BDU-nun professoru Abel Məhərrəmovu «vurmaq» üçün həbs edilib?
Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin sabiq dekanı, hüquq elməlri doktoru, professor Məhəmməd Imanlının həbsi ilə bağlı redaksiyamıza müxtəlif məlumatlar daxil olub. Məlumatları oxucuların diqqətinə çatdırmamışdan əvvəl qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi Məhəmməd Imanlının cinayət başında yaxalanması barədə məlumatı təsdiqləyib. Idarədən APA-ya verilən məlumata görə, Məhəmməd Imanlı külli miqdarda rüşvət alan zaman cinayət başında yaxalanıb.
Məlumata görə, Məhəmməd Imanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40000 manat pul tələb edib və həmin külli miqdarda pulu 05 may, 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi, 6 saylı evdə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Məhəmməd Imanlının yaşadığı evə baxış keçirilərkən sonuncu Bakı şəhər sakinindən rüşvət kimi aldığı 40000 manat pulu təqdim edib. Həmçinin yaşadığı evdən müxtəlif əsginazlarla ümumilikdə 79300 ABŞ dolları, 61260 manat, 13020 avro və vətəndaşın adına olan əvvəlki təhsil müəssisəsini bitirməsinə dair diplomun surəti, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
Bu fakta görə Məhəmməd Imanlı barədə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. O, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs-qətimkan tədbiri seçilib.
Redaksiyamıza daxil olan məlumatlarda isə iddia olunur ki, Məhəmməd Imanlının həbsi BDU-nun rektoru Abel Məhərrəmova qarşı yönəlib. Bildirilir ki, Məhəmməd Imanlının rektorla guya qohumluq əlaqələri var. Onun həbsi isə Abel Məhərrəmovun karyerasını bitirməyə hesablanıb. Iddialara görə, rektorun təhsil naziri və başqa yüksək vəzifəyə təyin edilməsi məsələsi gündəmdə imiş. Buna qarşı olanlar Məhəmməd Imanlının həbsini təşkil etməklə rektoru yolunun qarşısını kəsməyə çalışır. Başqa məlumatlara görə isə Məhəmməd Imanlı hansısa yüksək vəzifəli şəxsin xahişini yerinə yetirməyib və buna görə də cəzalandırılıb. Məhəmməd Imanlının BDU daxili intriqalara görə həbs edilməsi barədə də iddialar var.
Bu arada tanınmış vəkil Aslan Ismayılov bu məsələ ilə bağlı “Azadlıq”a maraqlı açıqlama verib. Vəkil bildirib ki, o dəfələrlə Məhəmməd Imanlının qanunsuz əməlləri barədə Abel Məhərrəmova müraciət edib: “Mən faktlarla Abel Məhərrəmovun diqqətinə çatdırmışam ki, bu adam qanunsuz işlərlə məşğuldur. Lakin heç bir tədbir görülməyib. Məhəmməd Imanlı hansı işlərlə məşğul olduğunu universitetdə hər kəs bilirdi. O cümlədən hüquq-mühafizə orqanları Məhəmməd Imanlını necə deyərlər başlarının üzərində gəzdirirdi. Əgər Məhəmməd Imanlıdan başqa yüksək vəzifəlilər də həbs olunacaqsa, onda bunu korrupsiyaya qarşı mübarizə adlandırmaq olar. Bu baş verməyəcəksə deməli Məhəmməd Imanlı cinayətkar oyun qaydalarıni pozduğuna görə həbs edilib”.


