Ukraynanı boykot baş tutdu

Yanukoviç Avrosammiti təxirə saldı; İspaniya “Avro-2012”nin Kiyevdən alınması üçün UEFA-ya müraciət etdi

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun həbsiylə bağlı yaranmış gərginlik Viktor Yanukoviç hakimiyyətini geri addım atmağa məcbur edib. Ukrayna hökuməti eks baş nazir və müxalif liderin məruz qaldığı zorakılıq hallarına görə ünvanlanan etirazlar səbəbiylə bu həftə ölkədə keçirilməsi planlaşdırılan Mərkəzi Avropa dövlət başçılarının zirvə toplantısını təxirə salmaq qərarı verib.

Halbuki Yalta şəhərində prezident Viktor Yanukoviçin ev sahibliyiylə başlayaması planlaşdırılan sammitin gələn ay Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avropa çempionatı öncəsi rəsmi Kiyev üçün bir sınaq olması gözlənilirdi. Ancaq zirvə toplantısına qonaq kimi qatılacaq avropalı liderlərin bəzilərinin tədbiri boykot etməsi Ukrayna hakimiyyətinin sammiti təxirə salmaq məcburiyyətində buraxıb.

Xarici İşlər Nazirliyindən yayılan açıqlamada deyilir ki, bir neçə avropalı liderin müxtəlif səbəblərlə Yalta zirvəsinə katılmaması üzündən Ukrayna sammiti qeyri-müəyyən vaxtadək təxirə salıb. Toplantının yeni tarixi diplomatik kanallar vasitəsilə aparılacaq danışıqlar nəticəsində müəyyən ediləcəyi bildirilib.

Bununla yanaşı İspaniya Futbol Federasiyasının prezidenti
Anhel Mariya Vilyar UEFA-ya müraciət ünvanlayaraq Ukraynda və Polşada təşkil olunacaq futbol üzrə Avropa çempionatının öz ölkəsində keçirilməsini təklif edib. Federasiya rəhbəri yalnız Ukraynada keçiriləcək oyunların İspaniyada təşkil edilməsini istəyib. Əlavə edək ki, Timoşenkoya qarşı zorakılıq hallarına görə, bir neçə ölkənin yığma komandaları Ukraynaya gəlməmək barədə qərar qəbul etmək fikrindədir. Bəzi Avropa liderləri isə artıq çempionatı boykot etmək qərarı verib.

azadliq.info