkilatıdır. Bizim 300 nəfər üzvümüz var. Burada heç kim siyasətlə məşğul olmur. Rüstəm İbrahimbəyov özü bilər, o, azad adamdır. Ancaq bir nəfərə görə 300 nəfəri cəzalandırmaq nə qədər doğrudur?”