«NATO-nun Suriyaya hərbi müdaxiləsi üçün müraciət etməyə hazıram»
Suriyada gərginlik davam etməsinə baxmayaraq Bəşər Əsəd ölkədə islahatlar apardığına dair görüntü yaratmaq üçün ölkənin son 40 illik tarixində ilk dəfə olaraq çoxpartiyalı parlament seçkiləri keçirir. Parlamentdəki 250 yer uğrunda 9 yeni partiya mübarizə aparır. Müxalifət isə iddia edir ki, onlar siyasi iqtidara bağlıdır və müstəqil deyillər. Bu səbəbdən müxalifət xalqı seçkini boykot etməyə çağırıb. Müxalif koalisiyanın başçısı, Suriya Milli Şurasının üzvü Əl-Xəraki deyib ki, “bu oyun rejimin təşkil etdiyi maskaradın bir hissəsidir”.
Əlavə edək ki, seçki yeni konstitusiyanın qəbulundan 3 ay sonra keçirilir. Yeni konstitusiya “BƏƏS”i “rəhbər partiya” olmaqdan məhrum etdi və başqa partiyaların yaradılmasına icazə verdi. Yeni qanunla prezidentlik müddəti 7 ildir və dövlət başçısı iki dəfədən artıq seçilə bilməz. Parlament seçkilərində “BƏƏS” və onu dəstəkləyən Milli Inkişaf Cəbhəsindən başqa 7 partiya var. Ənənəvi olaraq yerlərin yarısı fəhlə və kəndlilərin nümayəndələrinə ayrılır. Yerlər uğrunda 7195 namizəd mübarizə aparır.
Bu arada Türkiyəyə sığınan suriyalı qaçqınlara baş çəkən baş nazir Rəcəb Tayyib Ərdoğan Bəşər Əsəd rejiminin məğlubiyyətinə və xalqın qələbəsinə az qaldığını mühacirlərin diqqətinə çatdırıb. Hökumət rəhbəri öz xalqına zor işlədən hakimiyyətlərin sonunun acınacaqlı olacağını bildirib. Oradan ayrılan baş nazir Sloveniyaya səfəri ərəfəsində Italiyanın “Corriere della Serra” qəzetinə müsahibəsində Suriya ilə bağlı mühüm mesajlar verib. O, Əsəd rejiminin sona çatdığını söyləyib. Baş nazir əlavə edib ki, o, NATO-nun Suriyaya müdaxiləsi üçün təşkilata rəsmi müraciət etməyə hazırdır.