«Der Standart» qəzetində Leyla Yunusun ölkəmizdə baş verən qanun pozuntularıyla bağlı məktubu yayımlanıb
Avstriyada yayımlanan Avropanın nüfuzlu qəzetlərindən biri “Der Standart” tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunusun məktubunu dərc edib. Azərbaycanlı hüquq müdafiəçisi “Eurovision” musiqi yarışmasına ev sahibliyi etməyə hazırlaşan ölkəmizdə insan haqlarının və mülkiyyət hüquqlarının kobudcasına pozulmasını qeyd edir.
Leyla Yunusun məktubu “Təşkilatçılar Azərbaycandakı siyasi faktlara göz yummağı yaxşı bacarırlar. Bakıda insanların evlərini sökürlər, sakinləri mənzillərindən bayıra atırlar. Tanınmış norveçli bəstəkar Haqerup Qriq kapitan Dreyfusa qarşı ittihamlar geri götürülüməyənə qədər Fransada konsert verməkdən imtina etmişdi” sözləriylə başlayır. Hüquq müdafiəçisi eyni məzmunlu məktubu “Eurovision”un Norveç üzrə təşkilatçılarından biri Con Ola Sanda ötən ilin avqustunda – Azərbaycan hökumətinin Bakının mərkəzində yerləşən yaşayış binalarının kütləvi söküntüsünə start verdiyi zaman göndərdiyini xatırladıb.
Leyla Yunusun “Der Standart” qəzetinə yayımlanan məktubunda deyilir ki, “Eurovison” yarışmasının təşkilatçıları Azərbaycanda insan haqlarının durumuyla maraqlanmaq istəmir: “Yarışma təşkilatçıları Azərbaycandakı mafiya-klan rejimi, ölkədəki vətəndaş hüquqlarının vəziyyətiylə bağlı heç nə bilmək istəmir. Ancaq biz bu haqda danışmalıyıq”.
Hüquq müdafiəçisi Avstriya mətbuatında dərc olunan məktubunda daha sonra qeyd edir ki, Azərbaycanda 61 siyasi məhbus var. Onlardan 14 nəfərini beynəlxalq insan haqları təşkilatları vicdan məhbusu kimi tanıyıb. Eyni zamanda jurnalistlər, blogerlər və hüquq müdafiəçiləri də ciddi təzyiqlərlə üzləşir.


