Sumqayıtdakı piketə icazə verilmədi

İctimai Palatanın yerli şöbəsi isə aksiyanı keçirməkdə israrlıdır

Ictimai Palatanın Sumqayıt şöbəsinin mayın 11-nə Sumqayıt Şəhər Icra Hakimiyyətinin qarşısına təyin etdiyi piketlə bağlı müraciətə yerli rəhbərlik rəsmi cavab verib. Bu barədə “Azadlıq”a AXCP-nin Sumqayıt şöbəsinin sədri Kəmaləddin Rəhimov bildirib. Kəmaləddin Rəhimovun sözlərinə görə, dünən Sumqayıt şəhər Icra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Rəhimov onları qəbul edib: “O, icra hakimiyyətinin yazılı cavabını bizə təqdim etdi. Bəlli oldu ki, piketə icazə verilməyib. O, bunu icra hakimiyyətinin binasında təmir işləri getməsilə izah edib”.
Kəmaləddin Rəhimov bildirib ki, piketə icazə verilməsinə baxmayaraq aksiya keçiriləcək: “Piket Sumqayıtda siyasi partiyaların ofislə təmin olunması tələbilə keçiriləcək. Biz bu aksiyanı keçirməkdə israrlıyıq. Seyfəddin Rəhimovla görüşdən sonra biz ATƏT-in Bakı ofisində olduq. Baş verənləri ATƏT nümayəndəsinin diqqətinə çatdırdıq. Bundan sonra Sumqayıt Şəhər Polis Idarəsindən bizə zəng vuraraq bildirdilər ki, piket keçiriləcəyi təqdirdə qarşısı polis tərəfindən alınacaq”.
Ictimai Palatanın Sumqayıt şöbəsinin mayın 13-nə təyin etdiyi mitinqə gəlincə, Kəmaləddin Rəhimov bildirib ki, hələ rəsmi cavab almayıblar: “Lakin Seyfəddin Rəhimovla belə anlaşıldı ki, mitinqə də icazə verilməyəcək. Biz isə mitinqi də keçirməkdə israrlıyıq”.