Hörmətli əcnəbi vətəndaşlar, jurnalistlər və diplomatlar!
Eurovision 2012 mahnı müsabiqəsinə ev sahibliyi edəcək ölkəmizə – Azərbaycana ardıcıl səfərləriniz başlayacaq. Öncə, bildirmək istəyirik ki, Azərbaycanın bu musiqi yarışmasında qalib olması və ev sahibliyi etməsi azərbaycanlılar olaraq bizi çox sevindirdi. Ancaq başqa qalib ölkələrdən fərqli olaraq, Azərbaycanda Eurovisiona hazırlıq vətəndaşlarımızın mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə həyata keçirilir. Müsabiqə keçiriləcək ərazidə yaşayan yüzlərlə ailə uyğun kompensasiya ödənilmədən evlərindən çıxarıldı. Bu müsabiqə tarixində qələbənin nəticəsindən əziyyət çəkən ilk xalq olduq.
Azərbaycan hakimiyyəti özünün müsbət imicini qurmaq məqsədilə paytaxt Bakının mərkəzində divarların ağardılmasından, park və küçələrə üzlük döşənməsi, bahalı ağac və kolların əkilməsindən ibarət abadlıq işləri həyata keçirir. Zahiri abadlıq işi Eurovision yarışmasının Bakıda keçirilməsi xəbərindən sonra daha da sürətlənib. Bu abadlıq işləri milyonlarla vəsaitin xərclənməsi ilə Eurovision keçiriləcək yer ve ona yaxın ərazilərdə görülür. Məqsəd musiqi yarışması zamanı ölkəyə gələcək minlərlə jurnalistə və çox saylı xarici vətəndaşlara- sizlərə Azərbaycanın prezident İlham Əliyevin dili ilə desək, ölkəmizin “analoqu olmayan inkişafı”nı göstərməkdir.
Əslində isə bu abadlıq işləri Bakının yalnız mərkəzi küçələrində görülür, şəhərin nisbətən kənar küçə və rayonları ən müxtəlif problemləri yaşamaqdadır. Bu səbəbdən paytaxtda çalışan taksilərə əcnəbi qonaqları, turistləri getmək istədikləri yerlərə mərkəzi yol və küçələrlə aparmaq , kənar küçə və rayonlardakı yollarla aparmamaq tapşırılıb. Bu tapşırığın nəticəsində sizlər neft ölkəsi Azərbaycanın paytaxtının mərkəzi rayonundan başqa rayonlarda bərbad yolları, kasıb evləri, vətəndaşların üzləşdiyi çox saylı problemləri görməyəcəksiniz.
Buna göre də biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsi olaraq sizlərə müraciət edirik: Bakı təkcə abadlaşdırılmış kiçik bir hissədən ibarət deyil. İstəyirik ki, Bakıda olarkən təkcə kosmetik işlər görülmüş şəhərin mərkəzini yox, iqtisadi, sosial, gigeynik problemlerin həddən artiq çox olduğu şəhərin başqa yerlərində də olasınız və gerçəklikləri görəsiniz. Bu həm də sizə imkan verəcək ki, ifadə azadlığının kobud şəkildə pozulduğu və azad musiqi yarışmasının keçiriləcəyi ölkə haqda tam təsəvvürləriniz formalaşsın.
Hörmətlə AXCP Gənclər Komitəsi
İnformasiya Şöbəsi


