“Dedi ki, mənim nə günahım var belə bir ağır vəziyyətdə həbsxanada saxlayıb əzab verirlər”
Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan “Texnikabank”ın Yasamal filialının müdir müavini, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qayını Elnur Seyidovun sənədləri tibbi rəy verilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Məlumatı “Media forum” saytına vəkil Fəxrəddin Mehdiyev verib.
Vəkilin sözlərinə görə, Elnur Seyidovun Türkiyədə keçdiyi müayinələrin yekunlarına dair rəyləri, Azərbaycan Elmi-Tədqiqat Bərpa İnstitutunda aparılan müalicəyə dair sənədləri MTN-ə təqdim ediblər: “MTN tibbi rəy verilməsi üçün sənədləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərib. MTN Elnur Seyidovun xəstəliyi, hazırkı durumu, təcridxanada saxlanmasının mümkün olub-olmadığına dair rəy verilməsini istəyib. Mən də birlikdə olmuşam, rəhbərliklə görüşmüşəm. Dedilər ki, həm həkimlər gedib Elnur Seyidovu müayinə edəcəklər, həm də sənədlərə baxacaqlar. Yekunda isə tibbi rəy veriləcək. Amma bunun nə vaxt olacağını bildirmədilər”.
Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur.
Mayın 7-də Elnur Seyidovla görüşdüyünü deyən vəkilin sözlərinə görə, iş üzrə heç bir istintaq aparılmır, təqsirləndiriləni dindirməyiblər, heç kimlə üzləşdirməyiblər: “Səhhəti isə ağır olaraq qalır, günü-gündən ağrıları artır, görmə qabiliyyəti zəifləyir. Ekspertizanı da uzadırlar. Bu da onun işinə qərəzli yanaşıldığını göstərir. Dedi ki, mənim nə günahım var belə bir ağır vəziyyətdə həbsxanada saxlayıb əzab verirlər, axı mən heç kimə pislik etməmişəm, hər hansı cinayət törətməmişəm…”.


