Təhsilimizdə mənəviyyat qıtlığı

Əlövsət Osmanlı: «Təhsil məsələlərində Misir Mərdanov özünü nazir kimi yox, dərəbəyi kimi aparır»

Yəqin ki, nazir Misir Mərdanovla riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı arasında gedən çəkişmələr haqqında oxucularımızda kifayət qədər məlumat var. Bu çəkişmələr o dərəcədə dərin, geniş və şiddətli xarakter alıb ki, onun bir ucu hətta Avropa Məhkəməsinə qədər gedib çıxıb. Bu və bəzi digər məsələlələrlə bağlı Əlövsət Osmanlıya müraciət etdik.

– Əlövsət müəllim, qalibiyyətinizlə nəticələnən məhkəmə prosesləri bu günümüzdən baxanda necə görünür və sizi məhkəməyə verənlər haqqında nə düşünürsünüz?
– Əvvəlcə sualınızın ikinci hissəsindən başlayım. Bəzən həyatda elə insanlarla rastlaşırsan ki, ilk baxışda onlar gözündə mələk kimi görünür. Adamda elə təsəvvür yaranır ki, bu “məsum” insanlar öz tüklərinin üzərində dolanırlar, heç zaman mizan-tərəzini pozmurlar, haqqı nahaqın ayağına vermirlər, şərin dəyirmanına su tökmürlər və s. Hətta elələri olur ki, onları uzun müddət tanıya bilmirsən və düşünürsən ki, bundan yaxşısı yoxdur. Lakin zaman yetişir ki, onların maskaları yırtılır, kimlikləri, hansı məzhəbə qulluq etdikləri üzə çıxır və onda başlayırsan özün özünü qınamağa: Bu qədər də sadəlövhlük olarmı? Necə olub ki, indiyədək mən bu adamları tanımamışam? Nədən onlar bu günə düşüblər?..
Təhsil sistemində çalışan insanlar içərisində son zamanlar mən elələrini “kəşf” etmişəm ki, onların törətdiyi əməllər miqyasına görə ömürlük həbsə atılmış qatı cinayətkarın əməllərindən ölçüyəgəlməz dərəcədə dəhşətlidir. Belə baxanda cinayətkar bir-iki nəfərə xətər yetirir, adekvat da cavabını alır, yəni qanuni şəkildə öz cəzasını çəkir. Dəfələrlə haqlarında söhbət açdığım subyektlərin törətdiyi miqyassız əməllər nəticəsində isə neçə-neçə nəsillər korlanır, inkişafdan geri qalır, amma onlara gözün üstə qaşın var deyən olmur ki, olmur. Əksinə, onlar bu “əməllərin” qarşılğında böyük adlar və mükafatlar alırlar. Iki kəlməsindən biri Allah, Tanrı, Quran, Peyğəmbər olan bu insanların Azərbaycan təhsilinə vurduğu ziyanın konturları haqqında düşünəndə adam dəhşətə gəlir. 7-dən 77-yə qədər hamı bilir ki, bu ziyankarların başında nazir Mərdanov dayanır.
Açığını deyim, məni məhkəməyə verənlərin bəzilərinə yenə də yazıq, nazirin şər ocağında qalanan insanlar kimi baxıram. Amma elələri də var ki, bu “ocağa” həvəslə odun daşımaqla məşğuldurlar, onların yaşam fəlsəfəsi əliəyrilik, satqınlıq, işverənlikdən başqa bir şey deyil.
Burada məsələnin ən dəhşətli tərəfi odur ki, seçdikləri yaramaz dərsliklərlə Azərbaycan təhsilinin məzmununu dağıdan bu adamlar balalarımız qarşısında törətdikləri əməlin fərqində deyillər. Görün bu bədəməllərin təfəkküründə nə dərəcədə aşınma gedib ki, onlar xəcalət hissi keçirmək əvəzinə, hələ də utanmadan elektron və yazılı mətbuatda təsdiq etdikləri yaramaz dərslikləri tərifləməklə məşğuldurlar…
Indi gələk sualınızın birinci hissəsinə. Haqqında danışdığımız məhkəmə proseslərini o vaxt məzhəkə hesab edirdim. Indi isə onları təhsilimizin faciəsi hesab edirəm. Düşünürəm: Ilahi, gör təhsilimiz nə günə düşüb ki, burada elmi-pedaqoji məsələlər məhkəmə müstəvisində həll olunur. Ən böyük faciə isə odur ki, təhsil məsələlərində Misir Mərdanov özünü nazir kimi yox, dərəbəyi kimi aparır.

– Bəs perspektivdə nəsə yaxşı bir şey görünmürmü? Ola bilməz ki, sabah bu məsələlər öz müsbət həllini tapsın?
– Bilirsinizmi, nəzəri olaraq hər şey demək olar. Deyin görüm, bu cür əyik başlarla hadisələri müsbətə doğru döndərmək olarmı? Əgər vəziyyəti bu hala gətirənlərin başlarını düzəltmək mümkündürsə, onda dərsliklərimizi də düzəltmək olar. Bir yerdə ki, nazir başda olmaqla, Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) üzvləri, nazirliyin şöbə müdirləri, onların naşı dost-tanışları, övladları, qohum-əqrəbaları dərslik müəllifləridirsə, hansı perspektivdən danışmaq olar?! Hesab edirəm ki, əksinə, hər şey geriyə doğru gedəcək. Əgər təhsil naziri dağıdıcılıqla məşğuldursa, 14 dərsliyi qamarlayaraq “müəlliflik” edirsə, hansı yaxşı işdən söhbət gedə bilər?

