«Bu olaylar birmənalı şəkildə Rusiya və İranın oyunu idi”
Aslan İsmayılov: «Sürət Hüseynovu Gözəlov soyadlı bir MTN zabiti həbs edib. Amma sonradan naməlum səbəbdən sərbəst buraxıb»
Keçmiş korpus komandiri Isa Sadıqov Gəncə hadisələri ilə bağlı “Azadlıq”da dərc olunan yazılarında o vaxt yaradılmış deputat istintaq komissiyasında təmsil olunan vəkil Aslan Ismayılovun da adını çəkmişdi. O, bildirmişdi ki, istintaq komissiyasının üzvlərindən yalnız vəkil Aslan Ismayılov onu dindirib: “Məni yalnız iyul ayında təkrarən Gürcüstan üzərindən Bakıya gedən zaman dinlədilər. Orada ifadə verə bildiyim yeganə şəxs Aslan Ismayılov oldu. Başqa komissiya üzvləri ilə də görüşdüm, amma onlara öz ”həqiqətləri” lazım idi”. Isa Sadıqovun bu fikirlərindən sonra Aslan Ismayılov keçmiş korpus necə dindirməsi barədə qəzetimizə danışmışdı. Həmçinin söz vermişdi ki, yaxın günlərdə Gəncə hadisələri ilə bağlı qəzetimizə geniş müsahibə verərək, bildiyi faktları açıqlayacaq. Aslan Ismayılov sözünün üstündə dayanaraq bu günlərdə redaksiyamızla əlaqə saxlayıb, Gəncə hadisələrilə bağlı danışmağa hazır olduğunu bildirdi. Beləliklə, 4 iyun qiyamı ilə bağlı danışır Aslan Ismayılov:
Gəncədəki hərbi hissədə baş verənlər qurama idi
– Aslan müəllim, dindirmələr zamanı nə üzə çıxdı? Yəni, Gəncədə əslində nə baş verdiyini öyrənə bildinizmi?
– Dindirmələrdən sonra mənə Gəncədəki sitüasiya təxminən aydın oldu. Mən anladım ki, bütün bunlar hakimiyyəti devirmək üçün təşkil olunub. Ona görə də təkid edirdim ki, guya hökumət qüvvələri tərəfindən bombalanan hərbi hissəyə gedək.
Mirmahmud Mirəlioğlu mənə dəstək verirdi. Amma Tahir Əliyev və hakimiyyətin əleyhinə olan digərləri maraqlı görünmürdü. Bütün bunlara baxmayaraq mən həmin hərbi hissəyə getdim. AzTV-nin operatoru da mənimlə gəldi. Bir daha qeyd edim ki, o dövrdə deyirdilər ki, hökumət qüvvələri hərbi hissəni bombardman edib, tanklar hərbi hasarını aşıraraq içəri daxil olub. Nəticədə 60 nəfər ölüb. Tankların altında qalıb və s. Hərbi hissəyə daxil olanda Sürət Hüseynovun dəstəsindən bir nəfər silahlı bizi izləyirdi. Özü də içkili idi. Bu baxımdan biz ehtiyatlı tərpənməyə məcbur idik. Mən operatora bildirdim ki, gəzdiyimi yerlərin hamısını çəksin. Mən əvvəlcə hərbi hissənin aşmış hasarlarına diqqət etdim. Gördüm ki, hasarlar içəridən çölə aşıb. Bu isə o demək idi ki, içəri tanklar girməyib. Belə olsaydı hasarlar içəri aşardı. Daha sonra kazarmaya getdik. Deyirdilər ki, kazarma bombardıman nəticəsində yanıb. Lakin mən kazarmaya diqqətlə baxış keçirəndə gördüm ki, buranı altdan yandırıblar. Çünki alovun dili yuxarı uzanırdı. Beləliklə də mənə tam aydın oldu ki, hərbi hissəyə hər hansı basqın olmayıb. Bütün bunlar quramadır.
Məxfi əməliyyatı Sürət Hüseynova satıblar
– 60 nəfər hərbçinin öldürülməsi barədə deyilənlər necə, təsdiqini tapdı? Doğrudanmı hökumət qüvvələri hərbi hissədə qətliam törətmişdilər?
– Xeyr. Mən bu məsələni də ciddi araşdırdım. Mən bu məsələ ilə bağlı Gəncənin hərbi prokuroru Rövşən Yusifovla görüşdüm. Biz bir-birimizi yaxşı tanıyırdıq. Ondan ölənlər barədə məlumat istədim. Lakin bəlli oldu ki, bütün deyilənlər yalandır. Gəncə hadisələrində yalnız hökumət tərəfdən iştirak edən Milli Qvardiyanın əsgərləri öldürülmüşdü. Gəncədə tərkisilah edilərək Bakıya qayıdanda Sürət Hüseynovun dəstəsi onların qarşısını kəsərək gülləbaran edilmişdi. Mən həmçinin hərbi hissənin komandiri Eldar Əliyevlə də görüşdüm. O çox ehtiyatlı adam təsiri bağışlayırdı. Hiss olunurdu ki, birmənalı Sürət Hüseynovun tərəfində deyil. Lakin təbii ki, o da cinayətin iştirakçısı idi.
