Əyləncəli siyasət, siyasi əyləncə

Ötən həftənin ən maraqlı hadisəsi Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında olan uzunmüddətli duellonun sonuclanması olsa da, bilavasitə siyasətə aid olmayan, amma siyasətçinin gündəlik yaşamı ilə bağlı maraqlı iki foto da gündəmi zəbt etdi.
Rəsul Quliyevin fincanı ilə Isa Qəmbərin fincanı xeyli müzakirə predmeti oldu. Isa Qəmbərin fincanının üzərində Müsavatın loqosu vardı. Rəsul Quliyevin fincanının üstündəki şəkil isə videodan tam aydın görünmürdü. Quliyevin simpatizanları onun mələk, rəqibləri isə erotik qız şəkli olduğunu iddia edirdi…
Müzakirənin yaranması bir daha onu təsdiqlədi ki, siyasətçinin mediada yayımlanan bütün hərəkətlərini kütlə diqqətlə izləyir, siyasətdən kənar olan hər bir nüans onun haqqında mühüm fikir formalaşdırır. Necə ki, ötən həftə Niderlandın baş naziri Mark Ruttenin Türkiyə prezidenti Abdullah Güllə görüşə velosipedlə gəlməsi mediada manşetə daşındı…
Modern siyasətdə bir siyasətçinin xalqa “sizi maraqlandıran mənim siyasi görüşüm və siyasi proqramım olmalıdır” fikri ilə yönəlməsi onun siyasi intiharı kimi dəyərləndirilir. Çünki kütlənin diqqətini daha çox liderin davranışı, geyimi, mimikası, jestləri çəkir. Necə ki, Türkiyədə Ərdoğanın jestləri, mimikası (bəzən aşırı sərt, bəzən zarafatcıl), namaz qılmasını 70 milyonun qarşısında sərgiləməsi, məscidə gedərkən uşaqlara oyuncaq paylaması onun lider kimi kütlə tərəfindən qəbul edilməsində önəmli rol oynayıb.
Ümumiyyətlə, Türkiyə siyasətində liderin imicinin peşəkarcasına formalaşdırılmasının əsası 1991-ci ildə ANAP sədri Məsud Yılmazın fransız reklamçı Jak Sequela ilə müqavilə bağlamasıyla qoyulub.
Alman alim Andreas Dörnerin irəli sürdüyü “politainment” termini “əyləncəli siyasət və siyasi əyləncə” anlamını verir. Kütlə ilə siyasətçi arasındakı əlaqənin media üzərindən “əyləncəli” formada qurulmasını ehtiva edir. Bu, cəmiyyətdə liderin müsbət imicinin formalaşdırılmasına, seçicinin seçkidə onun lehinə səs verməsinə hesablanan anlayışdır. Tarixdən qısa örnəklərlə göstərsək, Villi Brandtın yəhudi soyqırımının xatirəsinə tikilmiş anıtın qarşısında diz çökərək yəhudilərdən üzr istəməsini, Klintonla bağlı Levinski skandalını qeyd etmək olar.
“Politainment” anlayışına daxil olan önəmli bir hadisə də siyasətçilərin “talk-show”lara (tok-şou) qatılmasıdır. Çünki kütlə üçün siyasətdən danışmayan siyasətçi obrazı daha çox maraqlıdır. Arnold Şvartsenegger Kaliforniyada seçkiyə qatılacağını bir tok-şou proqramında açıqladı, seçki kampaniyasında isə çəkildiyi filmlərdəki yadda qalan cümlələrdən istifadə etdi. Bu da onun seçilməsində önəmli rol oynadı.
Politainmentin mənfi tərəfləri də sözsüz ki, var. Siyasətin mahiyyətinin təhrif olunmasına, kütlənin partiyaların siyasi proqramlarına görə deyil, şəxsi imiclərinə, yaşam tərzinə görəÿdəyərləndirilməsinə gətirib çıxarır. Ərdoğanın “dindar nəsil yetişdirəcəyik” fikrinin mediada, medianın isə kütlədə yaratdığı təsir, onun bu fikrinin qələbəsilə nəticələndi. Elə bir vəziyyət yaradıldı ki, bu fikrə qarşı çıxan müxaliflər “dinsiz, narkoman, oğru” kimi təqdim olundu.
Ölkə siyasətində politainmentdən istifadə olduqca aşağıdır və ya media bu barədə düşünmür. Əgər düşünsəydi, son iki mitinqdə tribunada dayanan qalstuklu siyasətçilərdən fərqli olaraq, geyiminə xüsusi önəm vermiş Əli Kərimlinin niyə o cür geyindiyini anlaya bilərdi. Lakin media bu məsələdə olduqca diqqətsizdir. Halbuki, həmin geyim bilavasitə mitinqdə öndə olan gənclərə yönəlmiş mesaj idi.
Fikrimcə, cəmiyyət artıq qalstuklu, masa ətrafında əyləşən siyasətçi obrazından sıxılıb. Siyasətçilər cəmiyyətdə daha fərqli obrazlarını yaratmalıdırlar. Məsələn, son mitinqə liderlərdən biri avtobusla getsəydi, gündəmi mitinqdəki çıxışından daha çox məşğul etmiş olardı…

Dilqəm Əhməd