Qurumun prezidenti Ukraynanın baş nazirinin Brüsselə səfər istəyini rədd etdi
Avropa ilə rəsmi Kiyev arasında Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun həbsi və zorakılıqla üzləşməsinə görə yaranmış gərginlik artmaqdadır. Yaltada keçirilməsi nəzərdə tutulan Mərkəzi Avropa ölkə liderlərinin sammitini boykotlar səbəbindən təxirə salan Ukraynaya daha bir zərbə Avropa Birliyindən gəlib. Avropa Birliyi Ukraynanın baş naziri Nikolay Azarovun Brüsselə gələrək rəsmilərlə görüşmək tələbini rədd edib.
Avropa Birliyinin prezidenti Herman van Rampuy “Euronews” kanalına müsahibəsində Azarova Brüsselə gəlməməklə bağlı çağırış edib. Timoşenkoyla bağlı durumu xatırladan prezident bildirib:“Ukraynanın baş naziri Brüsselə gəlmə niyyətini bildirəndə “Lazım deyil, ölkənizdə qalın” cavabını verdik. Kiyevə daxili siyasi vəziyyəti dəyişdirməsi üçün dəqiq siyasi siqnal yolladıq. Ukrayna 2004-cü ildə olduğu kimi demokratik dövlət modelinə qayıtmalıdır. Keçmiş baş nazir Yuliya Timoşenkoya qarşı sərgilənən münasibətin qəbuledilməz olduğu qənaətindəyik. Bunu dəqiq şəkildə prezident Yanukoviçə də demişik”.
Herman van Rampuy eyni səbəb üzündən Ukrayna və Polşada təşkil olunacaq futbol üzrə Avropa Çempionatına qatılmayacağını da sözlərinə əlavə edib. Brüsseldən yayılan başqa bir açıqlamada Avropa Birliyi prezidentinin çağırışının mayın 15-də keçirilməsi planlaşdırılan Ukrayna-Avropa Birliyi zirvə toplantısıyla əlaqəsinin olmadığı bildirilib.
azadliq.info