Gəncə hadisələri ilə bağlı bir fakt var, nədənsə o barədə danışmırlar.
– Söhbət hansı faktdan gedir?
– Sürət Hüseynov iyunun 3-dən 4-nə keçən gecə həbs olunmalı idi. Daha doğrusu Sürət Hüseynovu səhv etmirəmsə, Gözəlov soyadlı bir MTN zabiti həbs edib. Amma sonradan naməlum səbəbdən sərbəst buraxıb. Bunu mənə Sülhəddin Əkbər demişdi. Bundan əlavə Sürət Hüseynovun əlində olan hərbi hissədə bura ilə bağlı hazırlanan əməliyyatdan xəbərdar olublar. Iyunun 3-dən 4-nə keçən gecə həmin hərbi tərksilah edilməli idi. Lakin qarşı tərəf bundan xəbər tutub və ehtiyat tədbiri görüb. Mən dindirmələr zamanı belə qənaətə gəlmişdim. Və bu məsələni araşdırdım. Həmin gecə hərbi hissədə olan radisti tapdım. Milliyyətcə rus olan bir qadın idi. Onu tapmaqda mənə hərbi prokurorluğun əməkdaşları kömək etdi və zənnim məni aldatmırsa onu elə Hərbi Prokurorluqda dindirdim. Sonra dindirmə protokolunu komissiyaya təqdim etdim. O mənə dedi ki, 3-ü işini bitirib evə qayıdıb. Lakin az sonra onu təcili hərbi hissəyə çağırıblar. Bildiriblər ki, bir nömrəli həyəcan siqnalı verilib və sən ratsiya ilə hamını hərbi hissəyə çağırmalısan. O zaman Sürət Hüseynov başqa yerlərdə də hərbi birləşmələri var idi. Bu fakt göstərir ki, Sürət Hüseynovun əməliyyatdan xəbəri olub. Halbuki bu çox məxfi əməliyyat idi.
Bilirsiniz o zaman hakimiyyət daxilində Sürətə açıq və gizli dəstək verənlər var idi. Onlardan biri də müdafiə naziri Dadaş Rzayev idi. Təsəvvür edin, hökumət qüvvələri birgə əməliyyat keçirməli imiş, amma Dadaş Rzayevi tapmaq mümkün olmayıb. O hərəyə bir söz deyib. Aranı qatanlardan biri də Rəhim Qazıyev idi. Bu adam dövlətə xəyanət edib. Mən Bakıya qayıtdıqdan sonra onu dindirdim. Amma dindirmə yarımçıq qaldı. Rəhim Qazıyev dindirmə prosesinin yarısında ayağa qalxaraq mənə “səni məhv edəcəm” deyərək çıxıb getdi.
Bakıda mən daxili işlər naziri Abdulla Allahverdiyevi, Pənah Hüseyni və baş qərargah rəisi Nurəddin Sadıqovu, Imam Mustafayevi dindirdim. Imam Mustafayev də dindirməni yarımçıq tərk etdi. O zaman 60 nəfər hərbçinin öldürülməsilə bağlı məruzəni o eləmişdi. Mən də ona sual verdim ki, niyə yalan danışmısınız? Sualın bir qədər sərt olması onun xətrinə dəydi və o acıq edərək dindirməni tərk etdi. Isa Qəmbərin dindirilməsinə isə məni buraxmadılar. Ümumiyyətlə, bu cür məsələlərdə Mətləb Mütəllimli mənə deyirdi ki, sən deputat deyilsən və bunu əsas gətirərək mənsiz iş görürdülər.
Onu da deyim ki, biz Bakıya qayıtdıqdan sonra istintaq komissiyasına xeyli adamlar cəlb olundu. Və məncə bütün bunlar komissiyanın gördüyü işi başqa səmtə yönəltmək üçün idi.
Tahir Əliyev mənə dedi ki, səni pəncərədən bayıra ataram
– Bildirmişdiniz ki, komissiyanın rəyi ilə tanış olmağa sizə imkan verməyiblər…
– Bəli. Rəy hazır oldu. Mən rəylə tanış olmaq üçün bir neçə dəfə Mətləb Mütəllimova müraciət etdim. O indi deyir ki, hər hansı məqsəd olmayıb. Amma fakt ondan ibarətdir ki, rəyi məni gizlətdilər. Ümumiyyətlə mənim komissiyada təmsil olunmağım bir çoxlarının maraqlarına uyğun deyildi. Və mənə təzyiqlər var idi.
– Kimlər təyziqlər edirdi sizə?
