Penitensiar Xidmətin Baş Tibb İdarəsi həbsdə olan “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyevin tibbi müayinəsini keçirib və öz hospitalında cərrahi əməliyyat keçirilməsi haqqında rəy verib.
Müayinəni mayın 2-də Penitensiar Xidmətin Baş Tibb İdarəsinin rəisi Bəyəli Məmmədov keçirib. O, Gülalıyevin bağırsağında çat qeydə alıb. Aprelin 28-də ombudsman aparatının nümayəndələri Gülalıyevə baş çəkmişdi. O, səhhətinin pis olmasında və qarın nahiyəsində ağrılardan şikayət etmişdi.
Gülalıyev onu müalicə edən həkimin iştirakı ilə əməliyyata razılıq verib. Hələlik Penitensiar Xidmət Gülalıyevin şərtinə razılıq verməyib.
Gülalıyev aprelin 8-də şikayətçilərlə görüş keçirərkən Sabirabad rayon polisi tərəfindən saxta xuliqanlıq ittihamı ilə həbs olunub. O, polisdə rəis müavini Rauf Məcidov tərəfindən döyülüb.
Aprelin 19-da isə Gülalıyevə qarşı CM-in 220.2-ci maddəsi (hakimiyyəti nümayəndəsinin tələblərinə tabe olmama və kütləvi iğtişaşlara və vətəndaşlara qarşı zorakılığa çağırış) ilə cinayət işi açılıb. Sözügedən maddə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Gülalıyev 2 aylıq istintaq müddəti üçün həbs edilib və 3 saylı Şüvəlan istintaq təcridxanasında saxlanılır.