Qədim xalq sənəti – keçəçilik

Ulu babalarımızın əsas geyim materialı

Azərbaycanda tarixi çox qədim olan sənət nümunələrindən  biri də keçəçilik sənətidir. Xalqımızın mədəni tarixinə aid çoxsaylı faktlarla zəngin “Kitabi-Dədə Qorqud” dastanında keçə haqqında maraqlı məqamlar yer alıb. Dastanda keçədən alaçıqların tikilməsindən, çobanların yapıncı kimi keçədən istifadə etməsindən, babalarımızın atlarını keçə ilə bəzəməsindən geniş söhbət açılır.
Keçə sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu peşə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı. Keçə hazırlamaqla məşğul olan ustalar “həllac” və ya “atıcı” adlanırdı.
E.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqlarını qeyd edib. Ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdı. Arxeoloji qazıntılar zamanı Altay dağlarının ətəklərində, Pazırık kurqanında tapılmış, e.ə. IV-III əsrlərə – Hun imperiyası dövrünə aid edilən keçə yəhər örtüyü bu sənətin qədimliyini və türk dünyasına məxsusluğunu sübuta yetirir. Qazıntılar zamanı Hun kurqanlarından tapılmış keçədən hazırlanan uzunboğaz çəkmə və corablar, geyim nümunələri, əba, yelək (jilet), heyvan fiqurları ondan məişətdə geniş istifadə olunduğunu göstərir. Keçədən məişətdə istifadə olunması haqqında “Kitabi-Dədə Qorqud” dastanında da məlumat var. Dastanda deyilir: “Kimin ki, oğlu-qızı yox, qara otağa qondurın, qara keçə altına döşəyin, qara qoyun yəxnisindən önünə gətirin”. XIX-XX əsrin əvvəllərində yayda sərinlik yaradan, qışda soyuqdan qoruyan keçədən alaçıq və dəyələrin üstünün və yanlarının örtülməsində, yaşayış evlərinin döşənməsi və bəzədilməsində, namazlıq, qapılıq, yapıncı, papaq, dolaq, uzunboğaz çəkmə, corab, əba, heybə, çul, çuval, yük heyvanı üçün tərlik, palan, yəhər örtüyü, yük keçəsi hazırlanmasında və s. məişət ehtiyacları üçün geniş istifadə edilib.
Keçələr yunun tərkibindən asılı olaraq ağ, qara və qəhvəyi rəngdə olub. Bunların içərisində isə ən qiymətlisi ağ rəngli yundan hazırlanmış keçələr sayılırdı. Bununla yanaşı, qırmızı, yaşıl, mavi, narıncı rənglərə boyanmış bəzəkli keçələr (nəmənd) də hazırlanıb. Nəmənd, heybə, yəhərüstü, tərlik və başqa keçələrin bəzəkləri əsasən zoomorf (dağ keçisi, ceyran, aslan, heyvanların döyüş səhnələri), həndəsi (romb, düzbucaq, üçbucaq), nəbati (budaq, gül-çiçək), kosmoqonik (ay, günəş, ulduz) ornamentlərindən, həmçinin “zəncir”, “qoç buynuzu”, “qaz ayağı”, “ürək” və s. naxışlardan ibarət olub. Kənarları isə xalçalarda olduğu kimi yelənlə əhatə olunurdu.
Keçənin çeşidli növləri
Keçədən qədim zamanlardan alaçıqların üstünün örtülməsində istifadə edilməsi bir sıra mənbələrdə öz əksini tapıb. Mahmud Kaşğarinin “Divanü-lüğat-it-türk” əsərində çadır və köç örtüklərinin keçədən hazırlandığı, örtüklərin sırmaraq yanı sıx tikişlə tikilməsi və güvədən qorunması üçün çırpılması haqqında məlumat verilir. Hələ XVII əsrdə yaşamış Azərbaycan şairi Məsihinin “Vərqa və Gülşa” poemasında da çadırları bəzəmək üçün boyanmış keçədən istifadə edildiyi göstərilir.
Azərbaycanda maldarlığın, xüsusən də qoyunçuluğun geniş yayılması keçəçiliyin təşəkkülünə zəmin yaradıb.ÿKeçənin hazırlanması üçün, qoyunların xüsusi gölməçələrdə bir neçə gün yuyulması və qırxılması prosesi gedir. Qırxılmış yun daha sonra didilir. Didilmiş yun bir neçə nəfər tərəfindən döyülür. Yunun üzərinə ilıq su əlavə edib, üzərində addımlayırlar. Sonra yun tapdalanır, buna yunun təpilməsi deyilir. Qəliblər üzərində də davam edən təpmə, yun hazır olub, keçə əmələ gələnə qədər davam etdirilir. Keçə hazırlanarkən yerinin hamarlığı, genişliyi və rahatlığı da eyni zamanda nəzərə alınmalıdır.
Keçənin müxtəlif növləri olmuşdur. Onlara əsasən aşağıdakıları aid etmək olar:
Qara keçə və ya qəlib – dəyə və alaçıqların üstünün örtülməsində, döşənməsində, nəmənddən divarların bəzədilməsində istifadə edilmişdir.
