İlin ən yorucu ongünlüyü

Yarımca saat ərzində “ümummilli lider” və “ulu öndər” sözlərini necə dəfə təkrar etmək olar? Bu haqda düşünmüsünüzmü? Diktatorlara ürəkdən acıdım və bilmirəm, azad həyatımı yaşadığım üçün neçənci dəfə Tanrıya şükr etdim.
Mən belə başa düşürəm ki, 10 may YAP-çıların əsas bayramıdır. Amma bir gün gələcək, onlar da bu günü kommunistlər 7 noyabrı bayram etdikləri kimi qeyd edəcəklər – çox kiçik dəstə ilə bulvarda gəzişəcəklər, axşam da evlərinə dönüb xatirələrini nəvə və nəticələrinə danışmaq istəyəcəklər. Amma nəvələri qulaq asmayacaq, eşitməyəcək onları…
Bunu gələcəyə yönəlik bir futuroloji cəhd kimi qəbul edin. Nəsə, ürəyimdə yəqinlik var ki, məhz belə də olacaq və Siz də buna inanın. Heç kommunistlər də bir vaxtlar indiki vəziyyətlərinə inanmazdılar. Lakin nə oldu? Qalın-qalın kitablara sığmayan “tarix” asanca bir-iki paraqrafa sığdı. Onu da nəzərə alın ki, o kommunistlərin pis-yaxşı ideyası vardı. Bəs bunların nəyi var? Nə isə… Bu haqda çox yaza bilərəm və Siz də yəqin, mənə inanırsınız. Lakin lüzum yoxdur.
Bir məsələni yenə də qeyd etmək istərdim. Istiqlaliyyət çələnglərindən bunlara pay düşmür və belə ümidlərə qapılmasalar, daha yaxşıdır. Bunlar demokratiya sahəsində nəsə edə bilərdilər. Lakin iddiaları və tamahları buna imkan vermədi. Bunları da bizə və yaxud da bizdən sonra gələn nəsillərə saxladılar. Bu, çox xoşdur və inşallah, biz bu işin də öhdəsindən gələ bilərik. Bunlar başa düşmədi ki, bir neçə il artıq hakimiyyətdə qalmaqdan və sonradan unudulmaqdansa, bir başqa aqibət yaşamaq, millətin yaddaşına köçmək olardı. Lakin bunu istəmədilər və bir daha deyirəm ki, iddiaları və tamahları imkan vermədi. Iddia və tamah da nə qədər olarmış, Ilahi?
Bir günün qarışıq duyğuları
Bunların əsas bayramını qeyd etdim. Amma başqa bir gün də var – 9 May. O gün mən çox qarışıq hisslər keçirirəm. Yetər ki, bir şeyi xatırlayaq – Şuşanın işğalını və bir nöqtə qoyaq. Amma “9 May” da çox maraqlı tarixdir. Mən bunu ona görə qeyd edirəm ki, 46 il biz özümüzü qaliblərdən biri hesab etdik. Zira bir gün məlum oldu ki, bu tarix də bizim həyatımıza faciəli bir şəkildə daxil olub – biz döyüş xəttinin bu tərəfində də olmuşuq, o biri tərəfində də. Əgər o aqibəti təkcə biz yaşasaydıq, bundan başqa nəticələr çıxarmaq olardı. Lakin sovet işğalını yaşamış bütün millətlər bu halda idi – onlar döyüş xəttinin həm bu tərəfində, həm də o biri tərəfində idilər…
Bəzən legionerlərə öz canlarını qurtarmaq üçün faşistlərə satılan insanlar kimi baxırlar. Amma belə idimi? Əsla. Onlar vuruşmaqda davam edirdilər, almanların tərəfinə keçmək onların müharibədən qurtulması, tamam başqa işlərə cəlb edilməsi demək deyildi…
Hər iki halda – həm sovetlər tərəfində qalacaqları, həm də almanların tərəfinə keçəcəkləri halda onları bir aqibət gözləyirdi – vuruşmaq… Ona görə də qəti rəy söyləməkdən çəkinmək lazımdır. Mən başa düşürəm, digər keçmiş sovet ölkələrində də bu məsələ böyük diskussiyalara səbəb oldu. Lakin bu tarixdi və onu tarix kimi də qiymətləndirmək lazımdır. Adi bir tarix dərsliyi deyil ki, bir neçə səhifəsini cırıb atasan və bununla da işini bitmiş hesab edəsən.
Bir məsələ də var, gərək, onu qeyd edim. Yaxşı olardı, Ikinci Dünya Müharibəsi iştirakçılarına ümumi bir abidə qoyulsun və bu abidə ilə başqa tərəflərdə olmağa məcbur olan eyni millət oğulları anılsın.
Nə isə… Bunlar arzulardır və arzular kimi də dilə gətirməyə məcburuq. Indisə, ilin ən yorucu ongünlüyünü yaşamaq lazımdır. Artıq əsas hissəsini yaşamışıq, bir-iki gün qalıb. Amma bu bir-iki günün hay-küyü bütün ilə bəs edir…
Kiçik sözardı
Daha bir yazı bitdi. Deyiləsi çox söz var. Amma tək biz yazmırıq, bizim yaza bilmədiyimiz, unutduğumuz şeyləri dostlar yazacaq. Onlar var olsun! Bizim bu ağır durumda yeganə təsəllimiz onların – dostların çoxluğudur. Inşallah, məhbus dostlarımız da azadlığa çıxar və biz qəzetlərin üçüncü səhifəsinin yuxarı küncündəki şəkillərə baxmaqdan utanmarıq. Ümid edək ki, tezliklə o şəkillərin yerində dostlarımızın müsahibələri olacaq…