Amerikalı senator yenə Putinə “ilişdi”, Ukrayna və Belarusa yönəlik daha sərt tədbirlər təklif etdi
Rusiya hakimiyyətinə qarşı sərt mövqeyi və açıqlamaları ilə tanınan amerikalı senator Con Makkeyn növbəti dəfə Vladimir Putinə söz atıb. Senator Rusiyada “dəyişikliklər küləyi”nin əsdiyini və bunun Putinin hakimiyyəti illərinə təsadüf edəcəyini söyləyib: “Putin Rusiyada “dəyişikliklər küləyinin” əsdiyi bir vaxtda yenidən hakimiyyətə qayıdır. Rusiyadakı kimi, bütün dünyada 4 il ərzində çox şey dəyişib. “Ərəb baharı”nın başlanğıcından inanırdım ki, azadlıq və ədalət çağırışı “Ərəb baharı” ilə məhdudlaşmayacaq”.
Makkeyn bundan başqa ABŞ və Avropanı Ukrayna və Belarus hakimiyyətlərinə təzyiqləri azaltmamağa çağırıb: “Lukaşenkoya təzyiqləri azaltmaq vaxtı deyil. ABŞ və Avropa Birliyi ümumi cəbhəni möhkəmləndirməlidir və bütün siyasi məhbusların azad edilməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün birgə işləməlidir”. Amerikalı senator Belarusu “Avropanın sonuncu diktaturası” adlandırıb. O, Lukaşenkonun avtoritar rejiminə tətbiq edilən sanksiyaların prezidentliyə namizədlər Sannikov və Bondarenkonun azad olunmasına şərait yaratdığını deyib.
Eks baş nazir Yuliya Timoşenkonun həbsinə toxunan Makkeyn Qərb ölkələrini Ukraynaya təzyiqlərı artırmağa çağırıb: “Ukrayna müxalif liderlərini azadlığa buraxmayana, siyasi rəqiblərini dayandırmayana və azad seçkilər keçirməyənə qədər Avropa ilə sıx əməkdaşlıq edə bilməz”.
azadliq.info