Ictimai Palatanın yerli şöbəsinin təyin etdiyi aksiya şəhərdə canlanmaya səbəb olub
Ictimai Palatanın Sumqayıt şöbəsinin 13 may mitinqinə hazırlıqlar davam etdirilir. Bu barədə “Azadlıq”a AXCP fəalı Elçin Həsənov məlumat verib. Onun sözlərinə görə, IP-in Sumqayıt şöbəsi mitinqin kütləviliyini təmin etmək üçün lazım olan bütün addımları atır:
“Əhali arasında mitinqlə təbliğat və təşviqat işi aparılır. Ümid edirik ki, aksiyaya xeyli sayda yerli sakin dəstək verəcək. Çünki Sumqayıtda əhalinin sosial vəziyyəti çox ağırdır. Vətəndaşların hüquqları addımbaşı pozulur. Eldar Əzizov şəhərə icra başçısı təyin ediləndən sonra vəziyyət daha da ağırlaşıb. Artıq sahibkarlar da icra başçısının ”abadlıq” işləri adı altında talan siyasətindən cana doyublar”.
Qeyd edək ki, Eldar Əzizov Sumqayıta icra başçısı təyin ediləndən gündən “abadlıq” işlərinə start verib. Bu isə vətəndaşlara və sahibkaralara baha başa gəlib. Icra başçısı abadlıq adı altında faktiki olaran vətəndaşların cibinə girir. Bu baxımdan da bu gün Sumqayıtda həddindən artıq narazılıq var. Bununla yanaşı Eldar Əzizov Sumqayıtda siyasi partiyaların da fəaliyyətini məhdudlaşdırıb. Şəhəri demək olar ki, qapalı zonaya çevirib. Lakin Ictimai Palatanın yerli şöbəsinin təyin etdiyi aksiya şəhərdə bir qədər canlanma yaradıb. Bu isə icra başçısının narahatlığına səbəb olub. Əldə etdiyimiz məlumatlara görə, Eldar Əzizov aksiyanın qarşısını almaq üçün bütün səylərini səfərbər edib.