ATƏT və İP-nin Sumqayıt regional şöbəsinin təmsilçiləri arasında görüş olub
Bu gün ATƏT-in Bakı bürosunun demokratikləşmə şöbəsinin müdri Nikolas Deç İctimai Palatanın Smqayıt regional təşkilatının üzvləri ilə görüşüb. Bu barədə qəzetimizə məlumatı AXCP Sumqayıt şəhər təşkilatının sədri Kəmaləddin Rəhimov verib. ATƏT təmsilçisi Sumqayıtdakı sosial durum, İP-nın aksiyası öncəki vəziyyəti və ümumiyyətlə sərbəst toplaşmaq hüququnun durumu ilə maraqlanıb. Xəbər verildiyi kimi sabah saat 3-də İP-nin Sumqayıt şəhər təşkilatı şəhər icra hakimiyyətinin binası qarşısında piket keçirməyi planlaşdırır. K.Rəhimovun sözlərinə görə, İP Sumqayıtda İP-nin müxtəlif tədbirlərinin keçirilməsi üçün aidiyatı təşkilatlara müraciət etsə də, bir nəticə hasil olmayıb: «İctimai Palatanın regional təşkilatı olaraq mayın 13-də ayrıca olaraq Sumqayıtda tədbir keçirməyi planlaşdırırdıq. Amma şəhər icra hakimiyyəti bizə aksiyamızı keçirmək üçün yer ayırmadı. İP olaraq şəhərin mərkəzində yerləşən üç meydanı tələb etmişdik. Bu meydanlar Nəriman Nərimanov və «28 may» Mədəniyyət Evinin qarşısındakı meydanlar, bir də Nizami parkı idi. Amma icra hakimiyyəti rəsmi məktubunda hər üç məkanın təmirdə olduğunu bildirib. Biz bu gün hər üç meydana ATƏT təmsilçisi ilə birgə baş çəkdik. Məlum oldu ki, həmin ərazidə heç bir təmir işi aparılmır».
Bundan başqa İP-nin Sumqayıt regional təşkilatının sessiyasının keçirilməsi üçün də müvafiq qapalı məkan ayrılmayıb. Smuqayıt müxalifətçiləri öncə icra hakimiyyətinə mayın 12-də tədbirin keçirilməsi üçün mədəniyyət mərkəzlərindən birinin ayrılmasının istəsələr də, rəsmi srtukturlar bu məkanların onların balansında olmadığını açıqlayıb. Sumqayıtın Mədəniyyət turizm İdarəsinə müraciət də bir nəticə verməyib. İdarədən bildiriblər ki, son günlər mədəniyyət mərkəzlərinin iş qrafikləri olduqca gərgindir. Bu üzdən İP təmsilçilərinin sorğusuna müsbət cavab verilə bilməz. Bütün bunlara baxmayaraq İP-nin Sumqayıt regional təşkilatı mayın 13-də keçiriləcək mitinqə hazırlığını davam etdirir. Sumqayıt müxalifətçilərinə həm sabahkı piketdə, həm də mayın 13-də keçiriləcək aksiyada İP-nin Laçın, Qubadlı regioanl təşkilatlarının üzvləri, Ümid Partiyasının Sumqayıt rayon təşkilatı və Qərbi Azərbaycana Qayıdış Təşkilatı dəstəyini verəcək.
İnformasiya şöbəsi