“Bakı Taksi” MMC 500-dən çox taksi sürücüsünə dövlət hesabına ingilis dili kursları təşkil edir. Aprelin sonlarından başlanan kurslarda həftədə iki dəfə dərslər keçirilir. Dərslər saat yarım davam edir. 6 qrupa bölünən sürücülərə 3 müəllim dərs keçir.
Ingilis dili müəllimi Nazir Ağayev “Azadlıq” radiosuna açıqlamasında deyib ki, tədris zamanı rastlaşdığı ən böyük problem sürücülərin dərsdə sakit otura bilməmələridir: “Dərslər əvvəl çətin gedirdi, indi yaxşılaşıb. Dərsi xüsusi metodika ilə qurmaq lazımdır ki, onlar dərsdə sakit otursunlar. Bir aylıq tədris proqramı turistlərin verəcəyi suallara uyğun qurulub. Yəni turist sürücüdən nə soruşa bilər və sürücü ona necə cavab verməlidir. Məncə, bir aya istədiyimiz nəticə əldə ediləcək”.
Sürücülərə yeni sözlər verilir. Dərsin sonunda isə iki sürücü yeni sözlərdən istifadə edərək sürücü və turistin dialoqunu qurur. Nazir Ağayevin sözlərinə görə, bu yolla onlar həm danışığı, həm də eşitməni inkişaf etdirirlər.
Görəsən, sürücülər kurslarda bir şey öyrəniblərmi? Turistləri qarşılayıb, lazımı ünvana çatdıra builmək üçün onlarla danışa biləcəklərmi? Bu suallara cavab tapmaq üçün paytaxtın bir neçə ünvanında “London taksi”lərinin sürücləri ilə söhbət etmək qərarına gəldik.
Metronun “28 may” stansiyasının yaxınlığında sürücülük edən Firudin dayı kurslarda iştirak etsə də, hələ bir şey öyrənə bilmədiyini deyir: “60-a yaxın yaşım var. Mənim üçün indi nəyisə qavramaq çox çətindi. ”Salam”, “sağ ol”u bilirəm, ümumilikdə turistlə danışmaq üçün yetərincə savadım yoxdur”.
Füzuli Qasımov hələlik saymağı bacarır. Təbii ki, “hello” da öz yerində. “One, two, three, four, five, six…” 10-a qədər rahat saysa da, ondan sonranı fikirləşə-fikirləşə birtəhər öhdəsindən gəlir. Kursu təşkil edənlər yalnız imtahanlardan keçə bilənlərə “Eurovision” müsabiqəsi ərəfəsində taksi sürməyə icazə verəcək. Bu sürücüləri qorxutmurmu? Sürücülər deyirlər ki, vəziyyət ürəkaçan deyil: “Düzdür, kurs təşkil ediblər, istəyirlər, bizə nəsə öyrətsinlər. Ancaq bizim elə yaşımızdır ki, 10-15 günə o səviyyəni öyrənə bilmərik. Əgər imtahanlardan keçə bilməyənlər həmin gün ”taksovatlıq” edə bilməyəcəksə, deməli, bu, hamıya şamil olunmaldıır. Çünki heç kəs kursun qoyduğu ən aşağı tələblərə cavab verə biləcək səviyyədə ingilis dilini öyrənə bilməyib”.
Sürücülərlə söhbət zamanı yalnız bir şey məlum oldu, hamısı saymağı yaxşı bilir – ən azı 10-a qədər. Bunu heç kursda öyrənməyiblər. Orda-burda, uşaqlardan…
Ingilis dilini bilməyən sürücülər üçün saymağı alqışlamalıyıq. Axı, pul alanda heç olmasa əcnəbinin yanında pulu saymaq lazımdır…
Ramin DEKO


