ip-sessiya-5may2012

İctimai Palata aclıq aksiyasına başlayır

«Eurovision»la bağlı qurumun Mətbuat Mərkəzi mayın 16-dan fəaliyyətdə olacaq

Ictimai Palatanın Koordinasiya Şurasının toplantısı olub. Iclasa KŞ üzvü Rahim Hacıyev sədrlik edib. Onun verdiyi məlumata görə, öncə qərarların icrası vəziyyəti müzakirə olunub. IP-in 7 mayda BŞIH qarşısında keçirdiyi etiraz aksiyası və Şuşanın işğalının 20 illiyinin keçirilməsi yüksək qiymətləndirilib.  
R.Hacıyev bildirib ki, həbsdəki vicdan məhbusları Koordinasiya Şurasına məktub göndərib. Vicdan məhbusları məktubda aclıq aksiyasına başlamaq fikrində olduqlarını bildiriblər. (Məktubu vicdan məhbuslarından Tural Abbaslı, Şahin Həsənli, Babək Həsənov,  Əhəd Məmmədli, Sahib Kərimli və Məhəmməd Məcidli imzalayıblar. Ancaq aksiyaya bütün vicdan məhbusları qoşulacaqlar. Yalnız Bəxtiyar Hacıyev bildirib ki, o, aksiyaya qoşulmayacaq. Aclıq aksiyası mayın 15-dən start götürəcək – red.). Bu məsələ KŞ-da ciddi müzakirə olunub. Qərara gəlinib ki, vicdan məhbuslarına müraciət edilsin. Müraciətdə vicdan məhbuslarına çətin şəraitdə aclıq aksiyası keçirməmələri xahiş olunur; qeyd edilir ki, onların əvəzindən aclıq aksiyasını Ictimai Palatanın azadlıqdakı üzvləri keçirəcəklər. Belə bir müraciət vicdan məhbuslarına göndəriləcək.
Koordinasiya Şurası hakimiyyətə də müraciət etməyi qərara alıb. Müraciətdə hakimiyyətə yaranmış vəziyyətdən çıxmaq üçün əfv və ya amnistiya yolu ilə vicdan məhbusları problemini həll etmək çağırışı olacaq. R.Hacıyev deyib ki, müraciətdə hakimiyyətə bildiriləcək ki, IP vicdan məhbuslarının azad olunmasını daxildə yaranmış gərginliyi və beynəlxalq aləmlə gərginliyi aradan qaldırmaq yolu kimi baxır. Əks halda gərginlik artacaq: “IP çox istərdi ki, hakimiyyət vəziyyəti düzgün qiymətləndirsin. Ölkə haqqında daha pis fikrin formalaşmasının qarşısını almaq üçün lazımi addımı atsın”.
R.Hacıyevin sözlərinə görə, KŞ “Eurovision” musiqi yarışması ilə bağlı mətbuat mərkəzinin yaradılmasını da müzakirə edib. Mətbuat Mərkəzinin mayın 16-dan fəaliyyətə başlaması barədə qərar verilib: “Mətbuat Mərkəzi Müsavat Partiyasının qərargahında fəaliyyətə başlayacaq. Mətbuat Mərkəzində jurnalistlərə Azərbaycanın ciddi problemləri, Qarabağ məsələsi, siyasi məhbuslar məsələsi, demokratiyanın, azad mətbuatın vəziyyəti, Ictimai Palata ilə bağlı çoxsaylı informasiyalar veriləcək”.
R.Hacıyev məlumat verib ki, KŞ jurnalist Xədicə Ismayılın və Nüşabə Fətullayevanın Çovdar qızıl yatağı ilə bağlı bu günlərdə həyata keçirdikləri araşdırmanı yüksək qiymətləndirib. KŞ araşdırmada ortaya çıxarılan məsələlərlə bağlı Ictimai Palatanın yaxın vaxtlarda Dəyirmi Masa keçirməsinə dair qərar verib.
KŞ Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyliyə 50 yaşının tamam olması münasibətilə təbrik ünvanlayıb.