İşıq gələn tərəfə, yoxsa it hürən tərəfə?

Ötən ilin ikinci yarısından başlayan proseslər pik həddinə yaxınlaşır. Hələ o zaman Azərbaycanın artıq “balans siyasəti” ilə manevr imkanlarının tükəndiyini və birmənalı mövqe ortaya qoymasının vacibliyini önə çəkmişdik. Çünki Qərb bir sıra iqtisadi layihələrə təhrik edirdi, Rusiyanın nəfəsini çiyinlərində hiss edən Azərbaycan isə tərəddüddəydi: ya Rusiya, Belarus və Qazaxıstanın “Vahid Iqtisadi Məkan”ına qoşulmaqla “SSRI-nin bərpası” kimi dəyərləndirilən siyasi birliyə üz tutmaq, ya da “Qərbyönümlü siyasəti” sözdən əmələ çevirmək lazım idi.
Putinin Vahid Iqtisadi Məkanın sınırlarını genişləndirmək üçün Qırğızıstan və Tacikistanla bərabər, “Ilham Əliyevin də bu sazişə imza atacağına ümidvar olduğunu” bildirməsi Azərbaycanın seçim vaxtının çox qısa olduğunu sübut edirdi. Neyləməli? 20 ilə yaxındır seçilən və Bakı-Ceyhanla gücləndirilən “Qərb siyasəti” reallaşdırılmalı, yoxsa Vahid Iqtisadi Məkanla “siyasi inteqrasiya” büsbütün dəyişdirilməlidir? Başqa sözlə, artıq meşədə qalmaq olmaz, cəngəllik bitdi: işıq gələn tərəfə, yoxsa it hürən tərəfə gedilməlidir?
Azərbaycan hakimiyyəti məşhur nağıl qəhrəmanı Cırtdanın seçiminə məhkumdur. Işıq gələn tərəf Qərbdir, Azərbaycanı bu taledən heç kim məhrum edə bilməz. Ancaq Qərbdə “demokratiya divləri” Azərbaycandan qoşulduğu beynəlxalq konvensiyalara əməl etməyi tələb edirlər; “Div”lər Avropa məkanının sərhədlərini müəyyənləşdirməkdə israrlıdırlar. It hürən tərəf – Putin Rusiyası da demokratiya qarşısında öz totalitar zəncirini toxumaqda, öz aləmində divi səs-küylə qorxutmağındadır.
Azərbaycan Novruz Məmmədovun dediyi kimi, Qərbyönümlü siyasətdən imtina edə bilərmi?
Həddindən artıq gecdir. Əvvəla, Qərbə inteqrasiyanı prioritet seçən Heydər Əliyevin “siyasi kursunun davamçısı” Ilham Əliyev getdiyi yoldan geri qayıtmaqla, “siyasi varislik” ipini kəsə bilərmi? Belə olduqda, bu “ip”in möhkəmlənməsinə illərlə töhfə verən Avropa adamın ipini kəsməzmi?
Digər tərəfdən, Azərbaycan iqtisadi baxımdan Qərbə kifayət qədər möhkəm tellərlə bağlanıb. Üstəlik, məmur-oliqarxların illərlə Azərbaycan xalqının dərisindən topladığı külli miqdarda vəsaitlər də Qərbə “əmanət” edilib. Qərbə inteqrasiyadan imtina Azərbaycanı iqtisadi baxımdan fəlakətə salar, oliqarxları isə birdən-birə müflisləşdirər və ölkədə “demokratiya inqilabı” fakta çevrilər.
Qərbin demokratiya tələbləri ilə razılaşmaq da Azərbaycan hakimiyyətinə fəlakət vəd edir. Ölkədə istənilən islahat YAP iqtidarının süqutu üçün kifayətdir.
Beləliklə, “hakimiyyət taleyi” həll edilib – qalır, YAP-ın “post-iqtidar” dönəminə hansı vəziyyətdə getməsi…
O ki qaldı Avropa və ABŞ-la “diplomatik savaş” ritorikasına, Novruz Məmmədov tipində “dəyirman daşı” axtarışları ilə Divə hədə-qorxu gəlmələrə, bu, yalnız bütün vasitələrlə hakimiyyətin ömrünü “daha bir gün” uzatmağa xidmət edən mənasız Cırtdan manevrləridir. “Div” artıq dəyirman daşını Cırtdanın öz boynuna keçirib…
Yaşasın Səməd Seyidov!
Vallahi ki, ilin yarısını Avropada keçirməsi, Strasburqda həftələr yaşaması Səməd Seyidovun təfəkkürünə əməlli-başlı təsir edib. Adam açıq şəkildə etiraf etdi ki, “insan haqları ilə bağlı problem tək Azərbaycanda yox, qonşu ölkələrdə də mövcuddur”.
Əlbəttə mövcuddur, Səməd müəllim, Azərbaycanla bərabər insan haqlarının problemli olduğu Iranı da bütün dünya görür…
Zahid Orucdan unikal təklif
Bu hakimiyyət bir binanı iki dəfə təmir edəndən sonra söküb təzəsini tikməklə, həftədə bir dəfə yolu qazıyıb təzə asfalt döşəməklə, səkilərə mərmər, bulvara qranit düzməklə ha əlləşir, neft pullarını tamam-kamal xarici bank hesablarına köçürə bilmir ki, bilmir!
Al gəldi, bu da Zahid Orucdan unikal təklif: “Azərbaycanın müharibə aparmaq üçün 45 milyard ehtiyat fondu var”.
Daha niyə Bakını söküb böyrüköndələn qoyursuz ki?! Ermənilərlə sövdələşməyə girin, – ki, bu sahədə kifayət qədər səriştəniz var, – bir-iki həftəlik müharibə ilə ehtiyat fondun dibinə süpürgə çəkin, bitsin-getsin. Bizim qazıntılardan canımız qurtarsın, sizin də pul silmək üçün daha başınız ağrımasın!