“Mərkəzdə aksiyalar davamlı olacaq”

Əli Kərimli: «Çağırışları diqqətə almasalar, aksiyalar daha tez-tez keçiriləcək»

İsa Qəmbər: «Hakimiyyət bu aksiyadan nəticə çıxarmalıdır»

“Ictimai Palata 7 mayda daha bir uğurlu aksiya keçirdi və tələblərimiz nəzərə alınmasa, şəhərin digər mərkəzi yerlərində etiraz tədbirlərimiz davam edəcək”. Bunu, AXCP sədri, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli qurumun mayın 7-də keçirdiyi piketi dəyərləndirərkən deyib.
 Ə.Kərimli bildirib ki, Azərbaycan hakimiyyəti dünya birliyinin və Ictimai Palatanın çağırışlarını diqqətə almasa, şəhərin mərkəzində aksiyalar daha tez-tez və daha rəngarəng olacaq: “Ictimai Palata Bakı Şəhər Icra Hakimiyyəti qarşısında növbəti piketini keçirdi və vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb etdi. Bakı Şəhər Icra Hakimiyyəti, Azərbaycan hökuməti ölkə vətəndaşlarının sərbəst şəkildə etirazlarını təşkil etmələrinə imkan vermir. Bundan əvvəl də bildirmişik ki, biz islahat istəyirik, siyasi məhbusların azad olunmasını, sərbəst toplaşmaq azadlığının təmin edilməsini istəyirik. Və bu istəyimizdə israrlıyıq. Azərbaycan hökuməti Ictimai Palatanın mitinqlərinin normal qaydada keçirilməsinə şərait yaratmasa, meriyanın qarşısında və şəhərin digər mərkəzi yerlərində kütləvi etiraz aksiyalarımız davam edəcək. Artıq növbəti mitinq üçün Bakı Şəhər Icra Hakimiyyətinə müraciət olunub. Həftə ərzində Azərbaycan hakimiyyətinin fikirləşmək üçün vaxtı var. Dünya birliyinin və Ictimai Palatanın çağırışlarına diqqətlə yanaşmalıdılar. Əks təqdirdə, bundan sonra şəhərin mərkəzində aksiyalar daha tez-tez və daha rəngarəng olacaq”.
Müsavat başqanı Isa Qəmbər Ictimai Palatanın 7 may aksiyasının son dərəcə uğurlu alındığını deyir: “Yüzlərlə Ictimai Palata üzvü və tərəfdarı Bakı Şəhər Icra Hakimiyyətinin qarşısında həm sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb etdi, həm də hakimiyyətin bu istiqamətdə yol verdiyi qanun pozuntusuna etirazını bildirdi. Həmçinin vicdan məhbuslarının azad edilməsinə çağırış edildi. Bu, ”Eurovision” ərəfəsində ciddi bir siqnal kimi qiymətləndirilməlidir. Hakimiyyət bu aksiyadan nəticə çıxarmalı, həm vicdan məhbuslarını azad etmək, həm də sərbəst toplaşmaq azadlığının qanun çərçivəsində gerçəkləşdirilməsi üçün müvafiq addımlar atmalıdır. Aksiyada fədakarlıq göstərən hər bir iştirakçıya təşəkkürümü bildirirəm”.
I.Qəmbərin sözlərinə görə, Ictimai Palata növbəti aksiyalarını 13, 19, 20, 21 maya təyin edib: “Bu tarixlərdə kütləvi aksiyaların keçirilməsi ilə bağlı müraciətlər hazırlanır. 13 mayla bağlı artıq Bakı Şəhər Icra Hakimiyyətinə müraciət olunub. Hesab edirəm ki, bu aksiyalar da kifayət qədər uğurlu olacaq. Hakimiyyət bizim müraciətlərə qanun çərçivəsində yanaşarsa, təbii ki, Ictimai Palata olaraq biz bunu nəzərə alacağıq”.