d-eliyev-mayor

Ədalətsizliyi dayandırın, qanun və Allah xatirinə

d-eliyev-mayorRespublikanın baş prokuroru Zakir Qaralova açıq məktub

Cənab baş prokuror! Bu yaxınlarda Sizin qəbulunuzda oldum və polis sistemində olan bəzi məmurların vəzifələrindən sui-istifadə edərək qardaşım, polis mayoru Dursun Əliyevə qarşı ağlasığmaz haqsızlıq etdiklərini diqqətinizə çatdırdım. Onu, guya narkotik maddə (2 q marixuana) satdığına görə həbs ediblər. Amma təəssüflə bildirirəm ki, Dursuna qarşı qurulan biabırçı polis provokasiyası və özbaşınalıq 10 aydır davam edir.
Ortada olan faktlardan və prosesin gedişindən belə nəticəyə gəlinir ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi Mirqafar Seyidov qardaşıma qarşı quraşdırılan əməliyyata cəlb edilib və “sifariş”i yerinə yetirməkdə israrlıdır. Belə ki, mətbuatda dərc olunan “Polis polisi narkotiklə şərləyərək tutdurub” başlıqlı yazımdan sonra M.Seyidov məni kabinetinə dəvət edərək bildirdi ki, onun adını qəzetlərdə hallandırmayım, onsuz da heç nəyə nail ola bilməyəcəm və o, qardaşıma görə bir neçə polisi işdən çıxarmayacaq. Amma söz verdi ki, “kalpak”ı onun üstündən götürəcək və təzyiq göstərməyəcək. Hətta onu da anlatmağa çalışdı ki, ox yaydan çıxıb və bundan sonra o istəsə də mənə kömək edə bilməyəcək. Lakin o verdiyi sözə əməl etmədi. Təəssüflər olsun ki, təzyiq yenə də davam edir və Binəqədi rayon 6-cı polis bölməsində serjant Məhəmməd Bilalov ikinci dəfə məhkəməyə ifadə verməyə çağırılıb. Birinci ifadəsində o bildirmişdi ki, iş vaxtı öz otağında olub. Onu Dursun Əliyevin kabinetinə dəvət ediblər və bu zaman başa düşməyib ki, nəyə görə çağırılıb. Stolun üstündə olan bükməni ona açmadan göstəriblər. Bilalovun sözlərinə görə, kabinetə gələn vaxt D.Əliyev orada yox imiş, artıq onu aparıblarmış və çöldə “Mersedes” markalı maşında saxlayıblarmış. Stolun üstündəki bükümü gördüyünü təsdiqləyəndən sonra Bilalovu çölə dəvət ediblər və pəncərənin altına qoyduqları iki 10 manatlıq əsginazı göstəriblər. Bilalov bildirib ki, pullar o dərəcədə bükülü (qırış) deyildi. Bu ifadədən sonra onun başı çox ağrıyıb. Ona deyiblər ki, ifadəsini dəyişməsə işdən çıxarılacaq. Indi təzyiq altında olan polis məcburiyyət qarşısında qalaraq ifadəsini mütləq dəyişməlidir. Əks halda, Ağalar Məhərrəmov, Heydər Heydərli və Kərim Əlimərdanov kimi sifarişi yerinə yetirən generallar törətdikləri bu haqsızlığa görə cavab verməli ola bilərlər. Ona görə də onlar hədə-qorxu ilə öz çirkin işlərini davam etdirirlər. Hüququ, dövlətçiliyi bir kənara qoyaraq soruşuram: Bu, nə dərəcədə insani əməldir? Demokratik idarəetmə yaratmaq istəyən ölkədə belə əməllərə yol vermək olarmı?
Ağalar Məhərrəmovun sifarişini sona çatdırmaq üçün Binəqədi Rayon Prokurorluğu heç bir dəlil-sübut olmadan, guya beş ay istintaq apararaq, qondarma cinayət işini məhkəməyə ötürdü.
Qardaşını yaxşı tanıyan, onun sahib olduğu dəyərləri yaxşı bilən, insanların ədalət hissinə inanan bir şəxs kimi ümid edirdim ki, məhkəmə bu sifarişli işə elə məhkəmənin hazırlıq iclasında ədalətli baxaraq öz iradəsini ortaya qoyacaq, günahsız insanın həbsdə qalmasına imkan verməyəcək və qardaşıma bəraət qazandıracaq (Hakim Elmar Rəhimov hüquq elmlər namizədidir və BDU-da dərs deyir. Mən öncə elə düşündüm ki, ona bu qondarma işi alim olduğuna görə tapşırıblar, amma görünür, alimliyinə görə deyilmiş).
Məhkəmə biabırçılıqlarının sonu isə görünmür. Məlumat üçün bildirirəm ki, ikinci hal şahidini məhkəməyə əliqandallı gətirdilər. Sən demə, bu adam qatı cinayətkar imiş. 16 il həbsdə olubmuş (Yenə də həbs ediblər). Belə bir hal şahidi harda görünüb?! Onu 30 il dövlətinə şərəflə qulluq edən, Qarabağda hərbi əməliyyatlarda fəal iştirak edən, 1995-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən güllə yarası alan, 2008-ci ildə “Qüsursuz xidmətə görə” medal ilə təltif edilən polis mayoruna qarşı qoyublar. Belə hüquqsuzluq olarmı? Ağalar Məhərrəmov və Heydər Heydərli hələ də məhkəməyə təzyiq edə bilir və hansı maraqlardansa prokuror Vüqar Hacıyev qondarma cinayət işinə yenidən “canlandırmaq” üçün məhkəməyə ikinci dəfə Məhəmməd Bilalovu dəvət edir. Lakin şahidlər növbəti iclasa gəlmədilər, ona görə də məhkəmə iclası təxirə salındı və 27.04.2012-ci il tarixinə yenə də həmin adamlar dəvət olundular. Aydın deyilmi ki, onlar ifadələrini dəyişməli və prokurorun istədiyi kimi ifadə verməlidirlər, yoxsa, generalların qarşısında prokuror nə cavab verəcək? Axı prokuror nə qədər çalışsa da “ölmüş”, qondarma cinayət işinə “can” verə bilmir. Maraqlı burasıdır ki, Məhəmməd Bilalovun dediyinə görə, rəisi ona ikinci dəfə ifadə verməyi əmr edib. Görəsən, bəs onda prokurora əmr edən kimdir?
Iki hal şahidindən biri (Dərgah) “mənim interesim vardı” – deyir. O birisi (Müşfiq Əliyev) “mən agentəm, altı aydır ki, maaşımı da vermirlər” – deyir. Prokuror Vüqar Hacıyevin dediyinə görə, şərti alıcı “Fərahim Qarayev hər şeyi qarışdırır”, yəni prokurorun istədiyi kimi danışmır…
Cənab baş prokuror!  
Qardaşımın günahsız olduğunu nəinki qohum-əqrəbası, dost-tanışları, xidmət yoldaşları, hətta hüquq elmindən azacıq başı çıxan istənilən adam anlayır. Anlayırlar ki, günahsız insanı şərə salıblar.
Sizdən çox xahiş edirəm ki, belə özbaşnalıqlara gücü çatacaq şəxs kimi bu hüquqsuzluğu və ədalətsizliyi dayandırmağa kömək edəsiniz! Allah və Qanun xatirinə!

Tamilla Əliyeva