“Bakıda tapa bilmədiyimiz məmurları Cenevrədə gördük”

Rəsul Cəfərov: «Əli Həsənov dedi ki, «kim bizdən müharibə istəyirsə, müharibə alacaq»

«Təəssüf ki, Avropa Yayımları Birliyi birmənalı olaraq hakimiyyətin mövqeyindən çıxış etdi»

Mayın 2-də Avropa Yayımları Birliyinin Cenevrədəki mənzil-qərargahında Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə dair geniş tədbir keçirildi. Tədbirdə Azərbaycanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, həmçinin bir neçə müstəqil QHT nümayəndəsi təmsil etmişdi.
“Insan haqları klubu”nun sədri, Demokratiya naminə oxu!” kampaniyasının təşkilatçılarından olan Rəsul Cəfərov da həmin toplantıya qatılan QHT nümayəndələrindən biri olub.  Onun sözlərinə görə, Avropa Yayımları Birliyinin təşkil etdiyi tədbirdə pərdə arxasında qalan bir xeyli məqam var. Belə məqamlardan biri qurumun birmənalı olaraq Azərbaycan hakimiyyətinin mövqeyindən çıxış etməsidir: “Əslində bu tədbirin təşkili də təsadüf deyildi. Avropada bu quruma qarşı xeyli tənqidlər var. Qurum da tənqidləri yumşaltmaq üçün avropalılara göstərmək istədi ki, baxın, biz Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə dair tədbir təşkil edirik. Amma bir müsbət məqam var idi ki, Bakıda tapa bilmədiyimiz məmurları Cenevrədə gördük. Onlardan biri də Əli Həsənov idi. Ən azı, onlara sözümüzü çatdırmaq imkanı əldə etdik. Müzakirələrdən sonra keçirilən mətbuat konfransını isə birmənalı olaraq hakimiyyətin apardığı siyasətin təbliği kimi qiymətləndirmək olar. Həmin mətbuat konfransında həm Azərbaycandan, həm də bir neçə başqa ölkədən olan QHT nümayəndələri də iştirak və çıxış etməli idi. Lakin mətbuat konfransına 5-10 dəqiqə qalmış bunun qarşısı alındı. Tədbirdə biz Avropa Yayımları Birliyinin icraçı direktoruna və Əli Həsənova yaxın oturmuşduq. Mən gördüm ki, Azərbaycan hakimiyyətini təmsil edən nümayəndə heyəti 5-6 dəfə öz iradlarını bildirdilər ki, QHT-lər burada oturmamalıdır. Onların buna ixtiyarı yoxdur. Avropa Yayımları Birliyindən bizə bir neçə dəfə yaxınlaşdılar ki, buranı tərk edə bilərsiniz? Biz də israr etdik ki, burada oturacağıq. Bu baxımdan mətbuat konfransını həm bizim hakimiyyət, həm də Avropa Yayımları Birliyi üçün bir utanc hesab edirəm. Avropa Yayımları Birliyindən bu cür mövqeyi heç gözləməzdim. Birmənalı olaraq Azərbaycan hakimiyyətinin mövqeyini müdafə edirdilər. Bu biabırçılıqda açıq-aydın iştirak edirdilər. Onları Bakıya tədbirimizə dəvət etmişdik. Amma gəlməkdən imtina etdilər. Elə o vaxtdan gördüm ki, burada nəsə başqa məsələ var. Cenevrəyə gedəndən sonra isə bir daha əmin oldum ki, Avropa Yayımları Birliyinin mövqeyi nədən ibarətdir”.
R.Cəfərovun sözlərinə görə, tədbirə qatılan yerli və beynəlxalq QHT təmsilçiləri dünən bəyanatla çıxış edərək Cenevrədə baş verənlərə etiraz bildiriblər: “Bəyanatı ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi yayacaq. Əli Həsənov tədbirdə bir söz işlətmişdi ki, ”Kim bizdən müharibə istəyirsə, müharibə alacaq”. Bəyanatda bu məqam da əksini tapır”.
R.Cəfərovun sözlərinə görə, tədbirdən əvvəl Əli Həsənovla söhbətləri olub: “Birbaşa təmasımız çox az oldu. Naharda əks tərəflərdə oturmuşduq. Yalnız tədbirdən əvvəl Əli Həsənovla bir az söhbət etdik. Bizə hər hansı ittihamedici iradları olmadı. Hər kəs öz mövqeyini açıqladı. Sadəcə Əli Həsənov oradakı hüquq müdafiəçilərini müxalifətçi adlandırdı. Dedi, Emin Hüseynov, Rəsul Cəfərov müxalifətçidir, ola bilər gələn dəfə onlar mənim, mən onların yerində oturum. Belə bir anlaşılmaz açıqlama verdi. Ümumilikdə götürəndə Cenevrədəki tədbir heç bir nəticəsi və faydası olmayan bir tədbir oldu”.

Gültəkin