Vaqifin “Yuğ”u, “Yuğ”un Vaqifi…

«Yuğ»la 90-ı başa vurdu, amma ömürlə olmadı…

Onun adı Azərbaycan teatrında bir yenilikçi, novator sənətkar kimi çəkilib həmişə.
Özü də, sənəti və tələbələri də başqalarından fərqliydi. Bəzən onu “Amerika kəşf etmək”də də məzəmmət edirdilər. Teatra cəsarətlə gətirdiyi yenilikləri hamı “həzm etmirdi”. Onun qeyri-adiliyi həm də teatrının adında öz əksini tapıb. Təbii, söhbətin ustad rejissor Vaqif Ibrahimoğludan və onun “Yuğ” teatrından getdiyini anlamaq olar.
Özü “Yuğ” adının izahını “yuğlama”, mərasim kimi izah edirdi. Bu sənət ocağı ona övlad kimiydi, həyatı boyunca arzuladığı plan və ideyalarını bu teatrla reallaşdırmışdı. Istedadlı tələbələrini burada addım-addım yeritmiş, boya-başa çatdırmışdı…
Özü isə 18 oktyabr 1949-cu ildə Bakının Mərdəkan kəndində dünyaya göz açmışdı. Uşaqlıq illərini də orada keçirmişdi. Amma dünyagörüşündə, həyata baxışında Qəbələnin Nic kəndində əmisinin yanında keçirdiyi günlərin dərin təsiri olduğunu deyirdi. Həyat gerçəklərini bütün rənglərilə görə-görə, təbiətin sirlərini çözə-çözə bişmişdi keçdiyi yollarda. Xalq düşüncəsinə, xalq musiqisinə, xalq sənətinə oradan vaqif olmuşdu Vaqif bəy. Əvvəldən yönünü incəsənətə doğru tutmuşdu. Bu niyyətlə də M.A.Əliyev adına Teatr Institutunun aktyorluq fakültəsini bitirmişdi. 3 il Gənc Tamaşaçılar Teatrında aktyorluq etmiş, 1976-cı ildən peşəkar rejissorluğa başlamışdı. Onun sənət yolu maraqlı və rəngarəng hadisələrlə doludur. Xronologiya ilə baxsaq, qarşımıza belə qısa bir tarixçə çıxar: 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində çalışıb.
Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. Elə bu tarixçədən görünür ki, Vaqif bəy xarici ölkələrdə də tanınırdı. Dostları danışırdı ki, Türkiyənin Ankara şəhərində müalicə olunan zaman ziyarətçilərinin ardı-arası kəsilmirdi. Həqiqətən də, bu qardaş ölkədə onun dostlarının sayı-hesabı yoxdu.
1984-cü ildə Türkiyədə “Arşın mal alan”ı səhnələşdirmişdi Türkiyə teatrlarında. Sonra dəfələrlə qonaq kimi getmiş, “Yuğ”la qastrol səfərində də olmuşdu. Özü bu barədə deyirdi ki, ilk səfər tarixi Evrən Paşanın çevriliş hadisələri dövrünə təsadüf etmişdi. Küçədə dolaşan tanklar, əsgərlər yeni bir aləmin mənzərələri idi. Amma çox zaman adı “türkçü” kimi hallanan Vaqif bəy deyirdi ki, vurğun olduğu bu ölkəyə sanki arzular ölkəsinə səyahət edirmiş kimi düşmüşdü və həmin səfər onun düşüncələrində böyük dəyişikliklər yaratmışdı.
O, ruhən novator bir insandı…
Şübhəsiz ki, onun fəaliyyətinin böyük və unudulmaz bir hissəsi 1989-cu ildən yaratdığı “Yuğ” teatrı ilə bağlıdır. Fəaliyyətə başladığı gündən həm teatrın fəhləsi, həm də yaradıcı sahibi – bədii rəhbəri olmuşdu. Çalışmaları, zəhməti hədər getməmişdi. 1992-ci ildə teatr dövlət statusu almışdı. O, bu teatrda həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi. Teatrın “doğum” gününü də öz doğum gününə salmışdı. Bu gün onun üçün həm də, Azərbaycanın tarixinə müstəqillik günü kimi düşdüyünə görə əziz idi.
O, ruhən novator bir insandı. Xaricdə təhsil almamışdı, dünya teatrlarında da böyük təcrübə keçməmişdi. Bəs onu həmkarlarından bu qədər fərqləndirən səbəb nə idi? Bu qədər təzə tapıntılar, “kəşflər” hardandı onda? Özü bunun ilk sirrini müəllimlərinə bağlayırdı. Institutda böyük rejissor Tofiq Kazımovdan sənət və həyat dərsi aldığını etiraf edirdi. Böyük müəlliminin ölümündən sonra teatrda yaranan boşluğu da belə sənətkarların çox az sayda olması ilə əlaqələndirirdi. Rejissorluğunu da ustadının yolunu layiqincə davam etdirmək üçün bir borc kimi qəbul etdiyini söyləyirdi.
