mtn

MTN-in ələ keçirdiyi terrorçu dəstənin üzvü haqda şok məlumat

Rəşad Aşurov Beynəlxalq Bankın prezidentinin yanında nə gəzirmiş?

MTN-nin keçirdiyi əməliyyatı həbs edilən terrorçu dəstənin üzvlərindən biri barədə redaksiyamıza şok müraciət daxil olub. Əvvəlcə xatırladaq ki, MTN sözügedən əməliyyat barədə aprelin 18-də məlumat yayıb.
Həmin məlumatda bildirilir ki, terror aksiyalarının vaxtında qarşısının alınması üçün MTN tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron və Xaçmaz rayonlarında irimiqyaslı xüsusi əməliyyat keçirilib. Nəticədə Nurəliyev Elmir Maarif oğlu, Sultanov Faiq Sahib oğlu, Muradov Əmir Zəkrulla oğlu, Əliyev Ağasadıq Tofiq oğlu, Abbasoğlu Nəriman Israfil oğlu, Həsənov Aydın Azad oğlu, Həsənov Arif Azad oğlu, Lələyev Bəhruz Mahmud oğlu, Aşurov Rəşad Rəcəb oğlu, Aşurov Məcid Əhmədoviç, Padarov Mehdi Ispaxan oğlu, Yunusov Nəsrullah Arif oğlu, Əfəndiyev Rauf Aydın oğlu, Həmidov Elmir Kamal oğlu, Məmmədov Məmməd Şaban oğlu, Allahverdiyev Ruslan Sahib oğlu, Süleymanov Faiq Süleyman oğlu, Qaracayev Teymur Məhəmməd oğlu və Lələyev Mahmud Baqi oğlu üzvü olduğu silahlı dəstə yaxanıb.
Dəstə başçısı Vüqar Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərkisilah olunması və tutulması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər MTN-in xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açıb və əl qumbarası atıblar. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Vüqar Padarov məhv edilib, Faiq Sultanov və Əmir Muradov isə tutulub.
Göstərilən faktlarla bağlı MTN-in Istintaq Baş Idarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.
Indisə redaksiyamıza daxil olan müraciət barədə. Həmin müraciət Şəki-Ipək ASC-nin işçilərinin adından yazılıb. Müraciəti onların adından Hikmət Rəhimov adlı şəxs göndərib.
Həmin müraciətdə bildirilir ki, MTN-nin ələ keçirdiyi dəstə üzvlərindən Rəşad Aşurov hər dəfə Şəki-Ipək ASC-nin mühafizə xidmətində işləyib. Və vaxtaşırı ASC-yə gələn Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevlə sabiq deputat Dünyamin Xəlilovun yanında görünüb. “Dünyamin Xəlilov tez-tez kombinata gələndə Rəşad Aşurov onun yanında olur” deyə müraciətdə bildirilir. Iddialara görə, Cahangir Hacıyevlə Dünyamin Xəlilovun Rəşad Aşurova xüsusi münasibəti olub. Şəki-Ipək ASC ilə əlaqəli olan hər iki şəxs Rəşad Aşurovun yüksək maaşla təmin olunmasına çalışıb.
Bu müraciətlə bağlı Cahangir Hacıyev və Dünyamin Xəlilovun mövqeyini öyrənməyə çalışdıq. Beynəlxalq Bankın prezidenti ilə əlaqə saxlamaq cəhdlərimiz nəticə verməsə də, Dünyamin Xəlilovun deyilənlərə münasibətini öyrənə bildik. Sabiq deputat bildirdi ki, onun Rəşad Aşurovla yaxından tanışlığı olmayıb: “Həmin şəxs ASC-nin mühafizə xidmətində işləyib. Hətta bunu da dəqiq deyə bilmərəm. Çünki yadımda deyil. Amma deyək ki, işləyib. Və mən ora gələndə ola bilsin ki, mühafizə xidmətinin əməkdaşı kimi o da orda olub. Lakin mən onu yaxından tanımıram və onun kənarda hansı işlərlə məşğul olması barədə məlumatım olmayıb”.
Dünyamin Xəlilov əlavə edib ki, Cahangir Hacıyev də həmin şəxsi yaxından tanımır: “Bir daha qeyd edirəm ki, həmin şəxs sadəcə mühafizəçi işləyib. Indi bizim yanımızda durubsa o demək deyil ki, biz onun yaxından tanıyırıq. Sizə göndərilən müraciətdə qeyd olunanlar yanlışdır”.

Informasiya şöbəsi