İlham Əliyev Nyu-Yorkda “qənimi” ilə görüşdü

Almaniya XİN rəhbəri ilə görüş haqda rəsmi məlumat şablon ifadələrdən ibarətdir

Ölkə başçısı İlham Əliyev Nyu-Yorkda Almaniyanın xarici işlər naziri Guido Vestervelle ilə görüşüb. Bu barədə məlumatı “AzərTAc” agentliyi yayıb.
Dövlət agentliyi görüşün məzmunu barədə şablon ifadələrlə məlumat verib: “Görüşdə Guido Vestervelle Azərbaycan ilə Almaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. Ölkəsinin əlaqələrimizin genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Azərbaycan-Almaniya əməkdaşlığının bütün sahələrdə strateji maraqlar üzərində qurulduğunu diqqətə çatdırdı.
Prezident İlham Əliyev Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi.
Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında uzun illər davam edən dostluq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı”.
Yayılan rəsmi məlumat həm də ona görə şablon təsiri bağışlayır ki, son dövrlər Azərbaycanla Almaniya arasında münasibətlər kəskin xarakter alıb. Berlindən Azərbaycan hakimiyyətinə qarşı insane haqlarının pozulmasına görə aramsız tənqidlər səslənir, Bakı isə bu tənqidlərə ağır ittihamlarla cavab verir. Ən maraqlısı isə odur ki, Azərbaycanda hakimiyyət təmsilçilərinin və hakimiyyətin nəzarətində olan medianın hədəf aldığı, arada yaranmış “soyuq müharibənin” əsas fiqurlarınndan biri də Vestervelledir.