Baş Prokurorluqda və Tibbi Universitetindəki tədbirlərdə Şuşanın işğal günü yada düşmədi
Dünən Şuşanın işğal olunmasının 20 ili tamam oldu. Təəssüf ki, Azərbaycana dahi şəxsiyyətlər bəxş edən bu qədim mədəniyyət mərkəzinin işğal günü bir çox dövlət qurumlarının yadına düşmədi. Əvəzində həmin təşkilatlarda Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd edildi. Baxmayaraq ki, H.Əliyevin doğum gününə hələ iki gün qalırdı.
Daha konkret desək, dünən bir sıra vətəndaşlar redaksiyamıza telefon açaraq, Baş Prokurorluqda və Azərbaycan Tibb Universitetində Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasimin məhz Şuşanın işğalı günü keçirilməsinə etirazlarını bildiriblər.
Qeyd edək ki, bu məqsədlə düzənlənən hər iki tədbirdə Şuşanın işğalıyla bağlı bir kəlmə də danışılmayıb.
Baş prokurorluqdakı tədbirdə Zakir Qaralov, Tibb Universitetindəki tədbirdə isə deputat-rektor Əhliman Əmiraslanov, vitse-spiker Ziyafət Əsgərov, deputat Məlahət Həsənova ancaq və ancaq Əliyevlərə tərif söyləyiblər.