İqtidar deputatı: “Azadlıq meydanı maşın parkına çevrildi. Təəssüf ki…”

Bir qrup Azərbaycanı talayır, milyardları sümürür. Zahid Oruc kimilərindən ibarət başqa bir qrup isə onlarım siyasətinə haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxır. Bu çətin işi görmək üçün gərək təkcə ağıllı olmayasan, həm də hər yalanı deməyə üzün olsun. Zahid Oruc bu işdə çox zəhmət çəkib, çox şeylərdən keçib. Insafən, aldığı mandatdan daha artığına layiq olan bir iş görüb.
Gənc yaşlarından bu yolda yorulmadan gedir. Əl-kimyagər işi kimi bir zəhmətdir, gərək min bir üsul tapıb çirkinlikləri gözəlliklər kimi qələmə verəsən. Kəmaləddin Heydərovun nə kefinə, Ziya Məmmədovun nə vecinə, onların əvəzinə cavabı verən, söz danışan Zahid Oruc kimiləridir. Zahid Oruc da bacarıqlı adamdır ki, bu qədər yalanla bağlı hər zaman nəsə bir söz tapır. Düzdür, polis dəyənəyinin gücü olmasa, onun da nitqi bir işə yaramazdı, amma dəyənəyin fəaliyyətinə əlavələr etmədən iş getmir…
Amma bu Zahid Oruc hərdən yanılıb sözün düzünü deyir. Onun qafqazinfo.az xəbər saytında bir yazısı yayılıb. “Azadlıq meydanından Büllur sarayına…” adlanan bu yazıda olduqca ciddi bir həqiqət etiraf edilib: “ Vaxtı ilə Azadlıq meydanında doğulanların indi Büllur Sarayına üz tutması günümüzün hadisəsi, təkzibolunmaz siyasi faktı və tarixin ironiyasıdır. Azadlıq meydanı maşın parkına çevrildi. Təəssüf ki… Bu xeyli miflər və özgürlük duyğularının üzərinə pərdə çəkdi.”
Bəli, Zahid Oruc tarixin ironiyasını anlayır, axı onun qulluq etdiyi hakimiyyət Azadlıq meydanını maşın parkına çevirib. Azadlıqları məhv edən bu hakimiyyəti biznes, monopoliya, oğurluq, pul, maşın və maşın parkı maraqlandırır. Bu həqiqətdir.
Dünyada belə bir ölkə olmayıb. Dünyada belə bir hadisə olmayıb. Tarixdə heç bir ölkənin Azadlıq meydanı maşın parkına çevrilməyib…
Niyə təəssüf etdiyini bilmirəm, amma Zahid Oruc bu ölkənin başına gələn bəlanı çox yaxşı ifadə edib.  Yəqin onu da anlayır ki, bir vaxt bu ölkənin bayrağı da qadağan edilmişdi, amma bu gün yenidən başımızın üstündədir. Hətta oğru idarəçilərimiz ona baş əyirlər. Deməli, bayraq qədər simvolumuz olan Azadlıq meydanı da xalqa qayıdacaq. Buna Zahid müəllimin şübhəsi olmasın.
Qaldı ki, Büllur saraya, Zahid Oruc elə bilir həmin saraya bilet almağa hamının pulu var. Bəlkə hamımız uşağımıza Dubayda saray alırıq? O Büllur sarayın bu xalqa heç bir aidiyyəti yoxdur. O, Ilham Əliyevin neft sarayıdır.  Xalqın milyonlarını düşmən elan etdiyi almanlara ödəyib, onlar da tikib.
Digər tərəfdən, Büllur saray tikə bilərsiniz, amma xalqın qəlbində yuva qurmadınız. Xalqın evini uçurtdunuz, onun nifrətini qazandınız. Xalq sizdən qorxursa, bunu sevgi anlamında qəbul etməyin.
Üstəlik, bu Büllur saray bizə tikilməyib axı. Avropalı qonaqlara tikilib, qonaqları gözləyir.
Ümumiyyətlə YAP-çılar elə bilir ki, Ilham Əliyevin siyasəti ölkəni dəyişir. Amma yolları asfaltlamaqla, səkiləri bəzəməklə, Büllur sarayla ölkə dəyişməz. Neçə aydır işləyirlər ki, mahnı yarışmasına gələnləri görüntü ilə aldatsınlar. Amma ölkə elə həmin ölkədir – Azadlığının meydanı maşın parkına çevrilən bədbəxt ölkə.
Mən istedadlı fikir adamı və şair Xaqani Hassın “Sabit təqvim” şeirini bir daha xatırlamağı faydalı sayıram:

Hər şey dünənki kimidir
Dünən də srağagünkü kimiydi,
Srağagün də əvvəlki gün kimi – Sabitlik!

Bu gün cəbhə bölgəsində
Vəziyyət sabit ağır olaraq qalır
Dünən də beləydi, srağagün də
Ondan əvvəlki gün də – Sabitlik!

Bu gündə dünənin üfunəti var
Qonşuda Ismayıl kişi
On dörd ildir, ölmür – Sabitlik!

Bu gün külək əsir,
Dünən də əsirdi, srağagün də
Bakı qədimdən bəri küləklər şəhəridir
Neçə əsrdi ki, əsir – Sabitlik!

Ölkənin prezidenti Əliyevdir
Dünən də Əliyev idi, srağagün də
Ondan əvvəlki gün də – Sabitlik!

Sabahımız dünəndən gəlib
Cırın bütün təqvimləri!