Səfirliyin yaydığı bəyanatda Azərbaycan hakimiyyətinin ünvanına da ciddi tənqidlər yer alıb
Son aylar Azərbaycanın bəzi KIV-ləri Iran haqqında təhrif olunmuş məlumatlar yayırlar, deyə Iranın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir. Bu nəşrlər “öz xalqının ictimai rəyinə xəyanətdir”, habelə Azərbaycanın xarici siyasəti üçün “problemlər” yaradır, deyə bəyanatda qeyd olunur.
Daha sonra səfirlik ATƏT-in Minsk qrupunu münaqişənin sülh yollu ilə başa çatdırılmasında bacarıqsızlığı və uğursuzluğunu sübut etdiyi üçün tənqidə məruz qoyur.
Irana gəlincə, bu ölkə regionda və bütün dünyada sülh istəyir, regional böhranların yaranmasına isə regiondan kənar ölkələrin işğalı və müdaxiləsi səbəb olur.
Iran müxtəlif yollarla Azərbaycanla ticarəti inkişaf etdirməyə səy göstərib, lakin Azərbaycan tərəfi ticarət dövriyyəsini artırmağa meyl göstərməyib, səfirlik belə hesab edir. Sübut kimi səfirlik Azərbaycan tərəfdən hüquqi və gömrük məhdudiyyətlərinin olmasını, bunun faktiki olaraq iki ölkə arasında ticarətin inkişafına mənfi təsir göstərdiyini qeyd edir. Lakin buna baxmayaraq, Iran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi elə bu günlərdə də Ermənistanla olduğundan xeyli artıqdır. Daha sonra səfirlik Türkiyə və Ermənistan arasında genişmiqyaslı ticarətə işarə edir. Yenidən Qarabağ mövzusuna qayıdan səfirlik bildirir ki, bu problemin həlli Iranın xarici siyasəti ilə deyil, iki digər amillə bağlıdır: birincisi işğal edilmiş rayonları azad edəcək qüvvələrin döyüş qabiliyyəti, ikincisi bəzi regional və regiondan kənar dövlətlərin müdaxiləsi mümkünlüyünün istisna edilməsi.
Şuşanın və Laçının işğalının Iranın vasitəçilik missiyası ilə heç bir əlaqəsi olmayıb. Regiondakı bəzi qüvvələr münaqişə tərəflərinin təhriki ilə Iranın sülh yaratma missiyasını uğursuzluğa düçar etməyə çalışırdılar.
Bəyanatda o da deyilir ki, Iran səfirliyi qərəzli və asılı KIV-lər tərəfindən yol verilmiş təhrifləri hüquqi və məhkəmə yolu ilə araşdırmaq hüququnu özündə saxlayır.
Lakin bu geniş sənəddə bir curnalistin, KIV-in, hətta səfirliyin narazılığına səbəb olan konkret məqalənin belə adı yoxdur. Eyni zamanda, qeyd edək ki, son vaxtlar Iranı ən çox Azərbaycanın hökumətyönlü və rəsmi KIV-ləri tənqid edir.