Daşkəsənin Çovdar kəndinə bağlı ərazilərdə 2,5 milyard dollarlıq qızıl yatağının sahibləri arasında Ilham Əliyevin qızlarının da olması uzun müddət danışılacaq mövzudur. Lakin həmin faktı ortaya çıxaran jurnalist araşdırması daha bir mövzunu gündəmə gətirdi – Çovdar kəndinin sakinlərinin güzəranını, ağır həyatını, nimdaş geyimlərini və şəraitsiz köhnə evlərini. Internetdə yayılan bu araşdırma yazısına bir video da əlavə edilib. Videoçəkilişdəki kəndin mənzərələri, sakinlərin danışıqları göstərdi ki, bu sadə insanlar çox ağır həyat sürürlər…
Evlərinə ev demək mümkün deyil. Geyimləri çox nimdaşdır. Iş-gücləri yoxdur, hətta əkin-biçinlə, mal-heyvan saxlamaqla bir şey edə bilmirlər. Bunlar videodan aydınca görünür, elə özləri də yaşadıqları zilləti olduğu kimi danışırlar.
Həmin video böyük maraqla izləndi və dərhal bir məqam hamının diqqətini çəkdi. Bütün həyatları boyu istirahətsiz çalışan, namuslu əməkləri ilə yaşayan bu sadə insanların ağızlarında dişləri də yoxdur. Bu məqam çoxlarını təəccübləndirdi. Amma əslində, təəccüblü heç nə yoxdur. Axı təkcə Çovdarda, təkcə əyalət kəndlərində deyil, bütün Azərbaycanda addımbaşı dişsiz adamlara rast gəliriksə, burda yeni nə var?!
Bu müşahidələrimi bir dəfə də yazmışdım. Bizim ölkədə hər yerdə dişsiz adamlara rast gəlirik. Baxırsan ki, adamın dişləri ya tamamilə yoxdur, ya da bir neçə qabaq dişinin yeri görünür. Bu hala “mırtıq olmaq” da deyirlər. Amma mən bunu gülmək üçün demirəm, əksinə, ürək ağrısı ilə yazıram. Uşaqların bir yaş dövrü var ki, onlar diş dəyişdiyi üçün mırtıq olur. Təbii haldır. Bəs cavanlar, yaşlılar? Müəllimlər, alimlər niyə? Hətta Ilham Əliyevlə görüşlərdə TV-lər belə adamları göstərirlər.
Bəzən TV-lərdə həmvətənlərimiz mırtıq dişlə mövcud hakimiyyəti tərifləyirlər…
Səbəb isə çox sadədir: adamlar dişlərini düzəltdirə bilmirlər. Hətta bilmirəm ki, stomatoloq xidmətlərinin qiymətləri bizdə ucuzdur, ya baha, amma onu dəqiq bilirəm ki, adamlar kasıblıqdan edə bilmir bunu. Imkansızlıqdan bu ölkənin xeyli adamı dişsiz gəzir. Ölkəmizin reallığını əks etdirmək üçün bu da bir göstəricidir.
Kasıblıq və imkansızlıq insanların özünə baxması vərdişlərini itirir, bu zaman insan özünü yaddan çıxarır. Bu, çətin şəraitdə olan bütün ölkələrdə, bütün xalqlarda rast gəlinən bir haldır. Yəni, pis günün doğurduğu bir təzahürdür. Pis gün, sıxıntı, səfalət hətta evi-eşiyi olan adamları da “bomj” görkəminə salır.
Illər öncə Avrostatistikada maraqlı göstəricilərlə üzləşərək xeyli heyrətlənmişdim. Məsələn,ÿölkədə istifadə olunan dəftərxana kağızının adambaşına düşən miqdarı, yaxud adambaşına düşən tualet kağızı istehlakı. O vaxt xaricdə təhsil alan iqtisadçı dostlardan biri izah etdi ki, müasir ölkələrdə həyat səviyyəsini müəyyənləşdirmək üçün bu kimi həssas və yan göstəricilərdən də istifadə edirlər. Çünki makroiqtisadi göstəricilər, həmçinin klassik statistika real vəziyyətin bütün tərəflərini aça bilmir. Iqtisadi və sosioloji biliklərim artdıqca, bunu daha yaxşı anlamağa başladım. Tutaq ki, ölkədə adambaşına düşən ÜDM artıb, bəlkə bu zaman gəlirlər daha çox hərbi sahəyə yönəlib? Bəlkə ölkə xərclərinin çoxunu asfalt və körpü çəkməyə sərf edib? Və ÜDM artımına baxmayaraq, adamların vəziyyəti yaxşılaşmayıb.
Bizim hakimiyyət də neft pullarıyla körpülər salır, səkiləri təmir edir, divarları rəngləyir, bahalı və hündür binalar tikir, “Eurovision” keçirir, elə bilir insanlar kefdədir.

Dişsiz adamlar ölkəsi – 2
•