“Mur-Ay” MMC-nin direktor müavinindən sensasion məktub

«Bizdən Kəmaləddin Heydərova nə qədər rüşvət verməyimiz barədə ifadə almaq istədilər»

Elxan Hüseynovun müavini ölkə başçısına yazdığı məktubda istintaqı daha nələrdə ittiham edir?

Bir mənzili bir neçə nəfərə satmaqla 1000-ə yaxın vətəndaşın pulunu mənimsəyən “Mur-Ay” MMC-nin təsisiçisi və baş direktoru Elxan Hüseynovun müavini Bəybala Sultanovun ölkə başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və fövqəladə hallar naziri Kəmaləddin Heydərova ünvanladığı məktub əlimizə keçib. Məktub bu ilin fevralın 22-də yazılıb. Məktubu oxucuların diqqətinə çatdırırıq:

“Yazıb sizə bildirirəm ki, 2006-ci ildən ”Mur Ay” MMC-də direktor müavini işləyirəm. Işim hündürmərtəbəli binaların tikilməsi və onların vətəndaşlara satılmasından ibarətdir. Ilk vaxtlar işimiz keyfiyyətli və sürətlə gedirdi. Lakin 2008-2009-cu illərdə MMC-nin direktoru Hüseynov Elxan Balaxan oğlunun tez-tez yataq xəstəsi olması səbəbindən mənim işlərim çoxaldı. Bu, sonradan özümün də ürək xəstəsi olması və əməliyyat edilməmlə nəticələndi.
Mən MMC-nin direktoru və təsisçisi Elxan Hüseynovun bütün göstərişlərini yerinə yetirirdim. Işimin mahiyyəti direktorun tapşırıqlarını yerinə yetirmək idi.
Şirvanda Heydər Əliyev muzeyinin tikilməsi, ətrafının abadlaşdırılması, içərisinin avadanlıqlarla təmin edilməsi “Mur Ay” MMC-nin vəsaiti hesabına olub. Iş başa çatdırılaraq fonda (Heydər Əliyev Fondunu nəzərdə tutur-red) təhvil verilib.
Eyni zamanda akademiyanın Fizika institunun əməkdaşlarına güzəştli şərtlərlə hündürmərtəbəli binaların tikintisinə başlanılmışdı. Işlərin çoxluğu xəstəliyimi daha da şiddətləndirdi və ürəyimə aparat yerləşdirildi.
2010-cu ilin sonlarında eşitdim ki, DIN tərəfindən “Mur Ay” MMC ilə bağlı cinayət işi başlanıb. Mən həmin müddətdə xəstə yatırdım. 2011-ci ilin yanvar ayında DIN-in müstəntiqi Möhübbət Hüseynov məni xəstə-xəstə Baş Istintaq Təhqiqat Idarəsinə dəvət etdi. Ilk gündən müstəntiq mənə qarşı zor tətbiq edərək məndən etmədiyim cinayət haqqında zorla ifadə aldı. Mən stres və qorxu içində olduğuma və eləcə də xəstəliyimin şiddətlənməsinə görə ona “nə yazırsan yaz, mən imza edərəm” dedim. Müstəntiq ifadəmi öz bildiyi kimi komputerdə yazdı və sonra mənə məcburi şəkildə imzalatdırdı.
Həmin ilin fevral-iyul ayları ərzində isə DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılmışam. Orada təhqir və təzyiqlər altında sorğu-sual edilmişəm. Məndən və şirkətin direktoru Elxan Hüseynovdan zor tətbiq etməklə fövqəladə hallar naziri Kəmaləddin Heydərova nə qədər rüşvət verməyimiz barədə ifadə almaq almaq istədilər. Eyni zamanda mənə təzyiq edərək “Azərbaycan” Nəşriyyatının işçisi Qalib Məmmədbəyli haqda  böhtan xarakterli ifadəmi aldılar. Hal hazırda mən Bakı Istintaq Təcridxanasında bir ildən artıqdır ki, qeyri-qanuni, heç bir günahım olmaya-olmaya məhbus həyatı yaşayıram. Müstəntiq Möhübbət Hüseynov burada da mənə təzyiqlər göstərir. Ifadəmi dəyişcəyim halda məni uzun müddətli həbsə göndərəcəyi ilə hədələyir.
Göstərilənləri nəzərə alaraq sizdən artıq dərəcədə xahiş edirəm ki, məndən tam sərbəst formada ifadə alıb yaranmış ziddiyyətlərə görə zərərçəkmiş Isayev Azadəli, təqsirləndirilən şəxslər Qalib Məmmədbəyli, Elxan Hüseynov və digərlərilə üzləşdirəsiniz. Onda bütün həqiqətlər sizə bəlli olar və haqq öz yerini tapar. Mən də Allah qarşısında təmiz olaram”.
Xatırladaq ki, Bəybala Sultanovun açıqladığı faktlar zaman-zaman “Azadlıq”da dərc olunub. Onun bu məktubu bir daha sübut edir ki, yazdıqlarımız əsassız olmayıb.