Bir “9 may” yetməz!

Bu gün Rusiyada nələrin baş verdiyini görürük. Şəxsən mən olanları həm dərin qəzəb, həm də böyük ürək ağrısı ilə izləyirəm. Nəhəng bir xalqın necə aşağılandığını, lotuların onunla necə məzələndiyini sözlər ifadə etməkdə acizdir.
Baş verənlərin bir adı var: Rusiya təhqir olunur. Dünyanı Rusiyaya güldürürlər. Hakimiyyət iki adamın əlində əsl oyuncağa çevrilib və onlar ölkəni öz aralarında futbol topu kimi oynadırlar. Bu gün ağlını və vicdanını itirməmiş rusların nə hisslər keçirdiyini biz gözəl başa düşürük. Damdan düşənin halını damdan düşən anlar. Tanış mənzərədir.  
Üstəlik, bütün bunların faşizm üzərində qələbənin əsas memarlarından olan bir xalqın başına gətirildiyinə inanmaq çətindir. Və Umberto Ekonun “Əbədi faşizm” əsərində nə qədər haqlı mülahizələr irəli sürdüyünə bir daha əmin olursan.
Bəli, dünən faşizm üzərində qələbədə pay sahibi olan bir çox ölkələr – Rusiyadan Azərbaycana, Ermənistana, Orta Asiyadan Belarusadək, – bu gün faşizmin yeni təzahür forması olan urfaşizmdən əziyyət çəkirlər. Urfaşizm özündə avtoritar və totalitar rejimləri ehtiva edir, hansı ki, belə rejimlər faşizmdən heç də humanist deyillər. Bəzən isə hətta daha qəddar ola bilirlər. Bəzən hətta faşizmin caynağından xilas olan urfaşizmin qəzəbindən qurtula bilmir – məsələn, iki dəfə Sovet Ittifaqı Qəhrəmanı Ziya Bünyadov kimi. Bu məşhur akademik faşizm üzərində qələbədə iştirak etdi və sağ qurtuldu, amma urfaşizmdən xilas ola bilmədi. Təkcə bu nümunənin özü ağlı başında olan adamlar üçün çox şey deməkdir.
Bu həm də o deməkdir ki, əslində 9 may Qələbə günü olsa da, son qələbədən danışmaq tezdir. Çağdaş dünyada faşizmin ən müxtəlif formalarda təzahürlərinə rastladıqca başa düşürsən ki, insanlığın xilası üçün bir “9 may” bəs deyil. Hələ çoxlu 9 maylar baş verməlidir. Dünyada azadlıqların, ədalətin, humanizmin təntənəsi üçün hələ çox qələbələrə ehtiyac var.
Azərbaycanın da ehtiyacı var. Mənim ölkəm faşizm qədər öldürücü olan korrupsiyaya layiq deyil. Mənim ölkəm insanların həyatını faşizmdən az zəhərləməyən tayfabazlıqdan, yerliçilikdən, ədalətsiz məhkəmələrdən, özünüsenzuradan əziyyət çəkməməlidir. Axı niyə mənim ölkəmin insanları bir ovuc quldar və quldur xislətli adamın sərvət hərisliyinin, hakimiyyət ehtirasının girovu olmalıdır? O niyə məmur qapılarında aşağılanmalı, alçaldılmalıdır? Niyə sərvətlərinin sahibi olmamalıdır? Niyə seçmək və seçilmək haqqından məhrum edilməlidir? Niyə düşündüklərini söyləməkdən qorxmalıdır? Niyə mənim ölkəmin faşizmin məğlubiyyətində böyük payı olan nefti bu gün urfaşizmin güclənməsinə, varlanmasına xidmət etməlidir? Niyə mənim xalqımın taleyi bir adamın iki dodağının arasından çıxan sözlə müəyyənləşməlidir? Niyə mənim xalqım öz taleyi ilə bağlı qərarların verilməsində iştirak etməməlidir?
Bu qədər çox sualların olduğu bir ölkədə isə 9 mayın əsl sevincini yaşamaq çox çətindir. Bir yandan urfaşizmin caynaqlarında inləyib, o biri yandan faşizm üzərində qələbəni qeyd etmək istər-istəməz ikili hiss yaradır adamda, yarımçıq sevinc doğurur.
Üstəlik, bu qədər çoxlu sualların yaranmasına səbəb olan bir rejimin dünən faşizm üzərində qələbənin iştirakçılarına hansısa avtomobil hədiyyə etməsi, birdəfəlik yardımlar verməsi xəbərlərini oxumaq da çox ironikdir. Çünki bu cür rejimlər 9 mayın gerçək dəyərinin fərqində ola bilməz. Faşizmin məğlubiyyətinə səmimi qəlbdən sevinə bilməz.
Faşizmin məğlubiyyətinə sevinənlər, 9 mayın gerçək dəyərini anlayanlar heç vaxt öz xalqlarına faşizm qədər alçaldıcı, qorxunc olan korrupsiyanı, təkəlçiliyi rəva görmürlər, öz xalqlarını bir adamın iradəsinə tabe etmirlər, öz xalqlarının azad səslərini boğmağa çalışmırlar.
Yeni 9 maylar ümidi ilə!