“Teatrın o vaxtkı durumu nə gülməliydi, nə ağlamalı. Bəlkə də, bunların sintezi idi. Ancaq o həvəs, özünə, yaradıcılığa inam bizi xilas etdi. Sənətə mənimlə eyni nəslə mənsub olan böyük rejissorlar – Hüseynağa Atakişiyev (ruhu şad olsun), Mərahim Fərzəlibəyov, Azərpaşa Nemət və Vaqif Abbasov (ruhu şad olsun) kimi rejissorlar gəldi və biz ümumi böhranla üz-üzə qaldıq. Hərə bacardığı qədər o böhranın içində fəaliyyətə başladı. Kimin qismətinə nə düşdü, bunu dəyərləndirmək olar. Amma mən bu gün bunu etməyəcəyəm…” – deyirdi rejissor.
Vaqif bəyin “Yuğ”unu onun ən dəyərli əsəri saymaq olar. Bu “əsər”lə o, öz teatrına bina verilən günə qədər, böyük teatrların kiçik köşələrinə sığına-sığına necə möcüzələr yaradıb… Füzulidən tutmuş, Aşıq Veysələ, Frans Kafkaya qədər uzanıb yaradıcılıq axtarışları. Səhnəyə çıxan tamaşalar da bir-birindən uğurlu və orijinal olub. O, tələbələri kimi, əsərləri də zərgər dəqiqliyi ilə seçməyi bacarırdı. Bu seçiminin üzərində də böyük bir enerji ilə, istədiyi “modeli” alıncaya qədər işləyirdi. Onun tamaşaları seyrçinin yaddaşında əbədi iz qoymadan keçib getməzdi. Böyük əhatə dairəsində olmasa belə, yeni tamaşaları uzun müddət müzakirə mövzusuna çevrilərdi. Hətta aşırı “müasirliyi” səbəbindən “hoqqa çıxardığını” deyənlər də tapılırdı. Amma bütün rəyləri o qədər təmkin və sakitliklə qarşılayırdı ki… Tənqidlərə və məzəmmətlərə də tam anlayışla, hətta bəzən dərs alacaq qədər həssaslıqla yanaşırdı. Bu, bir sənət adamına xas olan ən dəyərli keyfiyyətdir.
“Uzun incə bir yol”…
Mayın 12-də onun vəfatından bir il keçir. Amansız xəstəlik onu harada yaxaladı, bəlkə özü də bilmədi heç. Amma o, Aşıq Veysəlin bəhs etdiyi “uzun, incə bir yol”u keçib gəlmişdi olduğu yaşa. Haqqa gedən yolun qəflətən bitə biləcəyini də gözəl bilirdi… Vaqif Ibrahimoğlu Azərbaycanın elə insanlarındandır ki, onun haqqında danışılacaq gözəl şeylər yetərli qədərdir. Özü deyirdi ki, kiminləsə problemi olduğunu xatırlamır. Onun əsgərlik xatirələrində də, tələbəlik illəri, sənət yolu ilə bağlı söhbətlərində də bir baməzəlik, bir səmimilik, bir ürəyəyatımlılıq vardı. Çünki o heç vaxt saxta danışmağı və saxta görünməyi bacarmırdı. Necə vardısa, eləydi. Başdan sona kimi də bu xarakterini, bu duruşunu, bu insanlıq fəlsəfəsini qoruyub saxladı. Bir sıra fəxri adlar da aldı, mükafatlar da. Amma ən böyük mükafatı o öz yeni ideyaları, istedadlı tələbələri ilə Azərbaycan teatrına verib getdi. Bu elə bir dəyərdir ki, Azərbaycanda sənət və sənətkarlıq olduqca onun adını tarixdən silinməyə qoymayacaq.
“Vaqif Ibrahimoğlu bizə ”Yuğ”u qoyub getdi. Onun mirası mənəviyyatlılıqdır, insanlıqdır. Onun qoyub getdiyi miras bu gün Azərbaycanın dörd bir yanına səpələnmiş aktyor və rejissor heyətidir. Onun nəfəsi bu teatrda olmaya bilməz. Belə bir şey mümkün deyil. Mən hələ də Vaqif Ibrahimoğlunun nəfəsini çiynimdə hiss edirəm. Onun varlığını duyuruq. Vaqif müəllimin “əlindən su içmiş” insanlar heç vaxt naxələf çıxa bilməz. O, bizə nə qədər sənətlə bağlı sözlər söyləsə də, onun hər zaman söylədiyi bir fikir bizim üçün ən ali pillədə dururdu. O deyirdi ki, ilk növbədə şəxsiyyət və sonra sənət. Insan heç vaxt şəxsiyyətini sənətinə qurban verməməlidir” (Ərtoğrul Kamalov – tələbəsi).
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir