Zaqatalanın Bazar kəndində 60-dan çox ev uçub. Əksər evlərin divarları bütövlükdə və ya qismən dağılıb. Bu barədə “Turan”ın xüsusi müxbiri Bazar kəndindən məlumat verib.
Onun sözlərinə görə, yeraltı təkanlar davam edir. Əhali təşviş içindədir, heç kim evinə yaxın getmir.
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri kənddə olub. Amma əhali təlimatlandırılmır, adamlar qorxu və təşviş içindədir.
Bazar kəndində ölən və yaralanan yoxdur. İki nəfər yüngül xəsarət alıb. Zaqatala və Qax
şəhərlərində 12 ballıq şkala üzrə 7 bal gücündə yeraltı təkanlar hiss olunub.
***
Fövqəladə Hallar Nazirliyi mayın 7-də Zaqatala rayonunda baş vermiş yeraltı təkanların nəticələri ilə bağlı açıqlama yayıb.
“Media forum” saytının məlumatına görə, açıqlamada deyilir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin mütəxəssisləri hadisə zonasına baxış keçirib: “Nazir artıq Zaqatala rayonunun Muxax, Zəyəm və Bazar kəndlərində olub və oradakı vəziyyətlə tanış olub. Keçirilmiş ilkin baxışlar nəticəsində adıçəkilən kəndlərin hər birində 20-yə qədər yaşayış evinin ciddi zədələndiyi müəyyən edilib.
Ciddi dağıntıya məruz qalmış evlərin sahibləri üçün yeni evlərin tikilməsi və təmirə ehtiyacı olan evlərdə bərpa-bərkitmə işlərinin görülməsi nəzərdə tutulub.
Zəlzələ nəticəsində dəymiş ziyanın miqyasının müəyyən edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsi davam etdirilir.
Zədələnmiş tikililərin vəziyyətinin müəyyən edilməsi üçün yerlərdə müvafiq komissiyalar fəaliyyətə başlayıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına başlanıb. Bölgədəki infrastruktur obyektləri normal iş fəaliyyətini davam etdirir. Son məlumatlara əsasən, zəlzələ nəticəsində ciddi xəsarət alan yoxdur”.
***
Mayın 7-si saat 13:36-da Zaqatalada yenidən yeraltı təkan olub. Bu dəfə də zəlzələ rayondan 18 kilometr cənubi-şərqdə qeydə alınıb.
Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin gücü Zaqatalada 4, Qax, Oğuz, Şəki rayonlarında 2-3 bal gücündə hiss olunub.
***
Mayın 7-də Zaqatala bələdiyyəsinin sədri Vaqif Şabanov “Media forum” saytına açıqlamasında bildirib ki, zəlzələ vaxtı rayonun Dombabinə kəndində bir nəfər pəncərədən özünü atıb. Həmin şəxsin qolu sınıb.
Hazırda Dombabinədə olduğunu bildirən Vaqif Şabanovun sözlərinə görə, burada qəzalı vəziyyətdə olan evlərdən biri zəlzələdən sonra çöküb: “Bəzi başqa yaşayış binalarının divarlarında çatlar yaranıb”.
Bələdiyyə sədri deyib ki, rayon mərkəzində də təhlükəli vəziyyət yaranıb: “Aşağı Tala, Çobankol və Muxax kəndlərində dağıntıların çox olduğu barədə məlumatlar almışıq. Hazırda məlumatlar dəqiqləşdirilir”.
***
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ baş verən regiona gedib. Bu barədə məlumat FHN-nin rəsmi saytında yer alıb.
***
Zaqatala rayonunda bu gün daha iki zəlzələ baş verib. ANS PRESS-in AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yerli vaxtla saat 10:38-də qeydə alınıb. Maqnitudası 4.50 olan yeraltı təkanlar 11 km dərinlikdə, Zaqatala rayonundan 16 km cənubi-qərbdə qeydə alınıb. Daha bir zəlzələ isə maqnitudası 4.20 olan təkanlar isə yerli vaxtla saat 10:40-da, Zaqatala rayonundan 18 km cənubi-qərbdə olub.
***
Mayın 7-də səhər saat 9.40 radələrində Zaqatala rayonunda zəlzələ olub. Respublika Seysmoloji Xidmətin yaydığı məlumata görə, Zaqatala və Qaxda 7-bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub. Tikililərdə dağıntı var və insan təlafatı yoxdur.
Zaqatala rayonu Yuxarı Tala kənd sakini Sultan Sultanovun “Azadlıq” radiosuna verdiyi məlumata görə, bu indiyədək gördükləri ən güclü zəlzələdir: «Bir çox evlərin dam örtüyü dağılıb və kənddə 80-ci illərdə tikilmiş 2 nömrəli uşaq bağçasının binasında uçulma var. Uşaqlar bağçadan dərhal evakuasiya olunublar».