Mənə elə gəlir ki, yoxdur. Hətta ölkənin içində də hələlik ciddi bir dəyişikliklər olmasa da, siyasi məhbuslar məhbəsdə, partiyalar öz qərargahlarında girov kimi qalsa da, partiyaların qurultay və aksiya keçirmək cəhdləri yasaqlardan aşa bilməsə də, liderlərin yerdəyişmə azadlığı həllini tapmasa da, ümidlər və gözləntilər böyükdür…
Yer bu hakimiyyətin ayaqları altından qaçır. Bunlar bu vəziyyətdən köhnə şantaj üsulları ilə qurtulmaq istəyir, gündə bir şey çıxarır və hətta siyasi kurslarını dəyişəcəkləri haqda bəyanatlar verirlər. Dünya çox darısqaldır. Hara gedəcəklər? Bir ünvan qalıbmı? Bəlkə ölkəni də götürüb o biri planetlərə köçəcəklər?
Mən dünyadakı proseslərə baxanda çox ciddi və nizamlı dəyişiklik görürəm. Dünya siyasətində iki ciddi vektor var: cəmiyyət və hakimiyyət. Bu vektorların hər ikisi indi bu hakimiyyətin əleyhinə doğru yönəlməkdədir. Əsas vektor cəmiyyətdir, çünki demokratik ölkələrdə çox az hallarda, bəlkə də nadir hallarda hakimiyyətlər cəmiyyətin rəyinə qarşı gedir və onu inkar edir. Bizim hakimiyyət ictimai mənada gözdən düşür. Onlar bu tendensiyanı başa düşmürlər. Dünyada nə baş verir? Hər şeyə insan, onun rifahı və azadlığı prizmasından baxılır, əsas siyasi vektor insandır. Bizə çox hallarda qəribə gəlir ki, nədən belə böyük ölkələr “erməni məsələsi”ndə bu qədər canfəşanlıq edir? Bu, təkcə hansısa məkrli geosiyasi planların, siyasi aləmin bizə məlum olmayan gizlinlərinin nəticəsində baş verirmi? Səbəb bu deyil. Sadəcə, ermənilər dünya ölkələrinin, əsasən də cəmiyyətlərin çox zəif damarını tutublar, onlar bəşəriyyətin humanist hisslərini istismar edirlər. Bu, sizə qəribə gəlməsin. Mənə elə gəlir ki, biz də ermənilər qədər işləsək, uzun müddət cəhd göstərsək, dünya ölkələri Xocalı soyqırımını da tanıyacaq. Elə indinin özündə də belə nümunələr var. Bu məsələnin indiyə qədər geniş rezonansla müşayiət olunmamasının bir səbəbi var: biz ermənilər qədər işləmirik!
Insan məsələsi, onun haqları və qayğıları dünya siyasətində çox önəmli bir amilə çevrilir. Zaman keçdikcə, dünya qloballaşdıqca, insanların informasiyası və öz hakimiyyətlərinə təsiri artdıqca avtoritar rejimlərə bir atavizm tək baxılır. Insanlar liderlərini belə ölkələrin despotları ilə bir cərgədə görmək, o ölkələrlə əməkdaşlıq etmək, onların məhsullarını belə, almaq istəmirlər. Bu mənada proses çox ciddi şəkildə gedir. Suriya hələ müxalifət qüvvələrinin əlində olmasa da, Bəşər Əsədin üstündən xətt çəkilib. Artıq Afrikanı tanımaq olmur, ondan qala, Şərqi Avropa elan edilmiş ölkələr ola!
Həmin bu “Şərqi Avropa ölkəsi” məsələsi bu hakimiyyətə çox baha başa gələcək, biz buna zərrə qədər şübhə etmirik. Heç kim bunlara Avropanın Şərqində uçuq, bəli, köhnəlmiş, avtoritar daxmacıq tikməyə imkan verməyəcək.
Bir məsələ də var, onu mütləq qeyd etmək lazımdır. Dünya siyasətində elə anlar olur ki, hansısa ölkələrlə bağlı cəmiyyətlərlə hakimiyyətlərin baxışı üst-üstə düşür və bu vaxt əsl siyasi fırtına baş verir. Başqa ölkələrdə də hakimiyyətlər əsas etibarilə xarici siyasət məsələlərində öz cəmiyyətlərinin məlumatsızlığından istifadə edirlər. Lakin görəndə ki, cəmiyyət artıq məlumatlıdır, onda siyasəti dəyişirlər, başlayırlar cəmiyyət deyəni etməyə. Mənə elə gəlir, Azərbaycanın indi bu mərhələyə yaxınlaşması prosesi baş verir. Bu yaxınlaşma elə də çox çəkməyəcək və bir gün dəyişiklik baharı bura da yetişəcək.
Kiçik sözardı
Mən başa düşürəm. Hətta L.I.Brejnev də deyirdi ki, vədlərdən kökə bişirmək mümkün deyil. Amma bizim başqa bir imkanımız varmı? Hələ ki, çoxluq bizi başa düşmək istəmir. Bir tərəfdən məişət girdabı, o biri tərəfdən əsl istehlak bumu, digər tərəfdən də son 19 ildə əsl milli ideyaya çevrilmiş “şəxsi uğur” konsepsiyası onu siyasi proseslərdən uzaqlaşdırır. Sadaladığım həmin o üç amil insanlara öz problemlərini ictimailəşdirməyə və onların ictimai kökünü araşdırmağa imkan vermir. Lakin bu da çox davam etməyəcək, maraqlar bir gün toqquşacaq. Məlum olacaq ki, bu ölkədə uğur qazanmaq üçün fərdi səylər o qədər də yetərli deyil. Onda başlayacaq…

Bədbinlik üçün əsas varmı?
•