İlham Əliyev izahat verməlidir

Əvəz Temirxan: «Bunu siyasi etika tələb edir»

Sərdar Cəlaloğlu: «Milli Məclis komissiya yaratmalı və məsələyə aydınlıq gətirilməlidir»

“Azadlıq” radiosunun əməkdaşları Xədicə Ismayıl və Nüşabə Fətullayevanın prezidentin övladlarının adına olan şirkətlərlə bağlı növbəti araşdırması geniş rezonansa səbəb olub. Araşdırma nəticəsində Daşkəsəndəki qızıl yataqlarının güzəştlə verildiyi şirkətlərin prezidentin qızlarına məxsus olduğunu məlum olub.
Məlum olub ki, bu ilin sonu Azərbaycanın qərbindəki Çovdar yatağından qızıl çıxarılmasına başlanmalıdır. Bu mədənin işlənməsi üçün müqavilə (dəyəri 2,5 milyard dollardır) 2007-ci ildəki qeyri-şəffaf prosedurla AIMROC adlanan konsorsiuma verilib, hökumət bu şirkəti Britaniya-Yaponiya-Panama konsorsiumu kimi təqdim edib. Həmin konsorsium 2007-ci ildə tələm-tələsik məhz sözügedən layihə üçün yaradılıb. Ortaya çıxarılan sənədlərsə göstərir ki, AIMROC əslində Panamada qeydiyyatdan keçmiş və prezident Ilham Əliyevin qızlarıyla bağlı olan şirkətlərin nəzarətindədir.
Xatırladaq ki, bir müddət əvvəl də Xədicə Ismayıl buna bənzər araşdırmalar aparıb və Azərbaycanın mobil rabitə bazarında xüsusi söz sahibi olan “Azerfon” şirkətinin ölkə prezidenti Ilham Əliyevin qızları Leyla və Arzu Əliyevalara məxsusluğu sənədlərlə sübut edilmişdi. Eyni zamanda ara-sıra hakimiyyətdə təmsil olunan digər məmur-oliqarxların övladları ilə bağlı buna bənzər məlumatlar da ortalığa çıxıb. Bu tip kifayət qədər ciddi məlumatlara ölkə başçısı və onuna ilə üzvləri izahat verməlidirmi?

ALP sədri Əvəz Temirxan hesab edir ki, araşdırmada adı çəkilən şəxslər məsələyə aydınlıq gətirməlidir. Bunu siyasi etika tələb edir.
ADP sədri Sərdar Cəlaloğlunun fikrincə isə əgər bu şirkətlərdə prezident və onun ailəsi hər hansı şəkildə iştirak edirsə, dərhal ləğv edilməlidir. Çünki Azərbaycan qanunlarına görə məmurlar və yaxınları biznes fəaliyyəti ilə məşğul ola bilməzlər.
S.Cəlaloğlunun sözlərinə görə, sivil ölkələrdə prezidentin və onun ailəsinin bizneslə əlaqəsi ola bilməz. Çünki onun səlahiyyəti biznesdə şübhəli məqamların ortalığı çıxmasına səbəb olar. Amma Azərbaycanda 1993-cü ildən bəri fəaliyyət göstərən bütün xarici şirkətlərdə ya hakimiyyət nümayəndələrinin payı var ya da bilavasitə onların  şirkətləridir. Sadəcə xaricdə qeydiyyatdan keçiriblər. S.Cəlaloğlu müvafiq orqanların məsələ ilə bağlı araşdırma aparmalı olduqlarını da qeyd etdi. Eyni zamanda Milli Məclis komissiya yaratmalı və məsələyə aydınlıq gətirilməlidir. Ancaq təəssüf ki, Azərbaycanda heç bir dövlət orqanı öz konstitusion hüquqlarını yerinə yetirmir.

Fizzə