Legitim diktatura olurmu?

May ayına da adladıq. Siyasi məhbuslar azad edilmədi. Əvvəl dedilər ki, böyük mahnı festivalına qədər onlar azad ediləcək. O gün Almaniyanı parlamentdə o ki var, “qınadılar”. Vallah, adamın gülməyi gəlir. Amma insanlar Almaniya bir tərəfə, elə digər ölkələrdə də yazılan yazılardan qətiyyən dilxor deyil, biz bunu əminliklə deyə bilərik. Ovqatı təlx olanlar hakimiyyətdəkilərdir. Amma adi insanlara nə var? Onlar tədricən başa düşür ki, avtoritar rejimlərə qarşı göstərilən təzyiqlər hansısa məkrli geosiyasi planların təzahürü deyil, insan haqları hansısa siyasi məqsədlər üçün tutacaq deyil, insanlar həqiqətən də siyasi məhbuslara, avtoritar ölkələrin vətəndaşlarına dəstək olmaq istəyirlər və bunu bəyanatlar, sanksiyalar və onlara çağırışlar vasitəsilə edirlər. Əvvəl belə şey çox az olurdu, amma olurdu. Məgər bir vaxt SSRI-də yay olimpiya oyunlarının boykot edilməsini kimsə unudubmu? Indi bunlar bütün avtoritar sistemlərə tətbiq edilir. Getdikcə belə bir fəlsəfə hakim kəsilir ki, insanlar etiraz etmirsə, öz hüquqlarını müdafiə etməkdə acizdirsə, bu o demək deyil ki, onların hüquqlarını məhdudlaşdırmaq olar. Bunun bir mənası da odur ki, legitim diktatura, avtoritar rejim olmur. “Hər millət yaşadığı rejimə layiqdir” fəlsəfəsi də könəlib. Hətta demokratiyanın ixracı ilə bağlı təsəvvürlər dəyişir və onun vacibliyi etiraf olunmağa başlayır, çünki avtoritar rejimlərin bir çox cəhətləri öz əvvəlki sələflərindən fərqlənir, müasir diktaturalar daha qəddar və daha məkrlidir, bir çox hallarda onların arsenalında ən müasir silahlar və sursatlar olur və onlar bunu öz vətəndaşlarına qarşı çevirməkdən çəkinmir.
Suriyada insanlar bir ildən artıqdır ki, B.Əsəd rejiminə qarşı vuruşurlar. Bu qədər itkidən, minlərlə insan öləndən sonra demək olarmı ki, Əsədin rejimi legitim rejimdir? Demək olarmı ki, suriyalılar B.Əsəd rejiminə layiqdirlər? O vaxtlar, yəni bir neçə il bundan əvvəl hamı bir çox məsələlərə qalib-məğlub prizmasından baxırdı. Amma indi heç kim “qalib” Əsədi liegitim hakimiyyət təmsilçisi kimi tanımır. Vaxt vardı hətta bəzi demokratlar deyirdi ki, heç kimi zorla xoşbəxt etmək olmaz. Buna görə də digər dövlətlər avtoritar rejimlərin “daxili işinə” mümkün qədər az müdaxilə etməyə cəhd edirdilər. Amma indi o dövran geridədir. Həm də bir məsələ var ki, o, Azərbaycanla bağlı olaylara təəccüblənməməyə əsas verir. Əvvəllər çox az adam Azərbaycan haqqında nəsə bilirdi, bəli, bəziləri eşitmişdi ki, belə bir neft ölkəsi var. Lakin heç kim bilmirdi ki, o necə idarə olunur, orada insanlar hansı problemlərlə üzləşirlər və bunları necə həll etmək istəyirlər? Indi maraq var. Bilmək istəyirlər. Buna görə də Azərbaycanla bağlı yazıların sayı artır, bəyanatlar çoxalır. O ki qaldı demokratiyanın ixracına… Çox şeyi ixrac etmək olar. Yaponiya müharibədə məğlub oldu, ona məhdud ordu saxlamağa icazə verildi, konstitusiya yazılıb ortaya qoyuldu və ölkə həmin sistemlə tez bir zamanda dünyanın ən böyük inkişaf tempi olan ölkələrindən birinə çevrildi. Biz 21-ci əsrdə yaşayırıq və belə bir vaxtda hər bir ölkədə “obyektiv şəraitin” yetişməsini gözləmək heç də ən yaxşı variant deyil. Hə, avtoritar ölkələrin vətəndaşaları da demokratik ölkələrdə yaşamağa can atır, onların bəzisinə bu qismət olur və onlar yeni şəraitə qısa zamanda adaptasiya olunurlar. Deməli, problemlər insanlarda deyil, onların kökü siyasi sistemlərdədir. Elə sistemlər var ki, onlar insanları yaxşı səmtə yönəldir, onlarda müsbət keyfiyyətləri stimullaşdırır, elə sistem də var ki, çox normal bir insanı cinayətkara çevirir. Kimdir müqəssir?
Kiçik sözardı
Yaz, yay həm də bir tənbəllik gətirir. Yəqin bu, yazılarda da hiss olunur. Biz çox ümidliyik. Ona görə də bunu büruzə verməməyə cəhd edirik. Həm də bir gözəl fikir var: “Əhədi kəsilmiş atları güllələyirlər!”. Bizim də dayanmağa və tənbəlləşməyə haqqımız yoxdur, çünki ölkədə siyasi məhbuslar var, onların hamısının gözündə tək bir sual həkk olunub: “Sən bizim üçün nə etmisən?”.
Siz həmin o sualı görmürsünüzmü?