– Məsələn, mənim bir dəfə Tahir Əliyevlə Milli Məclisdə mübahisəm düşdü. Komissiya onda Milli Məclisdə prezidentin otağında işləyirdi. Mübahisənin kökündə Gəncə hadisələrinə yanaşma dayanırdı. Tahir Əliyev deyirdi ki, hakimiyyət Gəncədə çevrilişi edib, günahsız insanları öldürüb. Tahir Əliyev AXC hakimiyyətinə nifrət edirdi. Mən isə bunun əksini deyirdim. Mübahisə o həddə çatdı ki, Tahir Əliyev mənə dedi ki, sənin xirtdəyindən tutub pəncərədən bayıra ataram. Yadıma düşmüşkən, Tahir Əliyevlə bağlı sizə bir maraqlı fakt deyim. O zaman Vaqif Novruzov daxili işlər naziri təyin ediləndə biz Milli Məclisdə idik. Tahir Əliyev evlərinə zəng vuraraq ona kostyum gətirilməsini istədi. Gətirdilər, lakin xoşuna gəlmədi, dedi ki, başqasını gətirin. Mən zarafatca ondan soruşdum ki, bu nə bəzənməkdir belə? Tahir Əliyev də dedi ki, indi qardaşını daxili işlər naziri təyin edəcəklər. Tahir Əliyevin kostyumu gəldi, o geyinib getdi oturdu Milli Məclisin zalında. Biz də hamımız gözləyirik ki, bu dəqiqə Milli Məclisin sədri Heydər Əliyev Tahir Əliyevin nazir təyin edildiyini elan edəcək. Lakin o, Vaqif Novruzovun nazir təyin olunduğu bəyan elədi və Tahir Əliyev pörtmüş vəziyyətdə yanımıza qayıtdı və heç nə danışmadı. Açığı mən də nə baş verdiyi, pərdəarxası hansı oyunların getdiyi ilə maraqlanmadım.
Tahir Əliyevlə mübahisədən sonra bir gün Rəsul Quliyevlə Etibar Məmmədov yanıma gəldi. Yenə də Rəsul Quliyev AXC hakimiyyətini ittiham etdi. Deyirdi ki, Elçibəy hakimiyyəti cinayət edib, sən necə prokurorsan ki, bunu anlamırsan. Mən isə dedim ki, Elçibəy hakimiyyətinin cinayəti ondan ibarətdir ki, dövlətə qarşı təşkil olunan qiyamı vaxtında yatıra bilməyib. Həmin vaxt Etibar Məmmədov da bir sıra atmacaları ilə Rəsul Quliyevə dəstək verdi. Ümumiyyətlə Gəncə hadisələrində hərbi qüvvə Sürət Hüseynov idisə, siyasi qüvvə Etibar Məmmədov idi.
Rəhim Qazıyev, Etibar Məmmədov, Rəsul Quliyev prosesin aktiv iştirakçıları idi
– Aslan bəy, bütün bu araşdırmalarınız, dindirmələrinizdən sonra Gəncə hadisələrinin təşkili ilə bağlı ümumi qənaətiniz nədən ibarət oldu? Aydındır ki, bu AXC hakimiyyətinə qarşı yönəlmişdi və Sürət Hüseynov icraçı idi, bəs sizcə, bu oyunun arxasında hansı qüvvələr dayanırdı?
– Bu olaylar birmənalı şəkildə Rusiya və Iranın oyunu idi, hadisələri də bu ölkələrə yaxın şəxslər təşkil etmişdi.
Bu prosesin aktiv iştirakçıları Rəhim Qazıyev, Sürət Hüseynov idi. Bu adamlar birmənalı Rusiyaya bağlı şəxslər idi. Bir də var idi Etibar Məmmədov, Rəsul Quliyev kimi iştirakçılar. Onların isə hakimiyyət iddiası, yaxud da hakimiyyətdən pay qoparmaq niyyətləri var idi.
Bu hadisələrin passiv iştirakçıları isə çox idi.
– Bəs Heydər Əliyevin bu hadisələrə heç bir aidiyyatı yox idi? Siz Heydər Əliyevin adını çəkmirsiniz, amma onun Gəncə hadisələrinin əsas təşkilatçısı olması barədə həmişə danışılıb…
– Açığı mənim fikrimcə, Heydər Əliyev sadəcə bu məsələdən istifadə edərək hakimiyyətə yiyələndi. Heç nədən çəkinmirəm. Heydər Əliyevi də ən çox tənqid edən mən olmuşam. Bəli, fakt odur ki, Heydər Əliyev sadəcə fürsətdən yararlandı, Gəncə hadisələrindən istifadə etdi.
Heydər Əliyev vəziyyətdən siyasi maraqları üçün istifadə etdi
– Bir qədər məntiqli görünmür nəsə. Əgər Heydər Əliyev bu hadisələrdən istifadə edib hakimiyyətə gəlibsə, deməli olayların dramatikləşməsində maraqlı olub…
– Mən deyirəm, yəni əvvəldə o təşkilatçı olmayıb. Sonradan ola bilər ki, proseslərə dəstək verib. Vəziyyətdən öz siyasi maraqları üçün istifadə edib. Mən o zaman da bu fikirdə olmuşam, indi də bu fikirdəyəm. Heydər Əliyevi tənqid etməkdən də çəkinməmişəm. Elə buna görə də 1994-cü ildə Prezident Aparatında tutduğum vəzifədən azad edilmişəm.
Vidadi Məmmədov
P.S.Müsahibədə adı hallandırılan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.