Abutalıbovun oğlu şantaj edilib?

Yəhudi əsilli iş adamının İsrafil Abutalıbovu ittiham etməsinə cavab verildi

Bu günlərdə Bakıda yaşayan yəhudi əsilli iş adamı Qurban Mahmudov mətbuat konfransı keçirərək, Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu Israfil Abutalıbovun təzyiqlərinə məruz qaldığını bildirmişdi.
O demişdi ki, Rusiyada yaşayan iki şərikilə birgə Bakıda qızıl alqı-satqısı və lombard fəaliyyəti ilə məşğul olmaq üçün 2009-cu ildə “Spektr” Kiçik Müəssisəsindən Yasamal rayonu, Nazim Hikmət küçəsində icarəyə iki otaqdan ibarət ofis götürərək, 10 illik müqavilə bağlasalar da, aprelin 27-də icarəyə götürdüyü ofisə saqqalı və qısa şalvarda şəxslər gələrək, bu işin şəriətə zidd olduğunu söyləyilblər və onlardan fəaliyyətlərini dayandırmağı, obyekti tərk etməyi tələb ediblər: “Mən onlara kim olduqlarını soruşdum. Onlar bildirdilər ki, Israfil Abutalıbovun göstərişi ilə bura gəliblər və onun adından danışırlar. Bundan sonra mən dərhal ”Spektr”in sahibi Bəxtiyar Məmmədova zəng edərək bu şəxslərin kim olduğunu, onun bu məsələdən xəbərdar olub-olmadığını soruşdum. Bəxtiyar Məmmədov boğuq səslə dedi ki, Israfil Abutalıbov Bakı meri Hacıbala Abutalıbovun oğludur”.

Qurban Mahmudov ofisdən çıxmayacaqlarını və bu haqda DIN-ə, MTN-ə, hətta Heydər Əliyev Fonduna müraciət etdiklərini bildirmişdi.
Azpolitika.com Qurban Mahmudovun adını hallandırdığı “Spektr” Kiçik Müəssisəsinin sahibi Bəxtiyar Məmmədovla əlaqə saxlamağa nail olub. Bəxtiyar Məmmədov isə Qurban Mahmudovun iddialarını təkzib edərək, olayın məqsədli şəkildə şişirdildiyi, işin arxasında isə Hacıbala Abutalıbovun ailəsini ləkələmək istəyənlərin əlinin olduğunu bildirib. Bəxtiyar Məmmədov deyib: “17 may 2011-ci ildə mən Qurban Qutais oğlu Mahmudovla icarə müqaviləsi bağlamışam. Müqavilə 01 iyun 2012-ci ilədək qüvvədədir. Sadəcə, mən əsaslı səbəblərə görə onlarla müqaviləni təzələmək istəmədiyimdən və bu haqda rəsmi bildiriş də göndərdiyimdən, Qurban Mahmudovun qohumu Maqsud Mahmudov belə bir şou təşkil etdi. Guya, saqqallı kimlərsə gedib onları hədələyib. Hamısı yalan, böhtandır. Belə bir şey ümumiyyətlə olmayıb”.