«Xədicə Ismayılın evinə kameranı hökumət yerləşdirib»
«Idrak Abbasovla bağlı fikirləri cəfəngiyyatdır»
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son müsahibələrinin birində jurnalistlər Xədicə Ismayıl və Idrak Abbasovdan da danışıb. Ə.Həsənov X.Ismayılın evinə kameranın hökumətin yerləşdiyi barədə iddiaları jurnalistin təxəyyülü adlandıraraq baş verənlərin Azərbaycan dövlətinə böyük ziyan vurduğunu deyib:
“Biz hesab edirik ki, bu, bizim təmiz kostyumumuza yapışmış bir saqqızdır və biz onun ləkəsindən qurtarmalıyıq. Amma Xədicə xanımın evinə kameranın yerləşdirilməsilə bağlı istintaq davam edir. Müxtəlif qüvvələr ola bilər. O cümlədən Azərbaycan dövlətinin imicinə zərbə vurmaq istəyən qüvvələr bu sırada ola bilər. Azadlıq radiosunun fəaliyyətilə razılaşmayan daxili-xarici qüvvələr, kəşfiyyat orqanları və yaxud da o evə gələn ayrı-ayrı insanlar ola bilər”.
Idrak Abbasovun döyülməsinə gəlincə, Ə.Həsənov bunu, jurnalistin düşünülmüş planı adlandırıb: “Idrak Abbasov məhz o sahəyə gedir ki, orada bilir ki, ona qarşı təzyiq, hansısa qeyri-qanuni əməllər olacaq. Idrak Abbasov o reportajı beş-on metr kənardan da durub apara bilərdi. Məcbur deyildi ki, məhz münaqişə edən insanların arasına girsin. Təəssüflər olsun ki, o, təxribatlara görə Qərbdə belə mükafata layqi görülüb. Ona görə də, bu hadisələrin hamısı, biz düşünürük ki, müəyyən mənada düşünülmüşdür, məqsədyönlüdür”.
X.Ismayılla bağlı deyilənlərə jurnalistin özündən münasibət öyrənmək cəhdimiz baş tutmadı. Məlum oldu ki, X.Ismayıl Norveçdə səfərdədir.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev isə Əli Həsənovun X.Ismayılla bağlı fikirlərinin qeyri-səmimi adlandırdı: “Məlum məsələdir ki, bu işi hökumət təşkil edib. Bütün faktlar bu işdə hökumətin əlinin olduğunu göstərir. ”Yeni Azərbaycan”, “Iki sahil” qəzetlərində gedən kampaniya da bunu sübut edir. Kampaniya “Lider” kanalında da getməli idi, sadəcə olaraq qarşısı alındı. Bu cür işlər ancaq siyasi qərarlarla görülə bilər. Ona görə də, Əli Həsənov qeyri-səmimi danışmasın. Problemi özlərində axtarsınlar”.
Ə.Həsənovun I.Abbasovla bağlı dediklərinə gəlincə, M.Əliyev bu fikirləri də cəfəngiyyat adlandırdı: “Jurnalist hara istəsə gedə bilər və heç kim ona əl qaldıra bilməz. Heç kimin haqqı yoxdur ki, nəinki jurnalistə, hətta adi vətəndaşa da əl qaldırsın. Əli Həsənov bilməlidir ki, ölkənin qanunları var, Konstitusiyası var. Heç olmasa düşünsün ki, nə danışır. O ki qaldı mükafat məsələsinə, bu da cəfəngiyyatdır. Idrak Abbasov Əli Həsənovun nəzarətində olan jurnalistlərdən fərqli olaraq öz vəzifə borcunu yerinə yetirir və vətəndaşlıq mövqeyi göstərir. Ona görə də belə mükafata layiq görülüb”.


