Adətən yaşlı nəsildən kifayət qədər tanınmış, imtiyazlı, titullu birini sancanda onların ilkin reaksiyası belə olur: “Mən heç onu tanımıram”, “adını ilk dəfə sizdən eşidirəm, “o, kimdi ki elə?”, “adını çəkmək istəmirəm, məşhurlaşar”-filan.
Guya həqiqət tənqid müəllifinin tanınmış olub-olmadığı ilə ölçülür. Guya həqiqəti demək üçün illah ki, adamı küçədə barmaqla göstərməli, yaxınlaşıb ondan avtoqraf almalı, şəkil çəkdirməlidirlər. O hesabla gərək bu ölkədə ancaq Rəqsanənin, Namiq Qaraçuxurlunun, Tolikin-zadın irad bildirmək, tənqid etmək haqqı olsun.
Əslində belələrini çox qınamaq da olmur, camaatın nəbzini yaxşı tutublar. Axı bizdə kütlə imtiyazlı, titullu adamlar üçün sinov gedir. Bu ölkədə ən adi həqiqətlərə insanları inandırmaq üçün ölüsü yerdən xalqsız xalq şairindən-zaddan bir şey olmalısan. Bizdə insanlar haqlılığı hələ də adamın rütbəsi, orden-medalları ilə müəyyənləşdirirlər. Birinin “Şöhrət” ordeninin olması kifayətdir ki, çoxluğu qatığın qara olmasına belə, rahatlıqla inandırsın.
Mən və dostlarım bunu illərdir Anar və onun mənsub olduğu “Xruşşovka” (“altmışıncılar”) nəsli ilə mübarizədə yaşadıq. Eyni situasiya VHP gənclərinin lideri Samir Əsədlinin bu partiyadan millətsiz millət vəkili Fəzail Ibrahimlini tənqid etməsi ilə yaranıb. Ibrahimli gənc dostumuzun haqlı iradlarına məntiqi cavab vermək yerinə təkrarlayıb durub: “Samir? O kimdi? Tanımıram. Neçə ildir VHP-dəyəm, o adda biri olduğunu ilk dəfədir eşidirəm”.
Heç dəxli var? Hər kimdi, bunun mətləbə nə aidiyyəti? Sən, sənə tutulan irada, edilən tənqidə cavab ver – əgər verəcək doğru-dürüst, məntiqli bir cavabın varsa! Yoxdursa, nə tanımaq-tanımamaqbazlıqdır? O məntiqlə Rəqsanə, Xuraman Şuşalı-zad istənilən millətsiz millət vəkilindən qat-qat məşhurdur, bəs onda niyə deputatxana üzvləri ağızlarını açanda şou-biznes ulduzlarını tənqid edirlər? Bəlkə tənqid etməmişdən əvvəl gedib soruşurlar ki, siz məni tanıyırsınızmı? Cavab “hə” olanda tənqid edir, “yox” olanda tənqiddən vaz keçirlər bəlkə?
Nə deyim vallah, belə ağılda adamlardan hər şey gözləməyə dəyər.
Dönüklüyün belə işləri də var
Əqidə dönüklərində çoxdan müşahidə etdiyim bir xüsusiyyət var. Belələri üçün satıldıqdan sonra ən vacib məsələ barələrində deyiləcək və yazılajaq hər şeyin bir an içində, ən qısa müddətdə deyilməsi və yazılmasıdır.
Bu, baş vermədikdə, yaxud yubandıqda onlarda narahatlıq yaranır, sanki tikan üstə otururlar, hər an özlərinə zərbə gözləyirlər. Bu zərbənin nə vaxt, kimdən, hardan və necə dəyəcəyinin qeyri-müəyyənliyi onlara mənəvi əzab verir. Dönüklüyə mükafat olaraq aldıqlarını rahat-rahat həzm edə də bilmirlər, nə yediklərinin dadını bilirlər, nə içdiklərinin. Yuxu gözlərinə haram olur.
Gözləyirlər, elə ki, proses uzun çəkir, özləri hərəkətə keçirlər, keçmiş cəbhədən kimlər ki, onları bu əzabdan, bu mənəvi işgəncədən xilas edə bilər, həmin insanları özləri ilə çəkişməyə cəlb etmək istəyirlər. Dəxli oldu-olmadı, yeri gəldi-gəlmədi, belələrinə sürtünür, hürürlər. Ki, haqlarında deyiləcəklər və yazılacaqlar bir yolluq deyilsin və yazılsın, məsələ həll olunsun.
Bu alınmadıqda isə daha da azğınlaşır, daha da çıldırırlar, həyat bir növ burunlarından gəlməyə davam edir.
Sən isə bu mənzərəni sadəcə, zövqlə, dadını çıxara-çıxara seyr edirsən.
Dediyim odur ki, dönükləri cəzalandırmağın ən yaxşı yolu heç də onları həmən itsürütməsi eləyib işi bitirmək deyil, tam əksinə, belələrini intizarda qoymaq, nigarançılıqda saxlamaqdır. Bu, onlar üçün diri ikən ölməyə bərabərdir. Cəhənnəmi onları bu dünyada yaşatmağa bərabərdir.
Belə çox gülməli – 3
BIR: dünya mətbuatında Ilham Əliyev və ailəsinin sərvəti, şirkətləri haqqında yazılanlardan bir cümlə də xəbər verməyib, amma həmin yazılanlar barədə hakimiyyətin təkzibini palaz-palaz yayımlamaq;
IKI: Ictimai rəyin olmadığı ölkədə ictimai tualet davası aparmaq.

Fəzail Ibrahimli Rəqsanəni tənqid etmək üçün ondan icazə alır?
•
•