“Azadlıq” radiosunun əməkdaşları Xədicə Ismayıl və Nüşabə Fətullayevanın apardığı jurnalist araşdırmasının nəticələri haqlı olaraq ölkəmizin gündəmini tutub. Amma normalda bu yazının nəticəsi siyasi iqtidarı yerindən oynatmalı idi. Dərhal prokurorluq hərəkətə keçməli və cinayəti araşdırmalı idi. Bu araşdırma dəhşətli gizlinlərin üstünü açıb, zarafat deyil, prezident Ilham Əliyevin ailə üzvlərinə məxsus şirkət 2,5 milyard dollarlıq qızıl mədəninə sahib olub.
Qızıl mədəninin şirkətə verilməsi ilə bağlı müqavilə parlamentdə təsdiq olunanda bəzi deputatlar soruşub ki, tanınmayan yeni bir şirkətə qızıl mədəninin istismarını nə üçün etibar edirik? Təsəvvür edin, hətta YAP-çı deputatların da bəzən ağlına gəlmir ki, hər şey prezidentin nəzarətində ola bilər. Bir sözlə, şirkətin kimə məxsusluğunu gizli saxlayırdılar.
Bu şirkətin təsisçisi olan şirkətlər isə Panamada qeydiyyatdan keçib. Niyə görəsən? Niyə prezidentin qızları şirkəti Azərbaycanda yox, Panamada qeydiyyatdan keçirir? Bu suallar əvvəllər də verilib. Hamı bunun səbəbini yaxşı bilsə də, heç bir rəsmi orqan, nə də prezident bu suala cavab vermir.
Ona da cavab verilmir ki, prezident övladlarının bu uğurunun səbəbi nədir? Amma əvvəlcədən bəllidir ki, onların bu müqavilələri qazanması qanunsuzdur…
Bir müddət əvvəl Ilham Əliyevin qol saatı ilə bağlı “Azadlıq” qəzeti bir bloggerin şərhini yaymışdı. Prezidentin mətbuat xidməti ultimatum verdi, Prezident Administrasiyasının şöbə müdiri də qəzeti məhkəmə ilə hədələdi. Mətbuat xidməti öz məlumatında yazırdı: “Bildiririk ki, prezident Ilham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir”.
Qızıl mədənləri artıq prezidentin nəyə üstünlük verdiyini sübut etdi. Amma bunsuz da xalq hər şeyi bilirdi…
***
Azərbaycan talana qurban gedir. Aşınır, mənəviyyatını, mədəniyyətini, birliyini, keçmişini, gələcəyini də itirir. Bu illərdə biz təhsilsiz, kitabsız, ədalətsiz, həqiqətsiz bir cəmiyyətə çevrilmişik. Yalanlarla bizi yanlış yollarla aparmaq istəyirlər…
Amma nə anladıq biz? Qara qızılı da gördük, sarı qızılı da. Gördük ki, bu ölkənin dürüst insanlarından savayı heç bir həqiqi sərvəti yoxdur. Yalnız dürüst insanlar bir ölkənin həqiqi sərvətidir. Onlar bizim yanlış yolla aparıldığımızı görür, deyir və buna qarşı dirəniş göstərirlər. Azərbaycan hakimiyyətini təmsil edənlər isə qara və sarı qızıla yiyələnib, bizi kasıb qoymaqla kifayətlənmir, bu adamları da məhv etmək istəyirlər. Onları basqılarla sıradan çıxarır, təzyiqlərlə susdurur, yaxud qorxudub satın alırlar. Şanlı hakimiyyət məhz bu məsələdə bizi daha çox talayır.
Fəqət, bütün çətinliklərə baxmayaraq, bu ölkənin dürüst insanları vətənini xilas etmək üçün əlindən gələni edir. Insanlar ən çətin şəraitdə mübarizə aparır, Azərbaycanı düşdüyü YALAN və TALAN MƏDƏNIndən xilas etmək istəyirlər. Bu mənada ölkəmiz yaxşıya doğru dəyişir. Daha doğrusu, yaxşıya doğru dəyişməsi üçün ümidlər artır.
***
Qızılların kimin cibinə axmasından asılı olmayaraq, cəmiyyətimizdə haqsızlığa etirazlar artmaqdadır. Hətta bu tendensiya indiyəcən haqsızlığın yanında olan qurumlarda da artır. Ötən günlərdə bunun nümunələrini gördük. Məsələn, Vətəndaş Həmrəyli Partiyasının deputatı Fəzail Ibrahimlinin parlamentdəki utanılacaq çıxışına bu partiyanın tanınmış fəalı Samir Əsədli tərəfindən etiraz edilməsi belə bir nümunədir. Keşkə hər şey bu cür yaxşıya doğru getsin…

Sadə metal saatla qızıl mədəninə sahib olmaq
•