– Qarşıdan yeni müsabiqə-tender gəlir…
– Bu haqda nazirlik yetkililəri çox gurhagurla danışırlar, guya builki dərsliklər görənək olacaq. Ağızlarına çullu dovşan sığmayan bu səlahiyyətlilər danışanda adamın gülməyi tutur. Atalar demişkən, başı görünən dağın dibi yaxın olar, nə qalıb, bir neçə aydan sonra onların “fısqırıq” dərslikləri ortalıqda olacaq. Görəcəyik ki, onlar da həftəbecər şeylərdir. Özü də burada müsabiqədən, tenderdən danışmaq, yaxud bu adla elan vermək ayıblı bir şeydir. Çünki bilirsiniz ki, tenderin, eləcə də müsabiqənin alınması üçün hər bir lot üzrə ən azı üç təşkilat iştirak etməlidir. Təsəvvür edin ki, indiyədək yüzlərlə dərslik çap olunub, onların heç biri üçün bu tələb baş “tutmayıb”, daha doğrusu, hamısının çapı bir əldən satınalma yolu ilə həyata keçirilib. Təbii ki, bu da qiymət şişirtmələrinə və dövlət vəsaitinin talan edilməsinə “münbit” şərait yaradır. Başqa bir məsələ. Bilirsiniz ki, dərsliklərin nəşri və çapı üzrə bu il keçiriləcək müsabiqə-tenderin sədri nazirliyin əlaqədar şöbəsinin müdiri Faiq Şahbazlıdır. Bu adamın hansı işlərlə məşğul olduğu haqqında indiyədək mətbuat səhifələrində çox yazılıb. Bir adam ki, televiziyadan, “müsabiqə-tenderə təqdim olunan dərsliklərin axıradək kimə məxsus olduğunu biz bilmirik” deyirsə və onun bu sahədə heç bir təcrübəsi olmayan qızı dərslik müsabiqəsinin qalibi olursa, yaxud oğlu iştirakçı nəşriyyatlardan birində bir zamanlar çalışıbsa, belə məsul vəzifəni ona necə etibar etmək olar?! Buna qoyunu qurda tapşırmaq demirlərmi?! Təbii ki, burada DQŞ üzvlərindən, yaxud Faiq Şahbazlıdan daha çox nazir Misir Mərdanov günahkardır. Çünki bu oyunların başında o, dayanır…

– Dərslik strateji bir məsələdir, yaxşı onda nə etmək olar ki, dönüş yaratmaq mümkün olsun?
– Misir Mərdanovun rəhbərliyilə dönüş yaratmaq haqqında düşünmək özünü aldatmaqdan başqa bir şey deyil. Çünki dərslik xarabazarlığının “memarı” onun özüdür. Hesab edirəm ki, birincisi, dövlət dərsliklərə nəzarəti, onların incələməsindən tutmuş çapınadək, TQDK-ya həvalə etməlidir. Ikincisi, dərsliklər və təhsil proqramları ekspertizadan keçirilməli və onlarda olan ciddi nöqsanlar ictimaiyyətə çatdırılmalıdır. Üçüncüsü, Mərdanovun dağıdıcı fəaliyyəti nəticəsində dövlətə və millətə vurulan maddi və mənəvi ziyanın konturları müəyyənləşdirilməlidir. Dördüncüsü, bu işə ictimai təşkilatlar, müstəqil ekspertlər və Təhsil Şurası cəlb olunmalıdır. Beşincisi, builki müsabiqə-tender dayandırılmalı və ən azı bir il sonraya keçirilməlidir. Altıncısı, yeni keçiriləcək yarışda iştirak etmək üçün bütün nəşriyyatlara bərabər şərait və şans yaradılmalıdır.

– Burada nazirliyin Təhsil Problemləri Institutunun (TPI) adını çəkmədiniz…
– Indiki halda TPI-ni bura qatmaq qətiyyən düzgün olmaz. Çünki vəziyyətin bu hala gəlməsinin əsas baiskarlarından biri də bu qurumun direktoru, texnika elmləri doktoru, akademik (?!) Abdulla Mehrabovdur desəm, yəqin ki, yanılmaram. Mətbuatı izləyin, görün bu adam indiyədək bir dəfə də olsun təhsilimizdə baş verən dağılmalara etiraz edibmi, əksinə, yerli-yersiz əttökən mədhiyyələr və moizələr söyləməklə, təhsildəki biabırçılıqları malalayıb. TPI-də çox təfəkkürlü alim-pedaqoqlarımız çalışır. Deyilənə görə, onlar içərisində dillənmək istəyən olanda, Abdulla Mehrabov onun qarşısını alıb. Hesab edirəm ki, bu gün TPI-yə rəhbərlik etmək, təqaüd yaşını çoxdan keçmiş Abdulla Mehrabovun işi deyil. Çünki buna onun nə yaşı, nə ixtisası, nə də ki, çağdaş təhsilə baxışı uyğun gəlir.

– Çox qəribədir, nədən bu qədər tənqidlərdən sonra da həmin şəxslər öz bəd əməllərini tərgitmək istəmirlər?
– Yəqin bilirsiniz, tərəzinin gözü əyiləndə tarazlığı bərpa etmək üçün pərsəng deyilən daşdan istifadə edirlər. Bu gün Azərbaycan təhsilinin məhz tarazlığı pozulub. Onun pərsəng daşı isə mənəviyyatdır. Bəli, təhsilimizin acınacaqlı duruma düşməsi məhz sistemdə kök atmış bəzi məmurlardakı mənəviyyat qıtlığından irəli gəlir. Təəssüflər olsun ki, onlar hələ də öz bəd niyyətlərindən əl çəkmək istəmirlər. Həmin komandanı bir təhsil eksperti çox gözəl xarakterizə edir: “Bu dəstə Misir Mərdanovun xüsusi təyinatlı dağıdıcı dəstəsidir”.

Ramin DEKO