İsrail kəşfiyyatçısı: «Tehrandan Tel-Əvivə raketin çatması üçün isə cəmi 7 dəqiqə vaxt lazımdır»
“İranla ”altılıq” arasında keçirilən müzakirələrdə bütün tərəflərin qəbul edəcəyi həll yolu tapmağa çalışırıq”.
“Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Hillari Klinton bildirib. Onun sözlərinə görə, Rusiya və Çin də daxil olmaqla BMT Təhlükəsizlik Şurasının üzvlərini Irana qarşı sərt sanksiyalar tətbiq olunması məsələsində razı salıblar:”Daha sonra ABŞ Avropa Birliyi ilə birlikdə Irana qarşı birtərəfli sanksiyaları sərtləşdirib. Hətta Iran neftinə tətbiq olunmuş sanksiya nəticəsində bu ölkə neftini sata bilmir və milli valyutası dəyərini itirir”.
H.Klinton əlavə edib ki, ABŞ diplomatik həll yolunun tərəfdarıdır və hazırda tərəflər arasında müzakirələrin necə nəticələnəcəyini söyləmək tezdir.
Lakin dünən “Russia Today” telekanalı “The Washington Post” qəzetinə istinadən “ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir aydan da qısa müddət ərzində Iranın hərbi gücünü məhv etmək imkanına malik olduğunu açıqlayıb” məzmununda xəbər yayıb.
Xəbərdə bildirilir ki, ABŞ Mərkəzi Komandanlığı bu ölkənin hava və dəniz qüvvələri ilə birlikdə üç həftə ərzində Iranın hərbi gücünü çökdürə biləcəyini deyib.
Məlumatda ABŞ-ın məhz bu səbəbdən Fars körfəzinə 2 təyyarə daşıyan gəmi göndərdiyi və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də radara yaxalanmayan “F-22″ qırıcı təyyarələrini yerləşdirdiyi qeyd olunub:”Hazırda ABŞ-ın Iran ətrafında 125 mindən çox əsgəri var, bunlardan da 90 mini Əfqanıstandadır. Ancaq ABŞ Irana qarşı hərbi müdaxilənin ən son variant olduğunu bəyan edir və hələ də əsasən sanksiyaların sərtləşdirilməsinə çalışır”.
Israil Silahlı Qüvvələri Kəşfiyyatının sabiq rəhbəri Amos Yadlın isə “Haaretz” qəzetinə Iranın kompleks bir strategiya ilə nüvə proqramını davam etdirməkdə olduğunu deyib.
Onun sözlərinə görə, nüvə silahına malik Iran bu ölkəyə hərbi müdaxilə etməkdən daha təhlükəlidir:”Iran kompleks bir strategiya ilə nüvə silahı istehsal etməkdədir. Təəssüf ki, bu strategiya hələ də davam edir”.
A.Yadlın deyib ki, Irana hərbi müdaxilə təşkil edilməzdən əvvəl bütün variantların istifadə olunmasının tərəfdarıdır. O, həmçinin Tehrandan Tel-Əvivə raketin çatması üçün yalnız 7 dəqiqə vaxt lazım olduğunu vurğulayıb.