Yük keçəsi – elatlar arasında geniş yayılmışdır. Belə ki, arandan-dağa, dağdan-arana köçən elatlar yağmur və toz-torpaqdan qorumaq məqsədilə yük məişət ləvazimatlarının üstünü yük keçəsi vasitəsilə örtürdülər.
Yəhər keçəsi – yəhərin altına keçirilərək atın sağrısını  örtürdü.
Dolaq keçəsi – soyuq havada ayaqlara dolanırdı.
At keçəsi – çılpaq atın üstünə sərilərək yəhər vəzifəsini yerinə yetirirdi. Həm də yəhərin altında yerləşdirilirdi.
Qapı keçəsi – adından göründüyü kimi alaçıq və dəyələrin qapılarının örtülməsində istifadə edilirdi.
Namazlıq keçə – namaz zamanı səcdəyə durarkən istifadə olunurdu. Qapı keçəsi və namazlıq keçəsi əksərən naxışlı keçədən hazırlanırdı.
Qundaq  keçəsi – körpə uşaqların bələnməsində istifadə  olunurdu. Onu da bəzəkli keçədən hazırlayırdılar.
Təpmə keçə – yapıncı kişi geyimi hazırlanmasında istifadə edilirdi. Maldar əhali və çobanlar arasında bu yapıncılar daha çox istifadə edilirdi.
Qədim sənəti bu gün də yaşadanlar var
Azərbaycan mədəniyyəti üçün çox nadir və unikal olan keçə  sənətin inkişafında və tanıdılmasında bu sənətin ustası Rauf Əbdülhüseynoğlunun böyük töhfələri olmuşdur.
O, ölkədə keçəçilik kimi ağır peşəyə yiyələnib, keçəni peşəkar səviyyəli mədəniyyət nümunəsi kimi beynəlxalq sərgilərə, dünya incəsənətinə tanıdan yeganə keçə ustasıdır. “Humay” Milli mükafatçısı, Azərbaycan Rəssamlar Ittifaqının, Reklamçılar Ittifaqının üzvü Rauf Əbdülhüseynoğlu 1957-ci ildə Mingəçevirdə anadan olub. 1974-1980-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb. Hazırda isə sənətkar Mədəniyyət və Incəsənət Universitetində gənc rəssamlar yetişdirməklə məşğuldur.ÿOnun keçəçilikdən əlavə, gözəl rəsm əsərləri də bir çox yerli və beynəlxalq muzey və qalereyaların salonlarını bəzəyir.
R.Əbdülhüseynoğlu sevdiyi peşə haqqında belə deyir: “Bu sənətin spesifikliyi, unikallığı məni cəlb edib. Keçə sənətinə 80-ci illərdən marağım yaranıb. Uşaqlıq illərində Zərdaba babamgilə gedəndə evdə yerə sərilmiş keçəni  görmüşdüm. O zaman keçənin üstünə palaz, xalça sərərdilər. Həmin vaxtdan keçəyə marağım yarandı və onun haqqında məlumat əldə etməyə başladım. Əvvəl Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdim, sonra Sankt-Peterburqda təhsilimi davam etdirdim və qayıdıb yenidən təhsilimi  Bakıda davam etdirəndə artıq məndə milli ənənələrə sadiq qalmaq özünü göstərdi. Indiki Incəsənət Universitetində  görkəmli xalçaçı rəssam Lətif Kərimovun sinfinə düşdüm. Belə istedadlı rəssamdan dərs almaq yaradıcılığıma yaxşı mənada  təsirsiz ötüşmədi. Belə ki, daxilimdə və yaradıcılığımda milliliyin qorunub saxlanmasına öz təsirini göstərdi ki, bu da keçəçilik sənətinə keçidə məni çox yaxınlaşdırdı. Düzdür, universitet illərində bizə keçəçilik sənəti ilə bağlı dərs tədris olunmurdu, çünki proqramda da yox idi.
Ancaq dərslərimizin birində sənətşünas Kübra Əliyeva keçə sənəti haqqında məlumat verdi. Bu da daxilimdə bu sənətlə məşğul olmağa həvəs yaratdı. 80-ci illərdən başlayaraq bu işlə məşğul oldum və elə həmin ildə ilk sərgim təşkil edildi”.  
Hazırda sənətkarın davamçısı olan yeganə tələbəsi öz oğludur. Sənətkarın oğlu Əbdülhüseynlə birgə həyata keçirdikləri sərgilər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanı belə ecazkar sənət nümunəsi ilə dəfələrlə xaricdə təmsil edən Rauf Əbdülhüseynoğlu keçə üzərində relyef əsərlər yaratmağa müvəffəq olub. Rəssamın “Ana məhəbbəti”, “Hünər meydanı”, “Dörd ünsür”, “Köhnə Bakı”, “Başlanğıc” və s. keçədən hazırladığı möhtəşəm, tarixi əsərləri bu qəbildəndir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir