Azərbaycanda iki partiya sədri “KQB” agenti olub

AXC hakimiyyəti dövründə MTN-də müavin postunda çalışan Sülhəddin Əkbərdən sensasion açıqlama

AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin müavini vəzifəsində işləmiş Sülhəddin Əkbər sensasion açıqlama ilə çıxış edib. O, “Azpolitika” xəbər portalına bildirib ki, Azərbaycanda iki partiya sədri “KQB”nin agenti olub: Sovet dövründə müttəfiq respublikaların “KQB”si SSRI “KQB”sinin bir strukturu kimi fəaliyyət göstərirdi.
Sovetlər dağılan ərəfədə qiymətli məlumatlar və çox gizli agentlər barədə informasiyalar da aparılıb. Bununla belə arxiv məlumatları ilə işləyib, həmin gizli agentləri də üzə çıxarmaq olar. Moldova ilə müqayisədə “KQB” agenti olmuş siyasilər, həmçinin vəzifəli şəxslər Azərbaycanda daha çoxdur. MTN-də nazir müavini işlədiyim vaxtda arxiv məlumatlarının bir qismi ilə tanış olmuşam. Hazırda müxalifətdə olan partiyaların bir neçəsinin sədri “KQB” agenti olub. Onlar indi siyasi proseslərdə MTN tərəfindən idarə olunur. Bunların arasında elələri var ki, ikili və üçlü oyunlarda iştirak edir. Iran və Rusiyanun qurduğu oyunlarda müvafiq rol alırlar. Mən bu adamların adını açıqlaya bilmərəm”.
S.Əkbər deyib ki, “KQB”-nin Azərbaycandakı agentura şəbəkəsinin genişliyi həm də Iran və Türkiyə amili ilə bağlı olub: “Iran və Türkiyə faktoruna görə ”KQB” agentatura şəbəkəsi Azərbaycanda geniş fəaliyyət göstərib. Təbii ki, tanınmış insanlardan KQB agenti olanlar da çoxdur. SSRI totalitar bir ölkə olub. Totalitar recimlərdə xüsusi xidmət orqanlarının cəmiyyətin bütün təbəqələrini əhatə edəcək agentatura şəbəkəsi olur”.
Onun sözlərinə görə, MTN-in yüksək vəzifəlilərinin belə bir imkanı var: “SSRI dağılandan sonra ”KQB” arxivləri yenicə yaranmış müstəqil dövlətlərin xüsusi xidmət orqanlarına verildi. Bu 15 respublikanın hamısında belədir. KQB arxivlərinin məlumatları gizli saxlanılır və xüsusi əmrlə qorunur. MTN əməkdaşlarının hamısı üçün bu məlumatlar əlçatan deyil. Təbii ki, iyerarxiyada yüksəldikcə, bu məlumatlara əlçatanlıq da artır. Yəni, MTN rəhbərliyi bu məlumatlardan istifadə edə bilər”.