“Demokratiya naminə oxu”mağa qadağa

Bakıdakı otellər kampaniyanın təşkilatçılarına yer verməkdən imtina edir

“Eurovision”a qədər beynəlxalq konfrans, açıq hava tədbiri, mətbuat konfransı və şəhər gəzintisi təşkil olunacaq

“Demokratiya naminə oxu” kampaniyasının təşkilatçıları “Eurovision” ərəfəsinə planlaşdırdıqları tədbirləri açıqlayıblar. Təşkilatçılardan “İnsan haqları klubu”nun sədri Rəsul Cəfərovun sözlərinə görə, may ayı ərzində ilk tədbir ayın 16-da olacaq: “Azərbaycanda insan haqları” mövzusunda beynəlxalq konfrans keçirəcəyik. Məqsəd, “Eurovision” ərəfəsində ölkədə insan haqlarının vəziyyətini müzakirəyə çıxarmaq və problemlərin həlli üçün təkliflər verməkdir. Otellərin əksəriyyəti bu tədbir üçün bizə yer verməkdən imtina etdi. Ən nəhayət biz bir otellə müqavilə bağlaya bildik. Əgər onları da son anda imtinaya məcbur etsələr, biabırçılıq olacaq. İnanmıram ki, belə bir şey olsun. Amma yenə də hər şey gözləmək olar”.
R.Cəfərovun sözlərinə görə, ikinci tədbir mayın 18-də musiqi gecəsi formatında olacaq: “Həmin mərasimdə insan haqları mövzusunda mahnılar ifa olunacaq. Bu tədbirimizin vaxtı yer probleminə görə dəyişə bilər. Çox çalışdıq ki, bu mərasimi açıq hava altında keçirək. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət Hazirliyinə, “Eurovision” Təşkilat Komitəsinə müraciət etdik. Lakin onlardan konkret cavab ala bilmədik. Hə “hə”, nə də “yox” dedilər. Biz də bunu “yox” kimi qəbul etdik. Əgər açıq hava ideyası baş tutmasa, bu tədbiri gecə klublarından birində keçirəcəyik”.
Mayın 21-də isə “Demokratiya naminə oxu” kampaniyasının təşkilatçıları “Eurovision”a gələn əcnəbi jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Hüquq müdafiəçilərinin iştirak etdiyi konfransda da əsas müzakirə mövzusu Azərbaycanda insan haqlarının vəziyyəti olacaq. Hələlik mətbuat konfransının harada keçirəcəyini dəqiqləşdirməmişik. RATİ-nin ofisi bunun üçün çox kiçikdir. Çalışacağıq ki, otellərin birində olsun. Artıq iki otel bizə imtina cavabı verib. Deyiblər ki, ayın 14-dən sonra bütün yerlər doludur. Bilmirik düz deyirlər, yoxsa yalan”.  
Həhayət sonuncu tədbir mayın 22-dən 26-dək şəhər gəzintisi şəklində olacaq: “Biz üzərində şüarlar yazılmış köynəklərə gəzintiyə çıxacağıq. Şüarları əsasən insan haqları ilə bağlı çağırışlar təşkil edəcək”.

Gültəkin