Karla Bruninin göz yaşları, yoxsa lüt diktator…

Fransada srağagün keçirilən prezident seçkilərindən sonra “first ledi” statusunu itirən Karla Bruninin göz yaşlarını hiss edib insan kimi duyğulanmaq heç birimizin üzüyünün qaşını düşürməz. Ən azı, bu xəbərə şərh yazanlardan birinin dediyi kimi: Azərbaycanda bir icra başçısı vəzifədən gedəndə bütün sülaləsi 40 gün matəm saxlayır, o ki qaldı o boyda ölkənin prezidentliyindən getmək, “Yelisey” Sarayını tərk etmək və Karla xanımın da “birinci ledi” statusunu itirməsi ola.
Ancaq bu sentimentallığı bir yana qoyub fikrimizi bir az başqa səmtə yönəldək. Deyəsən Həzrət Əliyə aid bir söz var, deyir, sənin dərdinə həsəd çəkən, sənə bəxtəvər deyən nə qədər insan var. Mən onu demək istəmirəm ki, indi nə qədər adam, “ilahi, keşkə mənim ərim çox yox, bircə gün prezident olaydı, onu itirəydi, mən də ağlayaydım – yəni prezident arvadı kimi göz yaşı tökmək şərəfinə nail ola biləydim, ömür boyu bəsimdi”,- deyə düşünür. Yox. Söhbət Karlanın göz yaşlarına həsəd aparacaq adi qadınlardan yox, elə prezident qadınlarından gedir. Həm də Karla kimi cəmi bir beşillikdə birinci xanım olanlardan yox, xanımlığı onilliyi aşanlardan. Məsələn, bu adamların xanımları:
Çili diktatoru Pinoçet (16 il), Zimbabveli Robert Muqabe (32 il), dəli Müəmmər Qəzzafi (42 il), Misir fironu Hüsnü Mübarək (31 il), Yəməndən Əli Abdal Salehi (33 il), Tunisdə Zeynal Abidin Bin Ali (23 il), hələ gecə yatağında arvadıyla şirin yuxudaykən həbs edilən diktator… Bədbəxt oğlunun nə adını, nə ölkəsini belə xatırlaya bilirəm. Google-də belə axtarışlarım bəhrə vermir. Bir neçə siyasi ekspert də onun adını və ölkəsini xatırlayıb mənə deyə bilmədi. Bunun özü də bir bədbəxtlikdi – o cür allahlıq iddiasında olasan, o cür qeyri-adi şəraitdə həbs ediləsən və… heç olmasa adını xatırlamayalar.
Nə isə, bu tip “uzunömürlü” diktatorları və onların yerə-göyə sığmayan forslu “first ledi”lərindən danışmaq istəyirdim. Zənnimcə, o ledilərin adları tarix üçün dəyərli heç nə ifadə eləmədiyinə görə, xatırlamağa belə dəyməz. Sadəcə, “first ledi” sözüylə ümumiləşdirsək, bəs elər.
Indi təsəvvür eləyək – onlar neçə illər ərlərinin yiyələndiyi hakimiyyətin, hüdudsuz imkanların hesabına nə fironluqlar eləyiblər, nə başlar kəsib, nə evlər yıxıblar. Sonu nə olub? Rüsvayçı şəkildə taxtdan salınan ərlərinin ardınca öz qızıl saraylarını tərk etmək. Göz yaşları leysan kimi axıb. Halbuki uzağı iki dönəm prezidentlik səfası görüb hakimiyyətdən adam kimi gedər, bəlkə xalqlarının yaddaşında da hansısa xoş xatirələrlə yaşayardılar. Lakin onların dünyaya sığmayan iddiaları, hökm etmək ehtirasları sonunda nəyə gətirib çıxardı? Sadəcə, rəzil və rüsvay şəkildə ölkəni tərk eləyib qaçmaq və ya həqarət və tənəli baxışlar altında ev dustaqlığında qalmaq, üzünə tüpürülə-tüpürülə məhkəmə salonlarını gətirilib-aparılmaq, söyüşlər, qarğışlar.
Hər halda Karlanın göz yaşları o xanımlar üçün bütün dünyaya dəyərdi. Abırla tökülən göz yaşları. Indi əllərində olsa, bu göz yaşlarını bu şəkildə axıtmaq üçün indiki ağılları ilə ərlərinin ölkədən çapıb-taladıqları bütün var-dövləti uf demədən verərdilər. Indi Karla onların nəzərində dünyanın ən xoşbəxt birinci xanımıdı.
Bəs hələ də diktatorluğunu davam etdirənlər, diktatorluğa yenicə bütün var-qüvvələri ilə can atanlar… Onlar nə düşünür bəs? Karlanın təkcə gözəlliyinə can atmağın bir mənası varmı? Məncə, indi bütün despot xanımları öz hüdudsuz hikkələrini Karlanın göz yaşları kimi rahat bir göz yaşı axıtmaq şansını yaxalamaq uğrunda sərf eləməli, ərlərini yola gətirməlidirlər. Yoxsa dünyanın bütün qızıl yataqları belə, o göz yaşının bir damlasının yanında bir qəpiyə dəymir…
P.S. Hə, o dövlət Afrika ölkəsi Kot-d Ivuar (Fil dişi sahili), bunkerdə gizlənib elə Karla xanımın ərinin qoşunları tərəfindən birinci ledi ilə lüt yaxalanan diktatorun adı isə Loran Qbaqbo imiş. Rahim Hacıyevə təşəkkür.