
İrəvanın mərkəzindəki Respublika meydanında hakim Respublika Partiyasının seçkiqabağı konsertində faciə baş verib. ANS PRESS-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, mitinqdən sonra keçirilən konsert zamanı yeniyetələrin əlində içərisi qazla doldurulmuş yüzlərlə şar partlayıb, nəticədə xeyli adam yanıq xəsarətləri alıb.
İTAR-TASS xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin açıqladığı son məlumata görə, mitinqdə baş verən hadisə nəticəsində 144 nəfər yaralanıb.
Ermənistan prezidenti Serj Sarkisyan İrəvanın mərkəzindəki partlayışla bağlı bəyanatla çıxış edib. “Respublika meydanındakı insident bizim hamımız üçün zərbə oldu. Hazırda bütün xəsarət alanlar lazımi yardım alırlar. Sonrakı reabilitasiya prosesində ehtiyac olsa, xaricdən ən yaxşı mütəxəssisləri Ermənistana dəvət edəcəyik Hüquq-mühafizə orqanları araşdırma aparırlar. Günahkarlar müəyyənləşdiriləcək və qanuna uyğun şəkildə məsuliyyətə cəlb olunacaq. Mən sizi soyuqqanlılığı qorumağa çağırıram”, – bəyanatda deyilir.





