Ölkədə kamikadzeləri kimlər və niyə yetişdirir?

Axı, bu, nə siyasətdir? Belə yarıtmaz siyasət kimin başının altından çıxır, hansı “hakimiyyətə ürəyi yanan”, əslində isə Azərbaycanı məhv etmək istəyən “beyin mərkəzidir” ölkəni bu günə qoyan?
Ədalət, haqq, demokratiya istəyən bir adamın dalınca bu yekəlikdə dövlət aparatını salmaq kimə lazımdır? Kimdir Cabbar Savalanlı, Elnur Məcidli, Tural Abbaslı ki, sən işini-gücünü buraxıb, onları güdür, izləyir, şərləyir, məhv etmək istəyirsən?
Adamı da təhsildən qoyarlar? Adamın da cibinə narkotik atıb, həbs edər, taleyini oğurlayarlar?
Bu Cabbar Savalanlı kimə neyləyib ki, sən onun taleyini oğurlayırsan, universitetdən qovursan, həbsə atırsan, sonra da “əfv eləyib” əsgər aparırsan? Bir gəncin bütün həyatını məhv edəndən sonra onu “əzizləyə-əzizləyə” hara götürürsən, axı? Özü boyda nifrətə köklənmiş gənc bir dəliqanlının əlinə də silah verərlər?
Müxalifətçidir, fərqli düşünür, xorla oxumaq, yaltaq olmaq istəmir deyə, adamın nəinki özünü işdən qovur, bir parça çörəyə möhtac edir, hətta “körpüdən keçərkən toqquşub” qohum olduqlarını da zəlil günə salırsız. Bəs, bunun psixoloji tərəflərini düşünmürsünüz? Bəs, bilmirsinizmi ki, bütün qohum-əqrəbanın üzünə baxmağa utanan “baiskar” nəinki hakimiyyətin, dövlətin, bütün ətrafının düşməninə çevrilir, kin-küdurətlə yaşayır, fürsət gəzir? Bəs, düşünmürsünüz ki, həyatdan əlini üzən bu adam faktiki olaraq kamikadzedir?
Insanları repressiya altında sıxa-sıxa cəmiyyətin içinə niyə bomba basdırırsınız? Cəmiyyətin, sözün bütün mənalarında, başında oturan sizlər deyilsinizmi? Minaların partlayacağından heçmi narahat olmursunuz?
Hələ davam edirlər; hələ sıraları genişləndirirlər: əhalinin mülkiyyət hüququnu əlindən alırlar, əmlakını mənimsəyirlər, illərlə tikib-qurduğu evini başına uçururlar…
Bax, qardaşım, sən “tıxacların aradan qaldırılması yönündə” atdığın addımlar sırasında 600-ə qədər marşrut xəttinin 99-a endirilməsindən fərəhlə danışırsan. Ay ağıllı, 600 marşrutu 6 dəfə ixtisara salanda bilmirdinmi ki, adam üst-üstə qalaqlanacaq avtobuslarda, insanlar saatlarla dayanacaqlarda gözləyəcəklər, nifrətləri, kinləri bir az da artacaq?
Indi də paytaxtdakı 17 min taksini 5 minə endirmək istəyirsən. Guya 5 min taksi kifayət imiş Bakıya. Bu rəqəmi kim müəyyənləşdirdi? Niyə imkan vermirsən ki, şəhər öz-özünü tənzimləsin?
Bəs, 12 min taksi sürücüsünün işsiz qalması? Onların taleyi necə olacaq? Balalarına çörək apara bilməyənlərin sırasına niyə 12 min kamikadzeni də əlavə edirsən?
Bu qədər inhisarlaşmanın içində məhv olur, axı, vətəndaşlar! Mənəvi baxımdan məhv olanlar fiziki məhvlərini artıq gözardı edirlər, axı! Belə siyasətlə hara gedirsən, ay adam?..
Az idi düşmən, indi də bütün Avropanı, Amerikanı yağıya çevirmək uğrunda cihada çıxmışıq: kim ölkəmizdə insan haqlarını hallandırırsa, Prezident Aparatının “qara siyahısına” adı düşür. Sanki Almaniya – Cabbardır, Fransa – Elnurdur, Italiya Turaldır? Belə ölkəmi idarə edərlər?
Təsəvvür etmək belə çətindir ki, Fransanın Azərbaycandakı səfiri “almaniyalı həmkarıma qarşı başlamış məkrli təbliğat məndə ikrah hissi doğurur” kimi diplomatiyadan kənar bir fikir deyir. Ölkədə səfir missiyasını həyata keçirən hansı adam belə ifadəni ağzına ala bilər? Kimdi fransız ki, bu qədər açıq tonda hakimiyyəti təhqir edir?
Apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsidir, baxın, ləzzət alın: ölkə daxilində kin dolu kamikadzelər, ölkə xaricində nifrətlə alışıb-yanan düşmənlər.
Bizlər cəhənnəm – onsuz da çoxdandı bizlərə cəhənnəm əzabı yaşadırsınız; heç olmasa, özünüzü düşünün! Məndən gizlədirsiniz ki, guya hamı razıdır. Axı, özünüz bilirsiniz, hətta çox gözəl bilirsiniz ki, vəzifəlisindən tutmuş işsizinə qədər – hamı narazıdır bu ölkədə; hamı gileylidir; hamı bezib artıq!
Bunun axırının olmadığını bilmək çətindirmi?