Azərbaycanda inflyasiyanın səviyyəsi 6,6% olub
Iqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda 2012-ci ilin aprel ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.
ITM-dən APA-ya verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticələrinə əsasən, aprel ayında Azərbaycanda deflyasiya qeydə alınıb. Belə ki, ötən ay ölkədə istehlak qiymətləri 0,15% azalıb. Bu azalma ərzaq məhsullarının ucuzlaşması hesabına baş verib. Ay ərzində ərzaq məhsulları 0,47% ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,13% bahalaşıb, xidmət tarifləri isə 0,34% artıb.
Mart ayına nisbətdə aprel ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,24% artsa da, regionlardakı 0,54% azalma nəticəsində deflyasiya yaranıb. Bu zaman ərzaq məhsulları Bakıda 0,06% bahalaşıb, regionlarda 1% ucuzlaşıb, qeyri-ərzaq məhsulları isə əksinə, Bakıda 0,02% ucuzlaşıb, regionlarda isə 0,27% bahalaşıb.
Xidmətlərin dəyəri Bakıda 1,05% artıb, regionlarda isə 0,37% azalıb. Ay ərzində ən çox alça (11,48%), nərə (11,11%), köhnə kartof (10,66%) və toyuq yumurtası (4,21%) ucuzlaşıb. Bahalaşma isə istilik pomidoru (16,59%), təzə kartofda (8,23%), xidmətlərdən isə rəqs qruplarında məşğələlərdə (8,22%) və digər məhsullarda qeydə alınıb. Hesablamalar göstərib ki, 2012-ci ilin dörd ayında ölkədə 0,96%, o cümlədən Bakıda 1,79%, regionlarda isə 0,15% inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 1,86%, xidmətlər 1,29% bahalaşıb, qeyri-ərzaq məhsulları isə 1,16% ucuzlaşıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 6,57%-lik qiymət bahalaşması qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 9,63%, regionlarda isə 3,56% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında (10,21%) olub. Qeyri-ərzaq məhsullarında artım 0,70%, xidmətlərdə isə 4,79% təşkil edib.


