İnsan hüquqları və söz azadlığı sahəsində tanınmış beynəlxalq QHT koalisiyası Avropa Yayım Birliyini (AYB) Azərbaycan hakimiyyətindən Eurovision müsabiqəsi ərəfəsində ölkədə əsas insan hüquq və azadlıqlarını təmin etməyi tələb etməyə çağırıb.
Mayın 7-də Koalisiya bəyanatla çıxış edərək AYB-nin mayın 2-də Cenevrədə ifadə azadlığına həsr etdiyi seminarı tənqid edib. Tədbirdə Azərbaycan nümayəndə heyəti əsasən hakimiyyət nümayəndələrindən ibarət olub. Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov öz opponentlərinin çıxışlarını tənqid edərək onları faktları təhrif etməkdə, beynəlxalq təşkilatlara yalan məlumat verməkdə ittiham edib. Bundan əlavə, əvvəldə elan olunsa da, azərbaycanlı hüquq müdafiəçisinə söz verilməyib.
“Biz azərbaycanlı həmkarlarımızın təhlükəsizliyindən çox narahatıq və onlara qarşı cavab tədbirlərindən ehtiyatlanırıq. AYB-ni və beynəlxalq qurumları seminardan sonra azərbaycanlı hüquq müdafiəçilərinin qorunması məsələsinə diqqətlə yanaşmağa çağırırıq”, – bəyanatda deyilir.
“Əli Həsənovun davranışı Azərbaycan hökumətinin maraqlı tərəflərin hamısı ilə konstruktiv dialoqa hazır olmadığından xəbər verir. Əksinə, Ə.Həsənov belə bir fikri daha da möhkəmlədib ki, hökumət müstəqil mətbuata qarşı düşmənçilik siyasətini davam etdirəcək”, – bəyanat müəllifləri hesab edirlər.
Azərbaycan mətbuatının düşdüyü repressiv mühitlə mübarizə aparmaq əvəzinə, hökumət nümayəndələri dünyanı inandırmağa çalışırlar ki, ölkə mətbuatı peşəkar deyil. Bununla da diqqət mətbuat azadlığı problemləri ilə bağlı diskussiyaların keçirilməsinə, mətbuatla bağlı əsas problemlərin elə mətbuatın özündən irəli gəlməsi barədə yalan təsəvvürün yaradılmasına yönəldilir.
“Eurovision Avropa Yayım Birliyinə və beynəlxalq təşkilatlara Azərbaycan hakimiyyətindən mətbuat azadlığı məsələləri ilə bağlı konkret nəticələri tələb etmək üçün imkanlar yaradır. Həmin tələblərin arasında aşağıdakılar var:
– Peşə fəaliyyətinə görə həbsdə olan altı jurnalist də daxil olmaqla, siyasi məhbusların dərhal azadlığa buraxılması;
-Diffamasiyanın dekriminallaşdırılması;
-Tənqidi səslərin siyasi motivli təqib olunmasına son qoyulması;
-Jurnalistlərə hücum faktlarının ciddi, müstəqil və şəffaf araşdırılması.
AYB Baş Assambleyası 2010-cu ildə Bakıda söz azadlığı, kütləvi informasiya vasitələrinin müstəqilliyi və demokratiya haqqında bəyannamə qəbul edib. AYB ifadə azadlığı hüququna hörmətlə yanaşılmasına yardım göstərmək barədə öhdəlik götürüb, ifadə və KİV azadlığının möhkəmləndirilməsi sahəsində hökumətə bir sıra tövsiyələr verib.
Bəyanatı Amnesty International, ARTICLE 19, Jurnalistləri Müdafiə Komitəsi, Human Rights House Foundation, Human Rights Watch və digər qurumlar imzalayıblar (contact.az).